Qarabağ mitinqinə icazə verilmədi - Sonrası

  • 13 fev 2019, 08:35

Qarabağ Komitəsinin (QK) 16 fevralda keçirməyi planlaşdırdığı "Qarabağa azadlıq!” mitinqinə icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətini fevralın 12-də cavablandırıb. BŞİH təşkilatçılara göndərdiyi məktubda aksiyanın "məqsədəuyğun hesab edilmədiyini” bildirib.

Komitənin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı qərardan təəssüfləndiklərini dedi:"Fevralın 13-də Qarabağ komitəsinin İdarə Heyətinin və Komitənin ümumi yığıncağı keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin bu növbəti qanunsuz cavabından sonra hansı addımların atılacağı və taktika müəyyənləşdiriləcək. Hətta bəlkə də razılaşdırılmamış aksiyaların keçirilməsi barədə qərar verilə bilər. Ancaq bu addımlar ümumi yığıncağın verəcəyi qərardan asılı olacaq.


Qərarın necə olmasından asılı olmayaraq hər birimiz buna tabe olacağıq. Hakimiyyətə səslənərək bildirmək istəyirəm ki, mane törətdikləri bu mitinqlər onların danışıqlar masası arxasındakı mövqelərini möhkəmləndirəcək. Komitə adından onu da vurğulamaq istəyirəm ki, biz Qarabağ mövzusunda bu gün olduğu kimi hər zaman Azərbaycan maraqlarının əleyhinə ola biləcək istənilən qərar və razılaşmaların qarşısında olacağıq. Xalqın bu istiqamətdəki fəaliyyətini koordinasiya edərək hakimiyyətin bu iradə ilə hesablaşmasını təmin edəcəyik”.

QK-nın dönəm sədri, Ümid Partiyasının sədr müavini Taleh Əliyev atacaqları addımlardan danışdı: "Bildiyiniz kimi, hər həftənin 3-cü günü Qarabağ Komitəsinin həm İdarə Heyətinin iclası, həm də ümumi yığıncağı keçirilir. Biz hər iki toplantıda bu məsələni müzakirə edəcəyik və müvafiq qərar qəbul olunacaq. Əslində bu mitinqə icazənin verilməməsi Qarabağ mövzusunda cəmiyyəti radikal hərəkətlərə təhrik etməkdir. Məncə, siyasi hakimiyyət bunun da fərqində olmalıdır. Qarabağ Komitəsinin mitinq müraciətinə verilən bu absurd cavabı başqa cür izah etmək o qədər də məntiqli görünmür. Bu yanaşma heç xalqları sülhə hazırlama prosesinin də tərkib hissəsi deyil”.

Qeyd edək ki, QK-nın artıq üçüncü dəfədir ki, mitinq müraciətlərinə mənfi cavab verilib. Ötən il sentyabrın 29-da komitə mitinq keçirməyə nail olsa da, ondan sonra 24 noyabr və 15 dekabrda mitinq icazəsi üçün etdiyi müraciətlərə BŞİH rədd cavabı verib.

Oxşar xəbərlər