Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır

  • 22 fev 2019, 09:27

Tanınmış siyasət adamları Rüstəm İbrahimbəyovun yubileyi haqda danışdılar

Kinodramaturq Rüstəm İbrahimbəyovun uzun fasilədən sonra Azərbaycana qayıtması və Bakıda Kinematoqrafçılar İttifaqının üzvləri, həmçinin bir neçə yazıçının iştirakı ilə 80 illik yubileyini qeyd etməsi bir neçə gündür onu diqqət mərkəzinə gətirib. Xüsusən R.İbrahimbəyovun yubiley ziyafətini dar çərçivədə keçirməsi və siyasi xadimlərdən heç kimi dəvət etməməsi maraqla qarşılanıb. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Rüstəm İbrahimbəyov onu yubiley məclisinə dəvət etsəydi iştirak edəsi deyildi. 

VHP sədri, xalq yazıçısı Sabir Rüstəmxanlı isə "Yeni Müsavat”a bildirdi ki, Rüstəm İbrahimbəyovun vətənə gəlişinə və yubileyini burada keçirməsinə sevinib: "Gəlib özünün 80 illiyini burada keçirməsi və buna şərait yaradılması sevindiricidir. Rüstəm İbrahimbəyov Azərbaycan mədəniyyətini həm ölkəmizdə, həm də dünya miqyasında təmsil eləyən çox istedadlı adamdır. Onun bütün siyasi görüşlərinə baxmayaraq, Azərbaycandan kənarda qalması, incidilməsi, inciməsi xoşagələn deyildi. Rüstəm bəyin burada bir torpaq mübahisəsi olmuşdu, orada kino mərkəzi yaratmaq istəyirdi. Ona bu iş üçün şərait yaradılsaydı, Azərbaycan mədəniyyətinin xeyrinə idi. Narazılıq sonra çevrildi siyasi mübarizələrə, buna da ehtiyac yox idi.

Məncə, Rüstəm İbrahimbəyovun Mədəniyyət Nazirliyi səviyyəsində böyük yubileyini də keçirə bilərdilər və yazıçılar da orada iştirak edərdilər. Amma Rüstəm bəy öz yaxın çevrəsi ilə məhdud bir çevrədə yubileyini keçiribsə, bu da onun haqqıdır. Bizim Rüstəmlə yaxınlığımız o səviyyədə deyil ki, məhdud çevrəli məclisinə də bizi dəvət eləsin. Mən onun qardaşı Maqsud İbrahimbəyovla daha çox yaxın idim. Rüstəmlə o dərəcədə yaxınlığım yoxdur ki, onun məhdud çevrədə keçirilən məclisində mən iştirak edim".

AXP sədri Pənah Hüseyn bildirdi ki, Rüstəm İbrahimbəyov dəvət edərdisə, yubileyinə qatılardı: "Rüstəm İbrahimbəyovun 80 illik yubiley ziyafəti, belə demək mümkünsə, Kinematoqrafçılar İttifaqı üzvlərinin, kino xadimlərinin məclisi kimi nəzərdə tutulub. Mən də kino xadimi və kinematoqrafçı deyiləm. Amma istənilən halda, Rüstəm İbrahimbəyov məni dəvət edərdisə və edərsə, mən iştirak edərəm. Onun vətənə qayıdışına gəldikdə, Azərbaycana gəlişinə nə zamansa rəsmi hüquqi qaydada qadağa qoyulduğu barədə heç bir məlumatım yoxdur. Amma qeyri-rəsmi şəkildə onun gələrsə, həbs olunacağı barədə informasiyalar yayılmışdı. Dünya şöhrətli mədəniyyət xadiminin vətəninə gəlməsinə qeyri-rəsmi də olsa qadağa qoyulması yaxşı hal deyildi. İndi bu hal aradan qaldırılıbsa, hər halda, yaxşı olub. Hər bir azərbaycanlının haqqıdır öz vətəninə gəlsin”.    

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığını hər addımında sübuta yetirir: "Mən Rüstəm İbrahimbəyovu siyasətçi kimi tanımıram və hətta o, Milli Şuraya sədr gələrkən də mən onun siyasətçi olmadığını bəyan etmişdim. Hələ o vaxt demişdim ki, belə bir adamın Milli Şuraya sədr seçilməsi yanlışdır. Milli Şuranın da o zaman Rusiyanın layihəsi olduğunu demişəm. Qısa müddət sonra mənim dediklərimin haqlı olduğu təsdiqlənib. Rüstəm İbrahimbəyov siyasətçi deyil, amma miqyaslı mədəniyyət xadimidir, dünyada tanınmış mədəniyyət xadimlərindən biridir. Böyük filosoflardan biri deyib ki,  ziyalıların siyasətdə iştirakı təlxək rolundan ibarətdir. Mən bu fikrin haqlı olduğunu düşünürəm. Mədəniyyət xadimləri, ziyalılar əgər əvvəldən tam olaraq siyasətdə olmayıblarsa, siyasi baxımdan yetkinləşməyiblərsə, nə qədər böyük ziyalı olsa da siyasətçi ola bilməyəcək. Siyasətdən başı çıxmayan ziyalı siyasətə qoşulanda primitiv davranışlar nümayiş etdirirlər və özlərini gülüş hədəfinə çıxarırlar. Rüstəm İbrahimbəyovun prezidentliyə iddiası ortaya çıxanda o bəyan edirdi ki, mənim Azərbaycanda torpağımı əlimdən almasaydılar mən heç müxalifətçi olmazdım. Heç bir siyasətçi hətta şəxsi maraqlarına görə siyasətə gəlsəydi belə, fikrini bu cür ifadə etməzdi. Yaxud da Rüstəm İbrahimbəyov gedirdi Fransaya, ondan soruşurdular ki, qayıdacaqsan Azərbaycana? O isə deyirdi ki, ”dəliyəm qayıdam". Oradan isə Moskvaya gəlirdi və orada deyirdi ki, "məni öldürsələr də Azərbaycana qayıdacağam”. Əslinə baxsan, Rüstəm İbrahimbəyov siyasətdə Yusif Sərrac rolunda çıxış elədi. Amma Rüstəm müəllim Azərbaycan kino mədəniyyətinin dünyada təmsil olunmasında çox böyük xidmətləri olan mədəniyyət xadimidir. Buna görə ona minnətdar olmaq lazımdır. Rüstəm İbrahimbəyov bir mədəniyyət xadimi olaraq yubileyinə məni dəvət etsəydi, mən məmnuniyyətlə gedib iştirak edərdim. Çünki dünya şöhrətli mədəniyyət xadimidir. Hakimiyyətə yaxın şəxslərin də Rüstəm İbrahimbəyovun ziyafətində iştirak etməsi göstərdi ki, hakimiyyətin onun bura qayıdışına və mədəniyyət xadimi kimi fəaliyyət göstərməsinə razılığı var. Yubiley ziyafətinə fəxri sədri olduğu Milli Şuradan bir nəfəri də olsun dəvət etməməsi isə onun Milli Şuraya arxa çevirməsidir. Bu hadisə Rüstəm müəllimlə Milli Şura üzvləri arasında "məhəbbətin” nə qədər səmimi olduğunu göstərdi".

"Yeni Müsavat”

Oxşar xəbərlər