AXH-YƏ "QAYQANAQ QONAQLIĞI" -"İsgəndərin qoşunu" cənub rayonlarından geri təpdi

  • 03 mart 2019, 22:30

İsgəndər Həmidov və ətrafı Lənkəran və Masallı rayonlarının girişində "yumurta atəşi" ilə qarşılandı...

Generalın "siyasi maşın karvanı" sükanlarını yumurta sarısı ilə geri təpdi...

İsgəndər Həmidov və ətrafı Lənkəran və Masallı rayonlarının girişində "yumurta atəşi" ilə qarşılandı...
Generalın "siyasi maşın karvanı" sükanlarını yumurta sarısı ilə geri təpdi...

Bəzi siyasilər öz ideyaları ilə istirahət günlərini də Bakıdan kənarda daha "səmərəli", daha qalmaqallı keçirə bilirlər. Bazarın siyasi gündəmini yumurta sarısı ilə boyayan "İsgəndərin qoşunu" - İsgəndər Həmidov, Nemət Pənahlı, Mətləb Mütəllimov, Rəşid Nazim, Vasif Sadıqbəyli, Ağasif Şakiroğlu və digərləri kimi...
Eşidəndə ki, "AXH"-çilər cənub bölgəsində yumurta hücumuna məruz qalıb, çox da təəccüblənmədim. Əksinə, cənub bölgəsindən olan bir neçə ermənipərəst separatçının son günlər Azərbaycana qarşı fəallaşması, Fəxrəddin Abbasov adlı anti-Azərbaycanlının isə Rusiyada həbs edilməsi fonunda "AXH"-nin həmin bölgəni təbliğat nöqtəsi kimi seçməsi cəzbedici göründü. Ümidvaram ki, bu barədə bir az dərin düşünənlər məhz nə dediyimin fərqindədir. Siyasətdə zaman-məkan önəmi də var... 
Ümumiyyətlə, ölkə daxilində bu cür müxalif gedişlərə cəmiyyətin və dövlət qurumlarının sərt təpkisi qaçılmazdır, hətta buna özləri çeşidli və qaçılmaz zərurətlər də yaradır...
Hamımız bilirik ki, Azərbaycan Xalq Hərəkatı (AXH) adı altında yaradılan siyasi qurum ölkə üzrə şəbəkələrini genişləndirməyə, təşkilatlanmağa, çoxalmağa cəhdlər edir. Məqsəd siyasi "massa" toplamaq, rayonlarda təbliğat aparıb sadə insanları (mürəkkəblər zatən inanası deyil-O.N) öz qorxulu nağıllarına inandırmaq, Əliyev iqtidarına qarşı süni - sosial partlayış doğurmaq, sonda mövcud hakimiyyəti öz xeyirlərinə dəyişməkdir. Zənnimdə yanılsam xoş olar, amma yenə ifadə edirəm ki, "AXH"-nin bugünkü cənub səfərini təsadüf hesab etmirəm...
Azərbaycan qanunları müxalif partiyalara da bərabər sərbəst imkanlar, siyasi fəaliyyət və əqidə azadlığı vəd etsə də, bəzilərinin hüquq və azadlıqlardan sui-istifadəsi ölkə gündəmini düşüncə radikalizmi və sosial gərginliyə çağırışlarla məşğul edir. Əgər bir qrupun siyasi hərəkətləri bütün cəmiyyətin hiss və duyğularını, gündəlik həyat tərzindəki hüzurunu zorlayırsa, dağıdıcı ixtişaşları tətikləyirsə, bu yolverilməzdir. "AXH" məhz buna meyillənir...
Bəs, bu minvalla "AXH"-nin cəmiyyətdə uğur qazana biləcəyi ümumiyyətlə mümkündürmü?!..
Cavab verməzdən öncə, hesab edirəm ki, belə düşüncədə olanlar yəqin ki, siyasi qarabasmalardan da əziyyət çəkir.
Siyasət elmi deyir ki, ön proqnozlar əksər hallarda doğrulmaya da bilər, əgər baş verənlərlə niyyət, niyyətlə də nəticənin axını nəzərə alınmırsa nəzəri şərhlər tam əsassızdır...
Mən, bu suala hansı cavabı yazsam, "AXH"-nin qeyri-perspektivliyini söyləsəm görünən uğursuz nəticəni görməzlikdən gələnlər mütləq tapılacaq. Təəssüf, "AXH" ətrafında cərəyan edən bəzi xam arzular, xəyallar elə bu istiqamətdədir. Hər halda, danılmazdır ki, bu cür süni siyasi "ayaqlanma" adına baş verənlər müəyyən mənfi təsəvvürləri təməlindən var edir.
Bütün bəyanat və çıxışlarında sivil siyasi mübarizəni, əsasən də seçkilər yolu ilə dəyişikliyi tam inkara cəhd edən "AXH" başbilənləri sağlam siyasi düşərgədən daha çox, "qisasçı müxaliflər"in ambisioz yığıncağı kimi görünür. Elə başa düşməyin ki, "AXH"-nin iri partiyalarla - "AXC" və "Müsavat"la tarana girməsi təsadüfdür. Gizlədilməyə çalışılsa da, səbəblər nəzəri və praktiki mövcudluq içərisindədir. Bu siyasi platformada cəmləşən personaların kimliyi və irrasional məntiqləri də belə düşünməyə əsasdır. "AXH"-dən yararlı siyasi konfiqurasiya gözləmək tamamən yersizdir. 
