Qarabağ Komitəsini niyə “sıxırlar”?

  • 12 dek 2018, 09:52

Qabil Hüseynli: "Hakimiyyətin müəyyən addımlarını da başa düşmək lazımdır”

Qarabağ Komitəsinin 15 dekabr mitinqinə icazə verilməməsi bir çox məsələləri yenidən aktuallaşdırdı. Belə ki, komitənin 29 sentyabrda keçirdiyi izdihamlı mitinqin ardından quruma qarşı ciddi təzyiqlərin olduğu göz önündədir.

Deputatlar səviyyəsində Qarabağ Komitəsinə qarşı sərt açıqlamalar yer almaqdadır. Bundan öncə komitənin 24 noyabr mitinqinə icazə verilməmişdi. Görünən odur ki, qurumun gələcəkdə keçirməyi planlaşdırdğı aksiyalara da icazə verilməyəcək. Bütün bunlar bir çox suallar doğurur. Qarabağ Komitəsi birmənalı şəkildə siyasi birlik olmadığını bəyan edib, qurumun təsisçiləri hər açıqlamalarında yalnız Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün belə bir komitə yaratdıqlarını bildirirlər. Hətta AXP lideri, sabiq baş nazir Pənah Hüseyn müsavat.com saytına verdiyi son müsahibədə YAP-çı deputat Siyavuş Novruzovun komitəyə üzv olmaq üçün müraciət edəcəyi təqdirdə qəbul olunacağını bildirib.

Bütün bunların fonunda hakimiyyətin komitənin fəaliyyətinə bu qədər ehtiyatla yanaşmağı geniş suallara yol açır. Çoxları düşünür ki, iqtidar komitənin fəaliyyətinin genişlənməsini onun üçün istəmir ki, bunu özünə ciddi təhlükə görür. Nəzərə alsaq ki, Qarabağ adı ətrafında hər zaman ciddi proseslər baş verib, bu mənada hökuməti də haradasa anlamaq mümkündür.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Qarabağ Komitəsinin müxalif qurum olduğu qənaətində deyil:"Komitə Qarabağ münaqişəsinin həllinin populyarlaşmasını istəyir. Əhalinin  bu məsələdə maariflənməsi yönündə iş aparırlar. Bu sarıdan onların işlərini pisləmək fikrində deyiləm. Onların fəaliyyəti hələ ki vətənpərvərlik istiqamətində köklənib. Bu istiqamət də onların fəaliyyətində aparıcı nöqtəni təşkil edir. Amma hakimiyyətin müəyyən addımlarını da başa düşmək lazımdır. Çünki Fransanın özündə belə baş verən hadisələr onu göstərir ki, yeni dünya düzənini formalaşdırmaq istəyən qüvvələrin sayı artıb. Bu qüvvələr qarşılarına qoyduqları məqsədləri həyata keçirmək üçün sabitliyi pozmaq niyyətlərinə müxtəlif ölkələri qatmaq istəyirlər. Azərbaycanın özü də bu dəqiqə çox ciddi mərhələlərdən keçir. Bu gərginlik Ermənistanın özündə də var. İstənilən an Azərbaycan-Ermənistan arasında müharibə təhlükəsi baş qaldıra bilər. Ordumuz buna ciddi şəkildə hazırlaşır.

Bu nöqteyi-nəzərdən, görünür, hökumət dairələri ölkədə sabitliyin qorunub-saxlanılmasına qayğını ön plana çəkir, bunun üçün də cəmiyyətdə müəyyən canlanmaların, həyəcanların çoxalmasını istəmir. Bu baxımdan Qarabağ  Komitəsinin fəaliyyəti ilə bağlı bu mövqeyi tutur. İndiyə qədər mitinqlərə icazə verilməməsi xaricdən Azərbaycana təsirlərin artması,  Azərbaycanı sevməyən qüvvələrin fəallaşması ilə daha çox bağlıdır. Hakimiyyət ehtiyatlı davranır ki, bunu da başa düşmək olar. Hər halda, hakimiyyətlə Qarabağ Komitəsi arasında bu məsələdə dialoq lazım gələcək. Onu da deyim ki, 29 sentyabrda müəyyən qüvvələrin qıcıqlandırıcı şüarlar səsləndirmələri də mitinqə icazə verilməməsinin səbəbləri sırasındadır. Mənə elə gəlir ki, bu istiqamətdə işlər aparılarkən hökumətin müəyyən dairələri ilə danışıb prosesin hansı istiqamətdə gedəcəyi haqda ciddi aydınlaşdırıcı məlumatlar verilməli, mitinqin məsuliyyətini öz üzərlərinə götürdüklərini diqqətə çatdırmalıdırlar.

Azərbaycan hazırda həssas dönəmdən keçir. Ölkədaxili proseslərə diqqətlə yanaşmaq tələb olunur. Hakimiyyət də bunu edir. Komitə Qarabağ məsələsini mətbuatda və digər yerlərdə mümkün olduğu qədər qabartmağa çalışmalıdır. Bir növ özünü tanıtma prosesini keçməlidir. Ən əsası da məqsədlərini cəmiyyətə və hakimiyyətə çatdırmağı bacarmalıdırlar. Hazırda onlar məqsədlərinin vətənpərvərlikdən irəli gəldiyi görünür. Dağlıq Qarabağın taleyinə yandıqlarını hiss etməmək mümkün deyil. Bunu özləri daha çox hiss etdirməyə çalışmalıdırlar. Yalnız bundan sonra hakimiyyət onların niyyətini başa düşəcək və nəticədə bu istiqamətdə müsbətə doğru ciddi dəyişikliklər baş verəcək. Bu istiqamətdəki mitinqlərin dağıdıcı, qıcıqlandırıcı və ən əsası ölkə daxilində sabitliyi pozmaq niyyətindən uzaq olduğunu, əsas məqsədin milli birliyə, Dağlıq Qarabağ probleminin həllinə kökləndiyini göstərməlidirlər”.

"Yeni Müsavat”

Oxşar xəbərlər