"Ermənilər Paşinyandan üz çevirə bilər” - politoloq

  • 25 dek 2018, 09:45

"Hazırda Ermənistan iqtisadiyyatında və insanların sosial həyatında Paşinyandan əvvəlki eyni vəziyyət hökm sürür”

Nikol Paşinyanın liderlik etdiyi partiyanın Ermənistanda keçirilən parlament seçkilərində yüksək səslə qalib gəlməsi onu göstərdi ki, inqilabdan 7 ay keçməsinə baxmayaraq erməni xalqı hələ də bu adamın arxasınca gedir. Paşinyan hələ ki inqilab əhval-ruhiyyəsinin ona gətirdiyi dividentləri xərcləyir. Bəs erməni xalqı nə zamanadək Nikol Paşinyanın arxasınca gedəcək? Ondan üz döndərmə prosesi hansı halda başlaya bilər?

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qalib gəlməsi gözlənilən idi. Çünki baş verən inqilab sosial etirazların nəticəsi idi. Xalq da Paşinyandan iqtisadi və sosial vəziyyəti yaxşılaşdırmaq üçün onun legitimliyini seçkilərdə bərpa etdi. Paşinyan daima xalqa iqtisadi vəziyyəti yaxşılaşdıracağı, investorları cəlb edəcəyi, xaricdəki erməni iş adamlarının ölkəyə sərmayə qoyacağını qeyd edirdi. Hətta onun "Mənim addımım” blokunun "beş illik”  fəaliyyətində iqtisadi inkişafa aparacaq islahatlar paketi də qəbul edilib. Xalq da hələ ki gözləyir: "May ayından başlayaraq demək olar ki, Nikol Paşinyan yalnız ölkəsində Robert Köçəryan və Serj Sərkisyana qarşı siyasi mübarizə aparıb. Onları siyasi səhnədən uzaqlaşdırmaqla məşğul olub. Demək olar ki, heç bir iqtisadi inkişafa imza atacaq proseslərə başlamayıb. Korrupsiya araşdırmaları və digər köhnə hakimiyyətin siyasətini təftiş etməklə məşğul olub. Çünki Ermənistanın iqtisadi inkişafa aparacaq hər hansı bir sahənin olmaması, onun bu kimi aladadıcı və görüntü xarakerli işlərlə məşğul olmasına gətirib. Qeyd edim ki. Ermənistan iqtisadiyyatında Rusiya hakim mövqedədir. Çünki iqtisadi blokadada olan və işğalçı siyasət aparan bir ölkədə hər hansı bir sahənin müstəqil şəkildə inkişafı mümkün deyil.

Rusiya verdiyi kreditlər hesabına Ermənistanın infrastrukturunu ələ keçirib. Həmçinin sərhədərinin bağlı olması xarici investorların buraya sərmayə qoymasının qarşısını alıb. Hazırda Ermənistan iqtisadiyyatında və insanların sosial həyatında Paşinyandan əvvəlki eyni vəziyyət hökm sürür. Artıq gələn ildən Rusiya da qazın qiymətini qaldıracağını qeyd edib. Bu da Paşinyana qarşı daxili etirazların formalaşmasına gətirib çıxaracaq. Xalq qazın qiymətinin aşağı düşməsini və sosial vəziyyətin yaxşılaşdırılmasını gözlədiyi bir halda vəziyyətin çətinləşdiyini gördükdə küçələrə axışacaq. Çox da uzaq olmayan gələcəkdə Ermənistanda əhalinin inqilabdan gözləntiləri tamamilə heçə enəcək. Bu da antiinqilab əhval-ruhiyyəsini meydana çıxaracaq və yeni dalğa Paşinyana qarşı olacaq”.

Politoloq hesab edir ki, Nikol Paşinyan ölkəsində iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün ilk növbədə Qarabağ münaqişəsinin həllinə töhfə verərək Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına  nail olmalıdır. Paşinyanın xilas formulu bu ola bilər: "Əgər bu proses baş verməsə, Ermənistan yerində sayacaq, heç bir inkişafa aparacaq islahatlar baş verməyəcək. Blokada şəraitində ölkədə iqtisadi islahatların keçirilməsi mümkün deyil. Heç bir yüksək gəlirli təbii sərvətə malik olmayan Ermənistanın bu vəziyyətdə inkişafı mümkün deyil. Qeyd edim ki, erməni diasporu da Ermənistana maliyyəni azaldıb, Rusiyadakı lobbidən maliyyə daxilolmaları məlum vəziyyətə görə dayanıb. Paşinyan gələn il çalışacaq ki, islahatlara getsin. Amma bu islahatlar nəticə verməyəcək. Əhalinin gələn ilin 6 ayından sonra hakimiyyətdən qəti gözləntiləri olacaq. Bu gözləntilər özünü doğrultmasa, sosial tələblərlə İrəvan küçələrini  etiraz dalğası bürüyəcək. Qarabağ klanı bu etirazlardan Paşinyanın əleyhinə maksimum istifadə edəcək. Hesab edirəm ki, Paşinyan ölkəsinin dirçəldilməsini, hakimiyyətdən tez getməməsini istəyirsə, ilk növbədə işğalçı siyasətə son qoymalıdır. Yoxsa onu xalq sosial rifahı təmin edə bilməyəcəyinə görə cəzalandıracaq”.

Oxşar xəbərlər