General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?

  • 16 yan 2019, 08:55

Sərdar Cəlaloğlu: "Müxalifətdə ruspərəst ”5-ci kolon"un maraqlarına xidmət edənlər var"; Həmid Herisçi: "Azərbaycanda heç bir ölkənin "5-ci kolon”u yoxdur, sadəcə...”

İlk dəfə "5-ci kolon” 1930-cu illərdə İspaniyada yaranıb. Vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupu belə adlanırdı.  O vaxt Frankonun generallarından Emilo Mela paytaxt Madridə doğru yürüş zamanı demişdi ki, "biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq”.

Bu ifadənin praktik mənası "5-ci kolon”un vəzifəsinin həm agent fəaliyyəti ilə məşğul olmaq, həm təxribatlar yaratmaq deməkdir.

Sonradan - ikinci cahan savaşı illərində alman faşistləri də müxtəlif ölkələrdə casusluq və təxribatlarla məşğul olan oxşar qruplar yaratmışdılar. Belə nasist qrupları da məhz "5-ci kolon” adlanırdı.

Son illərdə Azərbaycan siyasi kluarlarında da bu ifadə tez-tez istifadə olunur. Hakimiyyət rəsmilərinin çıxışlarında vaxtaşırı Qərbin ölkəmizdə "5-ci kolon”u olduğu və Azərbaycana qarşı içəridən dağıdıcı fəaliyyət göstərdikləri söylənir. Lakin bunun əksini deyənlər də var. Hətta bəzi deputatlar "5-ci kolon” deyərkən Kremlə eyham vururlar.

Kəsəsi, iqtidar mənsubları "5-ci kolon”un Qərbə xidmət etdiyini söyləyir, başqaları isə bu ifadəni ruspərəstlərə şamil edir.

Bu günlərdə deputat Qüdrət Həsənquliyev "5-ci kolon” haqda danışarkən deyib ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var və Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyib ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan blogger Mehman Hüseynovla görüşməsi məhz "beşinci kolon” nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirdi ki, "5-ci kolon” cəmiyyət və dövlətlə bağlılığı olmayan, yad qüvvələrə işləyən, onların maraqlarına xidmət edənlərə deyilir:  "Azərbaycanı inkişafdan saxlayan və Rusiyanın maraqlarını burada yerinə yetirən həmin ”5-ci kolon"dur. Onlar müəyyən postlarda vəzifələr tutublar". S.Cəlaloğlu hesab edir ki, Azərbaycanda iranpərəst, qərbpərəst, ruspərəst qüvvələr var: "Lakin ruspərəstlərdən başqa digərləri hələ kolon şəklində formalaşmayıblar. Faktiki olaraq Azərbaycanda Rusiyanın imperiya maraqlarının təmini həyata keçirilir. Hətta müxalifətdə də ruspərəst, ”5-ci kolon"un maraqlarına uyğun hərəkət edənlər var. Onlardan ənənəvi müxalif qüvvələr arasında da var".

Yazıçı-konspiroloq Həmid Herisçi isə dedi ki, "5-ci kolon” mücərrəd sözdür, yozmalara, konspiroloqlara danışmağa rəvac verir: "Alış-veriş mövzusudur, dəqiq ölçüsü yoxdur, tarix boyu bu sözdən istifadə ediblər.

Əslində "5-ci kolon”dan daha çox, bu ifadənin özü maraqlara xidmət edir. Məsələn, mən inanmıram ki, Frankonun "5-ci kolon”u olub. Sadəcə, respublikaçılar düşərgəsində çaxnaşma yaradıblar.

Bunu Heminqueyin "Əcəl zəngi” romanında görə bilərsiniz. İspaniyada respublikaçılar saf idilər. O qarşıdurmada hamı öz yerini tapmışdı. Ola bilsin ki, casuslar olub. Amma Frankonun "5-ci kolon”u olmayıb".

H.Herisçinin fikrincə, siyasi qurumlar politexnoloji əsası olmayan bu ifadədən çox yaxşı istifadə edirlər: "Azərbaycanda heç bir ölkənin ”5-ci kolon"u yoxdur, olsaydı, hüquq-mühafizə orqanları öhdəsindən gələrdi.

Sadəcə, bu söz siyasi spekulyasiya vaxtı gündəmə gəlir. Qərbpərəstlər bir cür, ruspərəstlər bir cür, fundamentalistlər başqa cür kolon sözündən istifadə edirlər. Məqsəd bir-birini çürütməkdir, casus, əcinnə ovuna çıxmaqdır.  Ona görə də ünvansız sözdür. Bu ifadəni ortaya atırsan, konspiroloji at gedişi edirsən. Düşmənin arxa cəbhəsinə keçib çaxnaşma yaratmaq üçün "5-ci kolon” ifadəsi işlədilir. Şahmatçılar bunu yaxşı bilirlər. Çünki şahmatda belə gediş var". 

Emil SALAMOĞLU,
"Yeni Müsavat”

Oxşar xəbərlər