Mehman Hüseynovun "aclığı " böyüyür - Vaşinqtondan Azərbaycanlı məmurlara qarşı sanksiya ÇAĞIRIŞLARI VƏ

  • 11 yan 2019, 16:16

Demokratik.Az-ın məlumatına görə, son günlərin ən aktual müzakirə mövzusu hazırda həbsdə olan bloger Mehman Hüseynovun adı ətrafındadır. Bəzi mənbələr Mehmanın bir müddət öncə barəsində açılmış yeni cinayət işinə etiraz olaraq başlatdığı aclıq aksiyasını dayandırdığını, müxalif düşərgə və Mehmanın yaxınları isə bu aksiyanı davam etdirildiyini tirajlamaqdadır. "Mehmana dəstək" təbliğatı artıq daha geniş siyasi xarakter alıb, Azərbaycana qarşı səslər ABŞ-dan da eşidilir.

Ötən gün ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycanı həbsdə olan bloger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

"Söhbət hökumətin tənqidçilərini susdurmaqdan gedəndə Azərbaycan hakimiyyəti sərhəd tanımır”, deyə yanvarın 10-da Vaşinqtonda PEN America klubuna rəhbərlik edən Tomas Melia bildirib.

Tədbirdə çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin keçmiş müavini Tomas Melia deyib ki, azad edilməsinə bir neçə həftə qalmış blogerə qarşı yeni ittihamlar "Azərbaycan hakimiyyətinin tənqidi jurnalistikaya görə onu cəzalandırmaq məqsədilə atdığı amansız addımdır”.

"Hüseynovun məhkəmə təqibinin güclənməsi Azərbaycanda narazı səslərin susdurulmasına yönəlmiş qeyri-insani addımdır”, deyə o qeyd edib.

Blogerin qardaşı Emin Hüseynov deyib ki, ötən cümədən etibarən qardaşı ilə əlaqəsi yoxdur. "Mehmanla, o cümlədən onun vəkilləri ilə bütün əlaqələr ciddi şəkildə məhdudlaşdırılıb”, deyə Emin Hüseynov bildirib.

Hakimiyyət Mehmanın aclığı dayandırması üçün onun ailəsinə də təzyiq göstərməyə başlayıb.

"Dünya Azərbaycanın Mehmana necə münasibət göstərdiyinə diqqət yetirməlidir”, deyə jurnalist və Amnesty İnternational ABŞ-da Azərbaycan üzrə mütəxəssis Aleks Raufoğlu əlavə edib.

"Azərbaycanda həqiqət tərəfdarlarının təqibi sistemi yaradılıb”, deyə o əlavə edib.

Amnesty İnternational-dan Daniel balson əlavə edib ki, Azərbaycan "insanları dinc şəkildə fikirlərini bildirdiklərinə görə həbsə atdığı halda ciddi tərəfdaş roluna iddia edə bilməz”.

Amnesty israrla Azərbaycan hökumətini Hüseynova qarşı yeni saxta ittihamların aradan qaldırılmasını və onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını təmin etmək üçün bütün zəruri addımları atmağa çağırır. Belə ki, o, müstəsna olaraq fikri ifadə etmək azadlığı hüququnu dinc şəkildə həyata keçirdiyinə görə saxlanılıb.

Jurnalist Sevinc Osmanqızı Hüseynovun işinin beynəlxalq səviyyədə güclü reaksiya doğurduğuna diqqət çəkib. O, aclıq elan etdikdən sonra bir qrup gənc fəal Bakıda blogerə dəstək üçün bir neçə icazəsiz yürüş təşkil edib. Müxalif Müsavat Partiyasının bir neçə üzvə və digər fəallar Hüseynova dəstək üçün aclıq aksiyasına qoşulub.

Tədbir iştirakçıları ABŞ hökumətini Mehman Müseynovun müdafiəsində daha sərt mövqe tutaraq, onun işi ilə əlaqəsi olan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmağa çağırıblar. (turan.az) 

Bundan başqa, ötən günlərdə həbsxanada blogeri ziyarət edən hüquq müdafiəçiləri Mehman Hüseynovun aclıq aksiyasının ötən ildə qaldığını, özünü yaxşı hiss etdiyini bildiriblər. Onunla görüş barədə danışan hüquq müdafiəçisi Rauf Zeyni "Yeni Müsavat”a açıqlamasında bildirib ki,  M.Hüseynovun qaldığı kameraya baş çəkiblər:"Biz ora gedəndə Mehman özü kamerada yox idi. Dedilər ki, Qırmızı Xaç Komitəsindən nümayəndələr gəlib və Mehman onlarla görüşür. Biz də həmin vaxt istintaqda olan iki nəfərlə söhbət etdik. Mehmanla dəhlizdə qarşılaşdıq. Söhbət etmək ehtiyacı olduğunu dedik. O da ”Böyük məmnuniyyətlə sizinlə görüşərəm" dedi. Onunla bir saatdan çox söhbətimiz oldu. Hüquq müdafiəçiləri və biz görüşdük. Telefonlarımız alındı. Ondan soruşduq ki, şəkil çəkdirib paylaşmağımıza problem yoxdur? Dedi ki, problem yoxdur. Mehman dedi ki, aclıq aksiyasını dekabr ayının 26-28-də keçirib. Ondan sonra aclığı dayandırıb və süd, süd məhsulları qəbul etməyə başlayıb. Ondan sonra yayılan məlumatların hamısı dəqiqləşdirilməmiş məlumatlardır. Halbuki yenə də mətbuatda  məlumat yayılmışdı ki, hələ də Mehman aclığı dayandırmayıb.  Ona görə də mətbuat vasitəsilə çatdırmaq istəyirik ki, Mehmanla bağlı problem ötən ildə qalıb".

R.Zeyni deyib ki, M.Hüseynovun narahatlığı və narazılığı ona qarşı irəli sürülən ittihamla bağlıdır. Zeyninin sözlərinə görə, blogger "Mənim yalnız hüquqlarım qorunsun” deyib. Komitə üzvləri dövlət başçısına M.Hüseynovla bağlı müraciət ediblər. Ümid edilir ki, müraciətə müsbət cavab veriləcək və M.Hüseynov cəza müddəti bitəndən sonra azadlığına qovuşacaq.

Beləliklə, mövzuya bir-birilə ziddiyyətli məqamlar daşıyan açıqlamalar verilir. Bu paradoksal xəbərlər isə, siyasi arena üçün normal qarşılansa da, cəmiyyət arasında çaşqınlıq yaradır, daha çox bir şəxsin üzərində oynanılan siyasi manipulyasiya təsiri bağışlayır. 

Demokratik.Az

Oxşar xəbərlər