Mühacir jurnalist Müsavat başqanından istefa tələb edir - SENSASİON İDDİALAR

  • 09 fev 2019, 13:08

Laçın Məmişov Almaniyada yaşayan Mehdi Xəlilbəyli haqda şok faktlar yaydı, onu insan alverində, saxta sənəd satmaqda ittiham etdi

İsveçrədə yaşayan mühacir jurnalist Laçın Məmişov özünün facebook hesabında sensasion sayıla biləcək status paylaşıb. O, həmin yazıda Almaniyada yaşayan mühacir müsavatçı Mehdi Xəlilbəylinin ünvanına şok ittihamlar səsləndirib.

L.Məmişov müsavatçı mühacirin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla biznes ortağı olduğunu iddia edir. Jurnalist M.Xəlilbəylinin Almaniyanın Köln şəhərində 25,000,00 avro nizamnamə kapitalı  ilə "Sirab Europe GmbH” adında şirkət açdığını bildirib. L.Məmişov "Sirab Europe GmbH” şirkəti ilə bağlı ittihamlarını gücləndirən sənədlər də paylaşıb. Bu sənədlərdən görünür ki, M.Xəlilbəyli şirkətin təsisçisi və rəhbəridir. L.Məmişov müsavatçı mühacirin başqa qanunsuz fəaliyyətlə məşğul olduğunu da söyləyir. İddia edir ki, M.Xəlilbəylinin fəaliyyətinə saxta partiya biletlərinin, arayışların, məhkəmə qərarlarının, qəzetlərdə saxta "təqib olunan siyasi fəallar” haqqında məqalələrin yerləşdirilməsi, Almaniya hökumətinə təqdim olunmaq üçün bir nüsxəlik saxta qəzetlər, vizalar hazırlanması, qanunsuz miqrasiya, insan alveri və şantaj məsələləri də daxildir.

 

 

Laçın Məmişov

L.Məmişov səsləndirdiyi şok faktlarla bağlı Almaniyanın Azərbaycandakı səfirliyinin, eyni zamanda, alman hökumətinin facebook səhifəsini də tağ edib.

L.Məmişov onu da iddia edir ki, M.Xəlilbəyli Almaniyada yaşayan bir həmvətənlimizin üzərinə bir neçə nəfərlə hücum təşkil edib, ağır xəsarətlər yetirib və onu şantaj edib. Bundan əlavə, yazı müəllifi müsavatçı mühacirin olduğu ölkədə partiyasının adı, sənədləri ilə insan alveri ilə məşğul olduğunu, Azərbaycanda heç bir siyasi fəaliyyəti olmayan, amma kriminal işlərlə məşğul olan cinayətkarların yerləşdirilməsini təşkil etdiyini, Avropada əsl siyasi mühacirlərə qarşı banda, kriminal qruplaşma formalaşdırdığını bildirir. Etik qaydalara görə bəzi məsələləri açıqlamadığını deyən L.Məmişov aidiyyatı qurumlara zərurət yaranarsa, hər şeyi çılpaqlığı ilə təqdim edə biləcəyini vurğulayır.

Yazıda ən çox diqqət çəkən hissələrdən biri də budur ki, Mehdi Xəlilbəyli 2014-cü ildə təsis etdiyi "Sirab Europa” şirkətinin təsisçisi və eyni zamanda V.Talıbovun biznes ortağıdır. Məmişovun iddiasına görə, Avropadan Azərbaycana, eyni zamanda Azərbaycandan Avropaya export və impert işləri ilə məşğul olan bu şirkətin bütün yük maşınları heç bir maneə görmədən Azərbaycandan keçib gedir. "Əgər bu adam doğurdan da siyasi mühacir və müsavatçıdırsa, o zaman Talıbovlar ailəsi ilə hansı biznesi ola bilər. Yox, əgər əksidirsə, o zaman bu adam Müsavat Partiyasında nə gəzir?” - deyə sualı edir.

Mehdi Xəlilbəyli

L.Məmişov "Sirab Europa GmhB”-nın yük daşımaları həyata keçirtdiyi ölkələrin adlarının yer aldığı screen də paylaşıb. Eyni zamanda, o, Müsavatın Avropa Koordinasiya Mərkəzinin Almaniyadakı təsis konfransında iştirak edərkən M.Xəlilbəylinin ona təqdim etdiyi vizit kartını da yazısının içərisində qeyd edib. Həmin vizit kartının üzərində M.Xəlilbəylinin "Sirab Europa GmhB”-nın təsisçisi olduğu göstərilir.

Jurnalist bildirir ki, bu adam siyasi mühacir, Müsavat Partiyasının üzvü və Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərliyində təmsil oluna-oluna, belə rahat, açıq-aşkar şəkildə "Sirab” şirkəti ilə əməkdaşlığını gizlətmir, əksinə, fəxrlə yeni tanış olduğu insanlara öz vizit kartını təqdim edir. L.Məmişov izi itirmək üçün M.Xəlilbəylinin www.sirab.eu ttp://www.sirab.eu saytını bağladığını vurğulayır.

Mühacir Müsavat Partiyasını təcili tədbirlər görməyə çağırır. O, M.Xəlilbəylinin Müsavat AKM-dən, eyni zamanda, partiya üzvlüyündən kənarlaşdırılmasını və bu haqda Müsavat Partiyasının rəsmi məlumat yaymasını tələb edir.

Yazıda adı keçən Mehdi Xəlilbəylinin mövqeyini öyrənmək üçün onun facebook inboksuna mesaj yazdıq. Gün ərzində o, mesajı oxumadı. İstənilən halda, həm M.Xəlilbəylinin, həm də "Sirab” şirkətinin mövqeyini dərc etməyə hazırıq.

"Yeni Müsavat”

Oxşar xəbərlər