“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...

  • 12 dek 2018, 00:46

Olub. Bir neçə dəfə onun zala, tədbirə girişini, tribunaya qalxışını, çıxışını, nitqini uzaqdan izləmişəm. Səhhəti qaydasında olmayan atamın əvəzinə tədbirlərə getdiyim dönəmlərdə. Amma lap yaxından bütün  həyatım boyunca cəmi-cümlətanı bir dəfə görmüşəm Heydər Əliyevi. Mərhum Səfiyar Musayevlə BDU-da təşkil edilən vida mərasimində. Lap dəqiqi, həmin mərasim öncəsi. Biz 1-ci kurs tələbələri əsas korpusun qarşısında dayanmışdıq. Gəldi. Uzun, yaraşıqlı bir maşınla. Markasi yadımda deyil. Amma çox gözəl avtomobil idi. Düşdü. Dağınıq saçlarını barmaqları ilə arxaya doğru daradı, baş hərəkəti və qəmgin görkəmlə ətrafdakılara salam verdi, daha sonra binanın qapısına, oradan isə Səfiyar müəllimin nəşi qoyulan zala doğru irəlilədi.

Mərasimə müəllim heyəti ilə bərabər yalnız yuxarı kurs tələbələri buraxilmışdı. Biz isə Heydər Əliyevin bayırda qalan tək müşayətçisini – sürücünü və maşının özünü qəribə baxışlarla süzürdük: neçə oturacaqdan ibarətdir, sürət göstəricisində maksimum hədd nə qədərdir, içində şəhər telefonu varmı- yoxmu kimi səssiz sualların fonunda. Hə, 16 yaşımız vardı. Gənc də yox, uşaq idik və özünüdərkin bu mərhələsində Heydər Əliyevin maşını bəlkə də Heydər Əliyevin özündən daha maraqlı görünürdü bizə. Və ən əsası: fərqində deyildik ki, o maşının zaman-zaman yüz və min bənzəri qarşımıza çıxsa da bənzərsiz Heydər Əliyevdən bir də heç vaxt çıxmayacaq!

***      

Mən Heydər Əliyevlə çalışanlara, həmsöhbət olanlara, ələlxüsus da ən çətin anda onu qoruyanlara hər zaman həsəd aparmışam. Bəzən müsahibələrdə, açıqlamalarda səslənən: "öz Jiqulimlə aeroporta apardım, bərabər sup içdik,  çarpayımı ona verib özüm eyvanda yatdım ki, soyuq olmasın” – kimi frazaların sahiblərinə, bu qədər özəl və yaxın münasibətin yiyələrinə isə sözün gerçək anlamında paxıllıq etmişəm. Hətta yuxarıda ötəri olaraq obraz təsvirini verdiyim və bəlkə də ömrü boyu susqun qalan sürücüsünə belə. Özümdən asılı olmadan.

Bu unikal insanın Öndərliyə gedən yolu rahatlıqdan başqa hər şeydən keçib. O, zaman- zaman ən dəhşətli formada incidilib, haqsızlığa uğrayıb, pisliklərin hiyləsinə, nakişiliyinə tuş gəlib. Sovet İmperiyasının qısqanc məxluqatları onun fiziki ürək gücünü 30 faizə qədər endirə bilib, ağır infarkta məruz qoyub. Sevil Əliyeva bir açıqlamasında deyirdi ki, atamın bu zərbədən sonra sağ qalmasına həkimlər inanmırdılar. Çünki ürək əzələsinin geniş deyil, lap geniş, üçdə iki həcminin infarktı idi bu. Ondan isə yüz mində bir insan sağ çıxır. Atamı Tanrı bizə bağışlamışdı. Bizə və Azərbaycana...

Heydər Əliyevçı olmaq gözəldir. Binədən, əzəldən Heydər Əliyevçi olmaqsa lap gözəldir. Bu təxminən insan həyatı qurtaran birinin gecə vicdanı və balıncı ilə baş-başa qalarkən sevincdən xısın-xısın ağlaması kimi bir hissdir. Yaşamaq lazım ki, anlayasan! İçdən duymaq lazım ki, şövqünə varasan!

Heydər Əliyev sıfırdan dövlət qurub – SIFIRDAN! Heydər Əliyev - büdcəsi, iqtisadiyyatı, siyasi sabitliyi məlum qüvvələrin "istedadı” ucbatından məhz SIFIRA endirilmiş bir məmləkəti dünya çapına çıxarıb, onun bütövlüyünü, suverenliyini bütün yad və iç təhdidlərdən qoruyub – tək gücü ilə! Üstəlik, müharibə şəraitində, Əlikramın sağdan, "Sadval”ın soldan, Surətin onurğadan vurduğu məqamlarda. O məqamlarda ki, dahi Liderin hər saniyəsinə güllə tuşlanıb, hər dəqiqəsi ölümə köklənib. Hələ Naxcıvanda ikən öz xidməti otağında odun sobası belə qalamayıb "evində üşüyənlər deməsin, Heydər Əliyev otağında rahat oturub” – düşüncəsinə sahib insan enində-sonunda layiq olduğu məqama ucalmalı idi, ucalmağa məhkum idi! Ucaldı da!

