Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"

  • 21 mart 2019, 12:55

Prezidentin məlum ƏFV sərəncamı ilə azadlığına qovuşan sabiq müstəntiq Rüfət Səfərov atası ilə birlikdə təbrikləri qəbul edir, sosial şəbəkədə sərt mövqe sərgiləməkdə davam edirlər. Hazırda müayinə və müalicəyə cəlb olunan Rüfət Səfərovun daha aktiv siyasi fəaliyyətə qayıdacağı müəyyənləşir. Müdafiə Nazirliyinin sabiq sözcüsü, polkovnik Eldar Sabiroğlunun dünən oğlu barədə yazdığı status da gözləntiləri netləşdirir.

Polkovnik baş verənlərə gileylənərək bunları yazıb:

Sitat: "Rüfət həbsxanadan çıxandan sonra da əvvəlki tərzini təqib edir. Nəzarət altında saxlamağa yönəlik məqsədli addımların sabiq müstəntiqi düşüncə və qərarlarından dəyişdirməsi çətindir. Övladım olduğuna görə demirəm, Rüfət ruhən və qəlbən çox sakit təbiətli, insansevər, dedi-qodu söhbətlərdən kənar duran, ədaləti və qanunu bütün şəxsi istəklərin fövqündə görməyi arzulayan mübariz bir fikir adamıdır. Nə qədər cəhd etsəm də, mən bir ata kimi onu seçdiyi yoldan döndərə bilmədim. İndi başqa bir formatda edilən cəhdlərin ona hər hansı təsir göstərəcəyini düşünənləri sadəcə anlaya bilmirəm. Sabiq müstəntiq evdə jurnalistlərə verdiyi müsahibəsində siyasətdən kənar hüquqi fəaliyyətlə məşğul olacağı barədə mövqeyini ortaya aydın şəkildə qoydu və müəyyən müddət səhhəti ilə məşğul olacağını bildirdi. Bundan sonra əsası olmayan fikirlərin üzərində təkid edərək mənim və Rüfətin guya haralarasa bağlanmaq meylində olduğumuzu gündəmə daşımalarını tamamilə qərəzli yanaşma hesab edirəm. Sirr deyil ki, Rüfətin sifarişli həbsindən sonra müxalifət onu ardıcıl olaraq müdafiə etmişdir. Nə etməliydik, sinələrindən vurmalıydıq? Anamın hüzründə hökumətyönlü adamlardan adi birisi belə gözə dəymədi, ancaq tanınmış müxalifət liderləri gəlib başsağlığı verdilər. Təşəkkür edirəm onlara. Sual olunur, bu şansı kim verdi? Cavabını hakimiyyətdən eşitmək istərdim. Bəli, vaxtı ilə kəskin tənqid etdiyim müxalifət Rüfətin müdafiəsinə qalxdı, hakimiyyət isə söz və ifadə özgürlüyü nümayiş etdirdiyinə görə tutub basdı içəri. Ürəyi bununla soyumayan hakimiyyət Rüfəti CÇM-də qəddarcasına amansız işgəncələrə məruz qoydu. Bu barədə soruşan yoxdur. Azadlıqdan sonra başına gətirilənləri danışdıqca dəhşət məni bürüyür. Belə iş olmaz. Kim verib bu sifarişi? Vicdanı varmı beləsinin? Açıq deyirəm, Rüfətin həyatından çox nigaranam. Hər şey edə bilərlər. Həkim müayinəsindən sonra bu barədə daha dəqiq danışmaq imkanımız olacaq...."

Gecə saatlarında özünün facebook səhifəsində gələcək planları barədə fikirlərini bildirən R.Səfərov not edib ki, "Qələbə bizimlədir!!!" 

 Sitat: - "Əziz dostların yüksək diqqətinə çatdırıram ki, bir müddət sosial həyatda aktivliyim mümkün olmayacaqdır. Vaxt və enerjimi hakimiyyətin "ərməğan" etdiyi əsirlik həyatının anından illərinədək qələmə aldığım geniş mətnin əlavə və düzəlişinə sərf etməyi tərcih edirəm. Fikir edirəm ki, hazırda qarşımda duran bir saylı vəzifə budur. Yəqin dostlara söyləsəm ki, haliyədə məndən ötrü əsirlik həyatının, məruz qaldığım olmazın işgəncələrin, fiziki və mənəvi zorakılıqların, bir heyvana belə layiq olmayan münasibəti yaşadıqlarımın tezliklə ictimaiyyətin mühakiməsinə təqdim etməyi səhhətimdən belə vacib sayıram, inanarlar. Məndə belə bir inam var ki, əsrlik həyatının qeydlərini oxuduqdan sonra Azərbaycan xalqı gəncliyin nəinki sındığını, bütün mövcudiyyəti ilə ayaqda olduğuna şübhə etməyəcəkdir. Dua edirəm ki, bizi izləyən bütün ürəklər, xüsusilə qocaltdığım əziz Eldar Sabiroğlunun usanmış ürəyi həmin qeydləri sarsılmadan oxuyacaqdır. Çünki bizlərin sarsılmağa yox, vəhşətə qarşı durmadan savaş vermək haqqımız vardır. Qələbə bizimlədir!!!

Demokratik.Az


Oxşar xəbərlər