Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb

  • 15 dek 2018, 11:08

Razılaşdırılmayan məsələlər də var...

Avropa İttifaqı(Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin "Şərq Tərəfdaşlığı proqramı”nın 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas report.az-a bildirib. Diplomat danışıqların növbəti mərhələsinin bu ayın əvvəlində Bakıda keçirildiyini xatırladıb. "Çox mühüm irəliləyişə nail olunub, xüsusilə də ticarət sahəsində”, -deyən Aİ rəsmisinin sözlərinə görə, növbəti danışıqların gələn ilin yanvarında keçirilməsi üçün Brüsseldə məqsədyönlü işlər görülür: "Belə demək olar ki, sənədin mətnini Şərq Tərəfdaşlığının 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə deyib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi mart ayınadək imzalana bilər. Nazir müavini bildirib ki, saziş hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.

Bəs, sazişin imzalanması üçün hələ ki razılaşdırılmayan hansı məsələlər qalıb?

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla  Aİ  arasında  əməkdaşlıq şurası, əməkdaşlıq komitəsi, parlamentlərarası əməkdaşlıq komitəsi, ticarət, iqtisadiyyat və hüquqi məsələlər üzrə alt-komitə, enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitə kimi strukturlar ikitərəfli mütəmadi dialoqun aparılması üçün fəaliyyətdədirlər. Yeni saziş Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur və Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm mərhələnin başlanğıcıdır. Hazırda üzərində danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq: "Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə rolu və töhfəsi ikitərəfli strateji əməkdaşlığın təməlini təşkil edir.

Ümumi prosesi dəyərləndirsək, tərəflər arasında tamamilə razılaşdırılmamış məqamlar hələ də təhlükəsizlik və ticarət məsələləridir. Bu ilin payızından yeni sazişin bəndləri çərçivəsində  tərəflər arası ticarət və təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr keçirilib, ticarət sahəsində çox mühüm irəliləyişə nail olunub. Regional və  qlobal əhatəli və əhəmiyyətli təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr və ilkin razılaşmalar mövcuddur.

Ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı öhdəliklərinə sadiq qalan tərəflər, təhlükəsizlik müzakirələrində, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, regional və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi ətrafında aparılıb.

Regional və beynəlxalq gündəlikdə duran məsələlər, terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi və ilkin razılaşmalar mövcuddur.

Regional təhlükəsizlik məsələləri müzakirəsi ətrafında Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və didərgin düşmüş insanların öz evlərinə geri qayıtması, bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə biləcək əsas məqam kimi qeyd edilib. Azərbaycan üçün Aİ ilə təhlükəsizlik dialoqunun nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir".

Ekspert qeyd etdi ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil. Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir. Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır.

"Yeni Müsavat”

Oxşar xəbərlər