Hərdən Heydər Əliyev və İlham Əliyev demokratiyasını, bu hakimiyyətin tanıdığı azadlıq və sərbəstlik çərçivələrini, "Məhsul” boyda stadionu və ilaxır nələrisə bəyənməyənlər deyirlər ki ha, hüquqlarımız -filan pozulur, bax o həmin hüquq "cəfakeşləri” Heydər Əliyevin indicə haqqında söhbət açdığım Naxcıvandakı iş otağının süşələrini düz 7 dəfə qırıblar, binanı yüz dəfə mühasirəyə alıblar, Qarabağda düşmənə qarşı qurulmalı olan blokadanı, istehkamları Heydər Əliyevə, onu yaxınlarına, silahdaşlarına qurublar. Ulu Öndərin otağına kim giribsə çıxdığı an peşinə ya narkoman, ya alkaş, ya da qatı cinayətkar salınıb. Bir dəfə Xaçmazın hazırki başçısı, Naxcıvanın o zamankı Baş Naziri dəyərli Şəmsəddin müəllim həmin dövrün xatirələrinə körpü salarkən elə məqamlara toxundu ki, göz yaşlarına hakim ola bilmədi. 80 yaşında adam uşaq kimi ağladı, bizi də kövrəltdi. Heyf özü xahiş etdiyi və özəl məqamlar olduğu üçün nəql edə bilmirəm. Amma bilin: dəhşətli şeylər olub. Heydər Əliyevin qarşısını almaq üçün hər iyrəncliklərə əl atıblar, ona hər pisliyi ediblər! Nakişicə, namərdcə, riyakarcasına!

İçdən də ONU yeyib-bitirməyə çalışan vicdansızlar "n” qədər olub. Elə biri Rəsul. Məlumatınız varmı ki, 1981-də Heydər Əliyevin təşəbbüsü ilə gənc yaşında yüksək vəzifəyə təyin olunan Rəsul Quliyev Neftayırma zavodundakı yanğından sonra əlli-ayaqlı gedirmiş? Məncə bu haqda çox az insanın informasiyası var...Bəli, Ulu Öndər bu adamı qorumaq üçün (kaş qorumayaydı!) SSR-nin birinci şəxsinə telefon açır, ilk dəfə neqativ cavab alsa da ömrü boyunca kiməsə xahiş-minnət etməyən Heydər Əliyevin sözü sonucda eşidilir, o şərtlə ki, dövlət öz daxili vəsaiti hesabına zavodu yenidən qursun. Və...ikinci hakimiyyət dövründə Ulu Öndər bu adama o minvalla fürsət verir ki, keçmiş kadrımdır, həyatını xilas etmişəm, dürüst olar. Amma olmur, hamıdan betər xəyanət edir!

Və yüzlərlə belə president var...

Hər dəfə Gəncə hadisələri ilə bağlı videoya baxarkən içim sızlayır mənim. Mirşahinin Heydər Əliyevdən açıqlama aldığı məqama diqqətlə baxın. Yorğunluq və əsəb pik həddədir! Bu NƏHƏNG adam Surətlə nə danışa, nə müzakirə edə bilərdi? – Təbii, heç nə! Amma Surəti dəyərindən milyon qat artıq şişirdənlər,  "Surət Gəncədən Bakıya doğru yol alıb, gizlənin”- anonsunu verən keçmiş hakimiyyət nümayəndələri 1 il müddətincə vəziyyəti elə bir həddə gətirmişdilər ki, Surət az qala ideologiya "dəngə”sinə çevrilmişdi, Baş Prokuroru, səlahiyyətli şəxsləri həbs edirdi, prezident Elçibəyin həbsinə sanksiya imzalatdırırdı. Ona görə onunla üzbəüz oturub müzakirə aparmaq məhkumiyyəti yaranmışdı. Bax bu səbəbdən içim sızlayır ki, Ulu Öndər kimi şəxsiyyət Surət kimi gədə ilə bir stol arxasında + kiminsə səhvlərini sığortalamaq və Azərbaycanı qorumaq üçün müzakirə aparmağa məcbur olub. Səbrini, içini çəkərək, əsəblərinə min əziyyətlə hakim kəsilərək, "lənət sənə şeytan” – deyərək...

Heydər Əliyev ölümdən qorxmadığı üçün bütün sui-qəsdlərdən xilas olub. O, prezidentliyi özünə prioritet seçmədiyi üçün Prezident olub. Etiraf edirəm: bu sözlər Elçibəyə də aiddir. Onun da rəhbərliyə gəlişi Azadlıq hərəkatının üzərindən innersiya qaydasında reallaşıb. Komanda lənətə gəlmiş, idarəçilik bərbad olsa da Elçibəy öz şəxsi kişiliyini, ləyaqətini, cəsarətini heç vaxt itirməyib. Bəlkə də bu səbəbdəndir ki, məlum hakimiyyətin bütün uğursuzluğuna rəğmən Elçibəy haqda nifrinlə danışanlar yoxdur, o ən böyük hədəfinə çatıb, ən gözəl məzarlıqda rəhmətlə uyuyur.

