ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?

  • 23 mart 2019, 14:57

Sabiq səhiyyə naziri Əli İnsanovun əfv edildiyi üçün ölkə başçısına minnətdarlıq borcu olduğunu söyləyənlər çoxdur. Nə qədər qəribə görünsə də, bir tərəfdən baxsaq, bəlkə də Ə.İnsanov kiməsə gerçəkdən də borcludur – ancaq əfvə yox, vaxtilə həbs edildiyinə görə…

Bir anlıq təsəvvür edək ki, 2005-ci ildə məlum hadisələr baş verməyib, o da nazir postunda qalaraq, əvvəlki tərzində jurnalistə "konkret rədd ol”, müxalifətə "genetik xəstə” deyə-deyə varlığını davam etdirib. Kim olacaqdı indi Əli İnsanov? Kim zəmanət verə bilər ki, onu həbs etməsələr indi Ziya Məmmədovdan urvatsız, yaxud Fazil Məmmədovdan hörmətsiz duruma düşməyəcəkdi? Cəmiyyətdə hansı yükün, nüfuzun sahibi olacaqdı?

Rusiyada bir zamanlar Viktor Tsoy adlı məşhur rok musiqiçisi vardı. 28 yaşında avtomobil qəzasında həlak olan və bu gün əfsanə sayılan Tsoy hakimiyyəti, sistemi tənqid edən əsərlər yaradırdı. Onun barəsində tənqidçilərdən biri demişdi ki, o, bəlkə də həmin qəzada ölməsəydi, hakimiyyət onu satın alacaqdı və o da bugünkü hörmətsiz, ikrah doğuran musiqiçilərdən birinə çevriləcəkdi. Yəni onu məhz ölümü qəhrəmana və əfsanəyə çevirdi. Əlbəttə ki, Ə.İnsanovu həmin musiqiçiyə bənzətsək, bizə gülərlər. Lakin sabiq nazir 14 illik məhkumluq həyatını belə ləyaqətlə yaşamasaydı, cəmiyyətin müəyyən kəsimində ona qarşı bugünkü simpatiya yaranacaqdımı?

Hansı müddətə qədər davam edəcəyini bilməsək də, Əli İnsanovun personası ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib, cəmiyyətin elə bir kəsimi yoxdur ki, onun ağzından çıxan hər sözü güdməsin. Biri ona "əsl kişi adam”, başqası "artıq süddən çıxmış qaşıq kimidir” deyir. Dediklərində də müəyyən həqiqət yükü var. Doğrudan da, sabiq nazir hakimiyyətin sındırmaq istəyib, sındıra bilmədiyi çox az sayda şəxslərdən biri, bəlkə də birincisidir. Ona görə bəlkə də Ə.İnsanov heç nazir olanda da özünü mənəvi cəhətdən bugünkü qədər komfortlu hiss etməyib…

Bu gün çoxdan böyük bir bazar şəklini almış cəmiyyətimizdə tələb və təklif qanunlarının hökm sürdüyü şəksizdir. Və istər ümumilikdə cəmiyyət, istərsə də siyasət, doğrudan da "kişi adam” deyilə biləcəyimiz şəxsiyyət qıtlığından əziyyət çəkir, belələrinə böyük tələbat var. Bu üzdən hazırda müxalifətdəki istənilən siyasi qüvvə Əli İnsanovu yanında görmək istərdi. Hakimiyyət isə onu qarşısında görmək istəmədiyini açıq biruzə verir…

Azərbaycanın "böyük həbsxana” olduğunu yalnız həbsdə olanda, yaxud azad edildikdən sonra görən Ə.İnsanovun həbsdən əvvəl "böyük Amerika dövləti”, yaxud "demokratik Qərb” dəyərləri barədə nəsə söylədiyini çətin ki, xatırlayan olsun. Demək onun bundan sonrakı davası, mübarizəsi, əgər olacaqsa da, şəxsi dava olacaq. Və bu şəxsi davanın xalqı "ağ günə çıxarmaq” missiyası ilə heç bir əlaqəsi yoxdur! Zatən onda bu potensialı görmək də olduqca çətindir.

Ümumiyyətlə, təəssüf ki, biz səbəbi qoyub, nəticə ilə savaşan və onu qismən də olsa aradan qaldıranda, bunu qələbə sayan, bayram edən toplumuq. Ə.İnsanovu vəzifəyə gətirib, böyük maddi imkan sahibinə çevirən, sonradan onu həbsə aparan və azad edən sistem, yəni ki, səbəblər qalıb bir kənarda, hamı nəticədən danışır. Bu gün sabiq nazirin bahalı paltosunu müzakirəyə çıxarıb, guya ki onu bu üsulla "vuranlarla”, onu "əsl kişi adamdır” deyib göylərə qaldıranların arasında heç bir təfəkkür fərqi yoxdur. Birincilər onu gözdən salmaq üçün ucuz və gülməli "tryuklara” əl atacaq qədər aciz və istedadsız, ikincilər isə onun nədən həbsdən əvvəl öz "kişi adam” xüsusiyyətlərini ən azından başçılıq etdiyi səhiyyə sisteminə tətbiq etmədiyini düşünməyəcək qədər unutqandırlar…

Görünən isə odur ki, böyük ehtimalla Ə.İnsanovun ətrafında baş verənlər bizim televiziya aparıcılarından birinin yanğın faciəsilə bağlı dediyi "bir külək idi, film idi baxdıq getdi” effektindən başqa bir şey olmayacaq. Ancaq bu külək hələ ki, əsir. Biz də ki, küləyi və "küləkləməyi” sevən millətik…

Cəlal MƏMMƏDOV

Oxşar xəbərlər