Son hadisələr göstərir ki, əslində bir neçə maşın karvanı düzəldib rayonlara səfərlər, siyasi turlar təşkil etməklə ölkəyə fayda verməyin mümkünsüzlüyü sabiq nazirin -İsgəndər Həmidovun özünə də əla bəllidir. Amma, iqtidara qarşı sağlam rəqabət taktikası seçməyən sabiq nazir belə qıcıqverici total manevrlərlə öz varoluşunu gözə dürtməyə, qisasçılıq zəminində hər kəsə "xox" etməyə üstünlük verir.
Ümumiyyətlə, "AXH"-in siyasi addımları nə cəmiyyətdə, nə də siyasi atmosferdə birmənalı qarşılanmır, hətta xeyli ikrah hissi oyadıb. Bu gün Masallı və Lənkəranda İsgəndər Həmidovun maşın karvanlarına yağan yumurtalar öncəki olaylar qədər dərin mətləblərdən xəbər verir. Gülməli səslənəcək, əgər, cəmiyyət bunlara yumurta atırsa, deməli "AXH"-nin gələcək perspektivi xalqa yalnız "qayqanaq effekti" vəd edir. İtirən həm də xalq olacaq, çün ki, yumurta da kasıb büdcəsinə görə baha başa gəlir. Yumurtanı yağmalamaq üçün yox, yemək üçün istifadə daha faydalıdır axı...
Xalqın hərəkatı kimi şüurlara yeridilən zərərli siyasi platforma təsadüfi deyil ki, özündə çoxsaylı müxalif və passiv partiyaları da birləşdirir. Bu da İsgəndər Həmidovun mühüm yalanını ortaya çıxarır. Bu təşkilat heç də xalqın sifarişi ilə yaradılmayıb. Bu fərdlərin kəndi maraqlarında ümumiləşən bir "qisasçılıq" platformasıdır. 
Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti illərində Daxili İşlər naziri olmuş general İsgəndər Həmidovun və qocalmış bir neçə inciklərin təşəbbüsü ilə qurulan öləzi təşkilatdır. Bir neçə gənc siyasətçinin təmsilçiliyi isə zamanın təsadüfü qədər müvəqqətidir.
"AXH" böyük təqdim olunsa da, əslində normal bir partiya gücündə belə deyil. Olacağı da müşkül və mümkünsüz görünür. Çünki, ideyaları qisasçılıq üzərində, özü də 90-cı illərdə xalqa dönük çıxanların pafosu ilə ortaya çıxıb.
Daha çox partiya sədrləri səviyyəsində xalqın adından danışmağı vərdişə çevirən "AXH"çilərin etdiyi bir şey də var - iqtidar yetkililərinə söymək, "lənət" oxumaq. Bu "bacarıqları" da uğursuzdur, adekvat və ikibaşlıdır. 
Sabiq polis naziri və ətrafına xalqın xeyli hissəsi bu və ya digər səbəblər üzündən etirazlar edir. Bugünkü "yumurta hücumu"nu etiraf edək, olay həm də təbii alınıb. Rayonların girişində polisin vətəndaşlara "ATIN YUMURTALARI" göstərişini verməsi iddiası da sabiq polis generalının Elçibəyə verdiyi yalançı "raport"ları xatırladır. Hətta belədirsə, Masallı və Lənkəran rayonlarının timsalında "İsgəndərin qoşununa" yumurta atmaq adi vətəndaşlar üçün içdən gələn bir münasibətdir. 
Hadisədə lentə alınan həvəskar çəkilişlərlərə də münasibət bildirməliyik. Tərbiyyəsizcə, küçə söyüşləri ilə müşaiyyət olunan bəzi uşaq çəkilişləri ucuz, məqsədli şou düzənləmələrinin tərkibindən ayrıla bilmir.
Məncə, bu olayın mahiyyəti "AXH"-çilərin hələ ki, əldə etdikləri ən bahalı siyasi qazanclarıdır. "Qayqanaq" nəticə bu müxalif kəsim üçün hələ ki, pis deyil...
Amma, heyif "AXH"çilərə və maşınlarına atılan yüzlərcə yumurtaya ki, sakinlər özləri qayqanaq bişirib yeməyiblər, belə urvatsız qonaqlarına israf ediblər. Dəyməzdi, nəticəyə də, maşınların şüşəsində bişən sarı qayqanağa da...
Beləcə, bir bazar günü "AXH"-nin fəaliyyəti ölkə gündəminə öz "yumurtalı köpməcə"sini gətirə bildi...
İsgəndər Həmidova "AXH" adı altında yürütdüyü "cırtdan siyasəti"nə daha şanlı dev qayqanağı arzusu ilə...

Osman Nərimanoğlu

 

Oxşar xəbərlər