Oqtay Əsədov Tehrana niyə getmişdi? - şifrəli mesajlar

  • 28 dek 2018, 09:18

Azərbaycanı "çəkic və zindan” arasına salmaq istəyirlər; təzə ildə güc mərkəzlərinin ölkəmiz uğrunda rəqabəti daha da sərtləşəcək; rusiyalı politoloq: "Bakı İrana qarşı ABŞ-la sıx əməkdaşlığa getməyəcək...”

Başa çatmaqda olan ilin Azərbaycan üçün mühüm yekunlarından biri də sübhəsiz ki, ölkənin balanslı xarici siyasət kursunu daha bir il qoruyub saxlaması oldu. Olduqca önəmli coğrafiyada, müsəlman və xristian sivilizasiyalarının sərhədində və böyük güclərin kəsişən maraqları zonasında qərar tutan, üstəlik, zəngin karbohidrogen qaynaqlarına malik Azərbaycanı hər bir güc mərkəzi məmnuniyyətlə öz yanında görmək istərdi. Söhbət ilk növbədə Rusiyadan və Qərbdən (ABŞ-dan) gedir.

2018-ci il də bu yöndə bir sıra cəhdlərlə yadda qaldı. Rusiya Bakını öz hərbi-siyasi orbitinə çəkmək üçün KTMT "kartı”ndan istifadə eləməyə çalışdı. Kremlə yaxın bir çox ekspert və KİV-lər Azərbaycanı şirnikləndirmək üçün "Rus NATO-su”nu gen-bol tərənnüm elədi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton isə bölgəyə, o cümlədən Azərbaycana və Ermənistana səfəri zamanı Bakı və İrəvanı üstüörtülü şəkildə Rusiyadan uzaqlaşmağın, İrana isə yaxınlaşmamağın vacibliyinə inandırmağa səy elədi.

Lakin rəsmi Bakı nə qədər çətin olsa da, daha bir il xarici siyasətdə tarazlığı qorumağı bacardı. Bunun nəticəsi idi ki, bu il (aprel və dekabr) Azərbaycan paytaxtı iki dəfə NATO və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünə ev sahibliyi elədi. Bu,  Azərbaycanın bölgədəki roluna verilən qiymətlə yanaşı, həm də onun avtoritetinin göstəricisi, eyni zamanda Bakının balansı siyasətinin anlaşıqla qəbul edildiyinin təsdiqi idi.               

*****

Təhlillər göstər ki, Azərbaycan uğrunda Rusiya-ABŞ rəqabəti getdikcə güclənəcək. Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə "Rossiya-24" televiziyasına verdiyi geniş müsahibədə bu məqama dolayısı ilə işarə vurub.      

"Biz proporsional azad siyasət yürütdüyümüzə görə bizə təzyiqlər də artır. Lakin bu təzyiqlər enerji faktoru ilə əlaqəli deyil. Bizi hansısa avantüraya çəkməkdir. Hansı ki, tamamilə bizim xalqımızın və ölkəmizin əleyhinədir”, - deyə İlham Əliyev müsahibəsində bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkə daxilində heç bir potensial təhlükə yoxdur, təhlükələr xaricdən gətirilə bilər: "Buna görə də öz suverenliyimizlə bağlı məsələlərə çox diqqətlə yanaşırıq. Vətəndaşlarımızın təhlükəsizliyinə çox həssas yanaşırıq. Buna görə də Azərbaycanı hansısa beynəlxalq avantüraya çəkməyə çalışmaq həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və biz periodik olaraq bu nəticəni görürük”.

*****

Yeri gəlmişkən, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov dekabrın 25-26-da İranda iki günlük səfərdə olub. İrana qarşı ABŞ sanksiyaları fonunda kifayət qədər həssas xarakter almış Bakı-Tehran münasibətlərinin perspektivi üçün bu ziyarət heç də təsadüfi, il sonu yekun xarakterli deyildi. Bu, öncəliklə Bakının Tehrana xoşməramlı reveransı kimi, nəhayət, balanslı kursdan çıxılmayacağı barədə həm qarşı tərəfə, həm də bütövlükdə qlobal güc mərkəzlərinə verilən aydın mesaj kimi qiymətləndirilə bilər. Yəni əslində Oqtay Əsədov Tehrana ölkə başçısı tərəfindən xüsusi missiya ilə göndərilib. Bunu onun Tehranda keçirdiyi çoxsaylı görüşlərin gündəliyi də təsdiq edir. Diqqət mərkəzində təkcə parlamentlərarası əlaqələr olmayıb.           

"Azərbaycan və İranın dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır”. Bu fikir Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehranda keçirdiyi görüşlərdə səslənib. Nümayəndə heyəti Tehranda ilk olaraq İran prezidenti Həsən Ruhani ilə görüşüb. Rəsmi məlumatlara görə, görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İranla Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Sonra nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. Bu görüşdə də ikitərəfli münasibətlər, habelə parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Səfər çərçivəsində Oqtay Əsədov İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

*****

Göründüyü kimi, səfər çərçivəsində ikitərəfli əlaqələrin bütün spektrləri, o cümlədən təhlükəsizlik məsələləri müzakirə olunub. Bir sözlə, Bakı və Tehran il sonu bir növ "saat əqrəbləri”ni tutuşdurmağa macal tapıb.

Maraqlıdır ki, bu səfər Rusiyada da diqqətlə izlənib. Məsələn, rusiyalı analitik Stanislav Tarasov "Reqnum” agentliyində dərc olunan məqaləsində yazıb ki, Bakı Oqtay Əsədovu Tehrana göndərməklə cənub qonşusu ilə bütün problemləri aradan qaldırıb, Vaşinqtonun Bakı-Tehran münasibətlərindəki pozuculuq cəhdlərini heç etməyə çalışır (axar.az).

Onun sözlərinə görə, Azərbaycan İrana qarşı ABŞ-la sıx əməkdaşlığa getməyəcək: "Hətta bunun üçün Moskva, Ankara, Tehran və Brüssellə geosiyasi dialoq formatını gücləndirəcək və bu paytaxtların hər biri ilə ikitərəfli münasibətlər gündəmdə olacaq. O səbəbə Azərbaycan-Rusiya münasibətlərinin yüksələn dinamikası təqdim edilir, Türkiyə ilə intensiv konsultasiyalar aparılır”.

Politoloq baş verənlər fonunda Qarabağ konflikti ilə bağlı mümkün gəlişmələrdən də danışıb. "İntriqa odur ki, Azərbaycanın belə siyasəti ona müqavimət göstərən ”inqilabçı" İrəvanın xarici siyasət uğursuzluqlarına işıq salır. Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həll perspektivinə münasibətdə sülhməramlı ritorikası geniş siyasi və geosiyasi kontekstə uyğunlaşır. İlham Əliyev sələflərinin təcrübəsinə sahib olmayan Paşinyanı məğlub edir. Paşinyanın problemi nə Moskva, nə də Qərbdədir. Problem Bakının geniş və irimiqyaslı xarici siyasət manevrləri həyata keçirmək bacarığındadır", - deyə o əlavə edib.

Beləliklə, Azərbaycanı israrla "çəkic və zindan” arasına salmağa çalışsalar da, Bakı tarazlı siyasət hesabına hələ ki həm "yuxarı”nın, həm də "aşağının” zərbələrindən yayına bilir. Eyni zamanda "yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyimini də unutmur...  

Siyasət şöbəsi,

Oxşar xəbərlər