Parlamentdə İlham Rəhimovla bağlı sərt çıxış: “PROFESSORDUR – NƏDİR.."

  • 03 yan 2019, 09:12

"Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar… O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

ilham rehimov"Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub… O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin” – deyə, deputat əlavə edib.

Strateq.az bildirir ki, Siyavuş Novruzov ad çəkməsə də, onun çıxışında Azərbaycanda daha çox "Putinin dostu” kimi populyar olan iş adamı və hüquqşünas, professor İlham Rəhimovu nəzərdə tutduğuna şübhə yoxdur.

Xatırladaq ki, bugünlərdə İlham Rəhimov "Yeni Müsavat” qəzetinə geniş müsahibə verərək, Rusiya-Azərbaycan münasibətlərindəki problemlərdən də danışıb və deyib: "…Mən ÜAK-ın yaradılması prosesində çox fəal iştirak etmişəm. ÜAK-ın işinə Azərbaycanın doğru olmayan yanaşmasının, Bakıdan səslənən ehtiyatsız ifadələrin ciddi ziyan vurduğunun şahidiyəm. Yadınıza gəlirsə, qurumun məsələsi Rusiya Ali Məhkəməsində müzakirə edilərkən Milli Məclisdə çıxış edən bir neçə deputat Rusiya rəhbərliyini Azərbaycanın diaspor fəaliyyətinə mane olmaqda açıq ittiham etmişdi. Biz bundan sonra Rusiyadan nə gözləyə bilərdik? Bu məsələ ilə ÜAK-la bağlı gərginlik yarananda da məşğul olmuşam. Özü də şəxsi təşəbbüsümlə yox, prezident İlham Əliyevin tapşırığı ilə. Bizim təmaslarımız zamanı mənə aydın oldu ki, ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir. Mən prezidentin maraqlandığı bütün məqamlar haqqında geniş informasiya toplayıb ona məruzə etdim. Bildirdim ki, Milli Məclisdə söylənildiyi kimi, məsuliyyət yalnız Rusiyanın üzərində deyil. Əsas məsuliyyət Azərbaycanda vəzifə gərəyi diaspor qurumları ilə məşğul olan şəxslərin üzərinə düşür. Qurumla konstruktiv işbirliyi qurmaq əvəzinə, onlar ÜAK-a Azərbaycanda fəaliyyət göstərən QHT kimi yanaşdılar, istədikləri zaman, istədikləri formada onun işinə müdaxilə etməyə çalışdılar. Bu adamların prosesi hara gətirib çıxardığını hamımız gördük…”

Oxşar xəbərlər