İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti

  • 20 mart 2019, 09:57

Paşinyan sülh qapılarını niyə bağlayır? "Rus NATO-su”na üzv dövlətlər müharibə variantında Ermənistanı müdafiə etməyəcək - səbəb...

Ermənistan rəsmilərinin son bəyanat və açıqlamaları Qarabağa dair sülh danışıqlarının aqibətini bir az da qaranlıq edir, nizamlama prosesini daha çıxılmaz dalana soxur. Düşmən ölkədə, o cümlədən onun siyasi və ekspert dairələrində xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı ətrafında yaradılan hay-küy belə qənaətə gəlməyə əsas verir ki, ermənilər Dağlıq Qarabağa öncədən bəlli olacaq yekun status almadan bir qarış torpaq belə qaytarmağa hazırlaşmırlar.

Düşmən tərəfin xəyal elədiyi status isə "müstəqillik”dir. Yəni Azərbaycandan ikinci saxta erməni dövlətinin varlığının tanınması istənilir və sülh anlaşması da yalnız o halda mümkün hesab edilir. Başqa sözlə, İrəvan belə bir ağır ön şərtlə nizamlama prosesini davam etdirməyi təsəvvür edir.

Təbii ki, rəsmi Bakı heç vaxt buna getməyəcək. Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat verib ki, sülh danışıqlarında ölkəmizin ərazi bütövlüyü alver mövzusu olmayacaq. Bu qətiyyətli mövqeyi sonuncu dəfə prezident İlham Əliyev ötən həftə VII Bakı Qlobal Forumunda etdiyi çıxışında bir daha eyforiyadan qurtula bilməyən erməni xalqına və onun başbilənlərinə çatdırdı. Konfliktin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini, sülh danışıqlarının işğal altındakı torpaqların azad olunmasına gətirməli olduğunu bəyan elədi.

Təəssüf ki, düşmən tərəfin anlamında böyük sülh anlaşması tam fərqli təsəvvür edilir və beynəlxalq hüquqla bir araya sığmır.    

*****

"Ermənistanın dediyi sülhlə beynəlxalq hüququn dediyi sülh arasında fərq var”. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu "Anadolu” agentliyinə müsahibəsində deyib. O, Azərbaycanın xoşməramlı olmasının göstəricisi kimi prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla üç dəfə görüşdüyünü söyləyib və vurğulayıb ki, Azərbaycanın səbrinin də sərhədi var. PA rəsmisi haqlı olaraq onu da qeyd edib ki, Ermənistanın indiki hakimiyyəti Sərkisyan-Köçəryan rejiminin səhvlərini təkrarlayır və danışıqlar prosesini bloklayacaq bəyanatlar verir. "Beynəlxalq ictimaiyyət bu məsələdə israrlı olmalı, Ermənistana qəti siyasi və diplomatik mesajlar verməlidir. İşğalın 25 ildən çox davam etməsi təcavüzkarı cəsarətləndirir, Ermənistanın işğalçı siyasətini gücləndirir”, - deyə o diqqətə çatdırıb.

H.Hacıyev məhz "Ermənistan xalqının sülhə hazırlanmasına ciddi ehtiyac olduğunu deyib. ”Ermənistan ona aid olmayan, işğal etdiyi torpaqlardan çıxmalı, Azərbaycan və başqa qonşu dövlətlərlə sülh şəraitində yaşamalıdır" - o bildirib və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq səylərin yetərsiz olduğunu söyləyib: "Artıq işğalçı və təcavüzkarı adı ilə çağırmağın zamanıdır”.

Məsələ də elə bunda - hərəni öz adı ilə çağırmadadır. Böyük və ədalətli sülhün əsas şərti məhz budur. Əfsus ki, vasitəçi dövlətlər buna tələsmir. Halbuki ortada BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Birliyinin (Avropa Parlamentinin), NATO-nun, 54 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və 110 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Ermənistanı işğalçı kimi tanıyan sənəd-qətnamələri var...

*****

Belə qeyri-müəyyən vəziyyətin, işğal rejimi və status-kvonun uzanması, təcavüzkarın öz adı ilə çağırılmaması, artıq vurğulandığı kimi, işğalçını bir az da cəsarətləndirir və getdikcə onu daha absurd tələblərlə çıxış etməyə sövq edir. Bir ovuc erməninin yaşadığı Dağlıq Qarabağı birbaşa danışıqlara qoşmaq tələbi, "Dağlıq Qarabağ xalqı” ifadəsini həyasızcasına siyasi leksikona soxmaq cəhdi bu qəbildəndir.

Yaranmış durumda hansısa konstruktiv danışıqlardan danışmağa dəymir. "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da bu qənaəti bölüşür. Politoloq hesab edir ki, erməni baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın mövqeyi daha da sərtləşib, İrəvan danışıqlardan qaçır.

"Paşinyan danışıqlarda haqsız tərəfdir. O, eləcə də bütün erməni xalqı qeyri-qanuni yolla Azərbaycan torpaqlarını işğal etdiklərini bilir. Buna görə də danışıqların irəliləməsi üçün güzəştə getmək zəruridir. Ancaq Paşinyan güzəştə gedə bilməz, çünki o, daxili narazılıqdan çəkinir. Qarabağ klanı bu gün passiv görünsə də onların əlində kifayət qədər imkan var. Paşinyan da bunu bilir və Qarabağ klanının pusquda olduğunu görür. Belə bir zamanda güzəşt Paşinyan iqtidarı üçün ən son seçimdir”, - deyə o bildirib.

Politoloq əmindir ki, Azərbaycan-Ermənistan müharibəsi başlayarsa, KTMT-yə ("Rus NATO-su”) üzv dövlətlər Ermənistanın müdafiəsinə qalxmayacaq: "KTMT elə bir siyasi institutdur ki, burada sistem işləmir. KTMT üzvləri arasında birlik yoxdur, üzv dövlətlər bir-birilərinə dəstək olmur. KTMT üzvü olan Belarus, Qazaxıstan kimi dövlətlər Azərbaycanla bir çox sahədə sıx əməkdaşlıq edir və bu məsələdə onun haqlı mövqeyini müdafiə edirlər. Ona görə də Qarabağ probleminin həllində KTMT-nin rolunun çox zəif olduğunu düşünürəm. Hətta Azərbaycan-Ermənistan müharibəsi baş tutsa, KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər. Çünki KTMT Ermənistanın ərazi bütövlüyünə cavabdehdir, Dağlıq Qarabağ isə Ermənistan ərazisi deyil”.

Ekspert Paşinyanın Qarabağ məsələsində mövqeyini kövrək edən daha bir məqama toxunub: "Paşinyan seçkidən öncəki kampaniyalarda erməni xalqına verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Ölkə iqtisadiyyatı pis vəziyyətdədir. Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. İranın da öz iqtisadi durumu günü-gündən pisləşir. Rusiyaya gəldikdə isə Ermənistan bu ölkədən həm iqtisadi, həm də hərbi cəhətdən asılıdır. Paşinyanın Avropadan gözlədiyi yardımlar da gəlmədi. Bütün bunların müqabilində Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həllində sülh üçün bütün qapıları bağlayır. Növbəti aylarda kiçik miqyaslı hərbi əməliyyatların başlanması artıq Ermənistanda daxili böhranın meydana gəlməsinə səbəb ola bilər. Belə hesab edirəm ki, Ermənistanda bu yay vəziyyət gərginləşə bilər”.

Siyasət şöbəsi

Oxşar xəbərlər