YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?

  • 18 mart 2019, 09:42

Parlamentdən kənardakı partiyaların maddi durumu necədir?

Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. MSK-dan verilən məlumata görə, martın 15-dək dövlət qeydiyyatından keçmiş 55 rəsmi siyasi partiyadan 19-u 2018-ci il üzrə hesabat verib. Bunlar Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası və Ədalət Partiyasıdır.

Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri, 7 milyon 429,9 min manat xərci olub.

Vətəndaş Həmrəyliyi Partiyasının gəliri 135,7 min manat, xərci 125,7 min manat; Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat, xərci 118,1 manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat, xərci 116,7 min manat; Sosial Demokrat Partiyasının gəliri 117,8 min manat, xərci 117,7 min manat; Milli Dirçəliş Hərəkatı Partiyasının gəliri 117,8 min manat, xərci 115,8 min manat göstərilir. Qeyd edək ki, bunlar parlamentdə təmsil olunan partiyalardır.

Ədalət Partiyasının hesabatına görə 2018-ci ildə qurumun ianə formasında 200 manat gəliri, bir o qədər də xərci olub.

Parlamentdə təmsil olunmayan digər adı çəkilən partiyaların hesabatlarında hər hansı gəlir-çıxar olmadığı bəyan edilib.

Onu da bildirək ki, parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda üzvlük haqqı da bu partiyaların maliyyələşməsində rol oynayır.

Parlamentdə təmsilçilik hüququ olmayan partiyaların isə gəliri ianələr və ya üzvlük haqlarından çıxır.

Bu partiyaların bir qisminin üzvlük haqqı yığması məsələsində vəziyyətlərinin necə olduğunu araşdırdıq.

VİP sədri Əli Əliyev bildirdi ki, vəziyyət ölkədə olan şəraitə adekvatdır: "İnsanların maddi durumu yaxşı olmadığından, üzvlük haqqı məsələsini önə çəkmirik. Könüllü şəkildə qəbul olunan üzvlük haqları partiyanın ehtiyaclarına yönəldilir”.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, partiyanın sonuncu qurultayında üzvlük haqqının ianələr formasında qəbul olunması haqqında qərar çıxarılıb: "Hazırda qurultayın qərarına əsasən, partiyanın maliyyələşdirilməsinin yol verilən forması üzvlük haqqı yox, ianə formasıdır. Son illərdə partiyanın fəaliyyəti üzvlərin ictimai əsaslarla tənzimləndiyi üçün ümumiyyətlə, partiya maliyyədən istifadə etmir”. 

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, AĞ Partiyada da digər müxalif partiyalarda olduğu kimi bu sahə ürəkaçan deyil: "Çünki partiya üzvləri də Azərbaycan vətəndaşlarıdır və onların da gəlirləri digər vətəndaşlarımız kimi zəifdir. Odur ki, üzvlük haqları məsələsi çox acınacaqlıdır. Əsasən, partiyanın üzvü olan az saylı kiçik sahibkarların və digər şəxsi dostların verdikləri ianələr hesabına fəaliyyətimizi tənzimləyirik. Bu ianələrin həcmi də o qədər kiçikdir ki, buna heç maliyyə də demək olmaz. Ancaq biz çalışırıq ki, minimum maliyyə ilə maksimum işlər görək. Digərlərini deyə bilmərəm, ancaq AĞ Partiyada minimum imkanlarla maksimum işlər görə biləcək kifayət qədər təcrübəli siyasətçilər var və mən bunu özümüzün uğurumuz hesab edirik. Ümumiyyətlə isə partiyaların maliyyə məsələsini dövlət öz üzərinə götürməli və bunu birdəfəlik həll etməlidir. Çünki siyasi partiyalar öz dövlətində fəaliyyətini davam etdirmək üçün maliyyə əldə edə bilməyəcəksə, xarici qüvvələrə burada oyunlar qurmağa münbit şərait yaranır”.

AMİP katibi Əli Orucov bildirdi ki, "Siyasi partiyalar haqqında” Qanuna görə siyasi partiyaların maliyyələşməsi həm də üzvlük haqlarında toplanan vəsaitlər hesabına olur, həm də ianələr hesabına. AMİP-in də Nizamnaməsində üzvlük haqları ilə bağlı müddəa öz əksini tapsa da, bu  məcburi deyil: "Əvvəllər üzvlük haqlarının toplanmasında ciddi problemlər olmurdu. Lakin son dövrlər insanların maddi və sosial-iqtisadi vəziyyəti ucbatından axsamalar var. Təəssüf ki, hətta  formal olaraq müəyyənləşdirilən aylıq üzvlük haqlarının ödənilməsinə imkan çatmır. Bu isə partiyanın fəaliyyətinə də yaxşı təsir göstərmir.  Azərbaycanda ümumiyyətlə, müxalifət partiyalarının və üzvlərinin maliyyə imkanları ili-ildən pisləşir”.

"Yeni Müsavat”

Oxşar xəbərlər