Ümumən Prezidentlik mövzusunda istedad və bacarıq hər zaman məntiq, cəsarət və Tanrı himayəsinə uduzub. Düzdür, bu komponentlərin hamısı qoşalaşanda olursan – HEYDƏR ƏLİYEV. Amma olmayanda da nələrsə baş verir. Ayaz Mütəllibov belə anasının yasına gəlməyə "dux”u çatmayan Rəsul Quliyevdən fərqli olaraq övladının ağır xəstəlik xəbərini eşidər-eşitməz + həbsdən qorxmadan Moskva-Bakı bileti sifariş vermişdi. İndiyə qədər hər nə edib - etməyib - bu ayrı bir müzakirənin mövzusudur, amma demək ki, adam lazım olan anda cəsarət nümayiş etdirə bilirmiş və bəlkə elə onun da qısamüddətlik Prezidentliyinin məntiqi məlum kontekstdə cilalanıb... 

***

General Şahın Musayevin zirehli texnikası Heydər Əliyevi səfərdən gətirən təyyarəyə tuşlanıır. Bir tətik çəkimi yetərlidir ki, sui-qəsd reallaşsın. Amma hava anidən dəyişir və təyyarə məcburən Mərdəkan deyil, Buzovna üzərindən eniş etməli olur və beləcə təbiət Heydər Əliyevi ölümdən qurtarır! – Budur saf siyasətin məntiqi!

İki dəfə körpü, bir dəfə isə Gənclik metrosuna yaxın yolda partlayıcı qurğular quraşdırılır. Prezident korteji keçən məkanlarda. Hər dəfəsində ya 10 addım ya 10 dəqiqə qala kəşfiyyat məlumatı əldə edilir və möcüzə nəticəsində sui-qəsdlər reallaşmır – Budur, düz adamın həyatdakı sığortası!

Üç dəfə tribunada huşunu itirir, yıxılır. Şəxsi həkimlər, mühafizə xidməti səhnəyə çıxacağı halda 99 deyil, 100 faizlik ölüm halının baş verəcəyini qətiyyətlə bildirir, "Hərbçi, kursant qarşısına şux formada çıxmadan, onlara öz əzəmətimlə sağ ol demədən bu məkandan getmərəm, mən ölümdən qorxsam Heydər Əliyev olmaram!” - israrını bütün ətraf səngitməyə çalışır. Alınmır. O inadla qayıdır. Hər şeyi dediyindən də gözəl edir. Əcələ meydan oxuyur. Ölümü öldürür! Amma özü yaşayır – Budur cəsarətli siyasətin Tanrı tərəfindən cavabı!

Bacararmı bunu Əli Kərimli? Bacararmı bunu Cəmil Həsənli? Bacararmı bunu millətin lideri olmaq istəyən ixtiyari kimsə? Bacarmazlar. Şərəfimə and olsun, yalan deyirəmsə zatıma lənət olsun ki, bacarmazlar! Bacarsalar adımı dəyişib Gültəkin, soyadımı Hacıbəyli qoyaram! Bacarmazlar ki, bacarmazlar! 

Mən bu səbəbdən Heydər Əliyevçiyəm!

Bəzən deyirlər, İlham Əliyev rəhbərdi deyə Heydər Əliyev haqda xoş sözlər deyirsiz. Əsla! Əsla və əsla! Bilin və agah olun: Ən pis halda, ən arzulanmaz məqamda, ən fors-major durumda belə yüz və min hakimiyyət dəyişsin, fərq etməz, Heydər Əliyevin adını, yolunu, məzarını canı bahasına qoruyanların sayı heç vaxt tükənməyəcək. Onun ömrü Azərbaycanın ömrü qədərdir!

***

Ulu Öndər!

Bəlkə də bu həyatda tək insansan ki, SƏNİN timsalında o biri dünyanın, axirətin, ruhların varlığına inanmaq istəyirəm. Olsun o dünya. Olsun və bizi gör. SƏN siyasət Tanrımızsan, ləyaqət qibləmizsən, SƏN çox güclüsən. Yoxsa belə yarat o dünyanı, yarat öz axirətini. Riyakarların utanacağı, ləyaqətlilərin sevinəcəyi görüş imkanını tanı bizlərə. Lütfən.

Hər iki əmanətinə: dürüst Azərbaycançılıq yoluna və İlham Əliyevə sadiqik. Son nəfəsimizə qədər.

Rahat uyu.

SƏNi sevirik!

Görüşənə qədər...

Elşən Musayev, Milli Məclisin deputatı.

 ÃÂÃÂÃÂðÃÂÃÂÃÂÃÂÃÂøÃÂýÃÂúÃÂø ÃÂÿÃÂþ ÃÂ÷ÃÂðÃÂÿÃÂÃÂÃÂþÃÂÃÂÃÂàelÃÂÃÂÃÂÃÂn musayev musavat.com

Oxşar xəbərlər