İnqilab illüziyası müxalifəti rahat buraxmır

  • 15 dek 2018, 11:22

Razi Nurullayev: "Azərbaycanda inqilab təzahürləri görünmür”

Azərbaycanda ənənəvi müxalifətçilər son vaxtlar yenidən inqilab mövzusunu gündəmə gətiriblər. Artıq bir sıra internet televiziyalarında, sosial şəbəkələrdə hətta inqilab müzakirəsi başladılıb. Belə məlum olur ki, bu qüvvələr hələ də inqilab illüziyasından çıxmayıblar. Bu, nə ilə bağlıdır? Ümumiyyətlə, Azərbaycanda hazırda inqilab etmək mümkünmü?

Yeni AXCP-nin sədri Razi Nurullayev "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda hazırda inqilab təzahürləri görünmür, belə vəziyyətdə isə inqilab mövzusunu müzakirəyə çıxaranlara təəccüblənməmək olmur: "Düzdür, xalq arasında narazılıq var, sosial vəziyyətdən, sosial xidmətlərdən narazılıq mövcuddur. Amma, bu o demək deyil ki, inqilab havası var. Cəmiyyətdə narazılığın toplum qüvvəyə çevrilməsi müşahidə edilmir. Sadəcə, xüsusən, xaricdə yaşayanlar arasında yüzlərlə fəal var ki, onlar hər gün çevriliş, inqilab barədə danışır və xalqı buna səsləyirlər. Bütün bu cür açıq çağırışlara rəğmən, xalq arasında onlara dəstək hiss olunmur”.

R.Nurullayev qeyd etdi ki, inqilablar yaxşı hal deyil və xalqlara, dövlətlərə xoşbəxtlik gətirmir. Yaxın Şərqdəki proseslər bunun bariz nümunəsidir. Hətta bəzi ölkələrdə inqilabın önünə keçən qüvvələrin özlərinin da acı taleyi olub.

R.Nurullayevə görə inqilab illüziyasına düşənlər bilməlidir ki, inqilab Azərbaycanın məhvi deməkdir: "İnqilab qisasçılıq zəminində adamların öldürülməsi, oğurlanması deməkdir. Dəyişiklik olacaqsa, mövcud qanunlar çərçivəsində olmalıdır. Hələ də inqilaba üstünlük verənlərin görünür ki, cəmiyyətə təqdim etməyə daha məqbul dəyişiklik proqramları yoxdur".

Həmsöhbətimiz vurğuladı ki, bir sıra məmurların və strukturların yarıtmaz fəaliyyəti nazarı kəsimə əslində fürsət verir:"Bu cür abi-havanın yaranmasına ölkədə narazılıq yaradan dövlət qurumları və xidmət sahələri də var. Onlar Azərbaycan xalqını narazı salmaqla məşğuldurlar. Prezident fərman verdi ki, şəhid ailələrinə 11 min manat verilsin. Bu cür müsbət bir işi məmurlar müəyyən sayda şəhid ailələrinin ah-naləsinə çevirdilər.

Kommunal xidmətlərdə də dönüş edilməlidir. Məsələn, "Azəriqaz” öz fəaliyyəti ilə ölkədə ciddi narazılıq yaradır. Əksər ailələr "Azəriqaz”dan narazıdır. Görək bu qurumun başında dayananlar da evində qazın təzyiqinin olmamasından əziyyət çəkir?

Baş nazirə müraciət etmişəm ki, bu sahədə milyonlarla korrupsiya əməlləri ehtimalı var, mütləq əncam çəkilməlidir. Sığorta şirkətləri vətəndaşları incidir, həyatından bezdirir, hər kəs narazıdır və hökuməti günahlandırır ki, heç bir tədbir görmürlər. Təhlükəli məsələlər bunlardır. Bu cür neqativlər inqilab arzulayanlara verilən fürsətdir".

Oxşar xəbərlər