Müxalifət yazda ard-arda mitinqlər keçirmək istəyir

  • 27 fev 2019, 11:26

Milli Şura martın 2-nə, Müsavat martın 10-na, AXH aprelə hazırlaşır

Fevralın 25-də Müsavat Partiyası Divanının iclasında mitinq məsələsi müzakirəyə çıxarılıb. 10 mart saat 15.00-da "Siyasi məhbuslara azadlıq!”, "Sərbəst toplaşma azadlığı təmin edilsin!”, "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” və digər tələblərlə S.S.Axundov küçəsindən başlamaqla, "Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək barədə qərar qəbul edilib.

Milli Şura isə martın 2-də mitinq keçirməyə hazırlaşır. Mitinqə Yasamal rayonu "İnşaatçılar” metro stansiyası yaxınlığındakı "Məhsul” stadionunda şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Mitinqin "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” tələbi ilə keçiriləcəyi bəyan edilib.

20-dən yuxarı partiyanın təsis etdiyi Azərbaycan Xalq Hərəkatı isə "Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirəcək. Bu barədə "Yeni Müsavat”a açıqlamasında Azərbaycan Xalq Hərəkatının  İdarə Heyətinin üzvü İsgəndər Həmidov məlumat verib: "Mitinq keçirmək bizim hər zaman gündəmimizdədir. Ancaq Azərbaycan Xalq Hərəkatının Məclisi formalaşdırılacaq və mitinqlə bağlı rəsmi qərar orada qəbul olunacaq. Yəqin ki, aprelin sonlarında mitinq keçiriləcək. Yəni planımızda mitinq keçirmək var”./"Yeni Müsavat”/

Oxşar xəbərlər