“Qarabağ Komitəsi siyasi müxalifət deyil”

  • 04 dek 2018, 08:14

"Qarabağ məsələsinin daxili siyasi münasibətlər müstəvisində istifadə olunmasının qəti əleyhinəyik”

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsinin müxalif birlik olub-olmamasına dair müzakirələr açılıb. Bu yöndə fikir mübadiləsinin olması təsadüfi deyil. Hələ 1988-ci ildə başlayan proseslərin nüvəsində Qarabağ dayanırdı. Faktiki olaraq o dövrdə ortaya çıxan və sonradan siyasi təşkilatlara çevrilən qüvvələr Qarabağ məsələsi üzərindən siyasi meydana atılıblar.

Hazırda yaranan Qarabağ Komitəsinin qurucularının və ya üzvlərinin kimliyinə diqqət yetirsək, onların əksəriyyəti ya siyasi partiyaların təmsilçiləridir, ya da müxalif qurumların "şinel”indən çıxıblar.

Bütün bunlar tezliklə Qarabağ Komitəsinin müxalifət düşərgəsinin əsas güc mərkəzinə çevriləcəyi barədə iddiaları artırır. Habelə müxalif siyasi səhnədə ən aktiv fəaliyyəti Qarabağ Komitəsi aparır.

Maraqlıdır, Qarabağ Komitəsinin yaradıcıları özləri bu barədə nə düşünür?

Komitənin qurucularından sayılan, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında deyilən fikirlərlə razılaşmadığını söylədi: "Qarabağ Komitəsi nə müxalifət partiyasıdır, nə də siyasi müxalifət fəaliyyəti ilə məşğul olmur. Birmənalı şəkildə komitə siyasi müxalifət deyil. Bu, Qarabağın azadlığı uğrunda -  erməni işğalına qarşı milli, Azərbaycan cəmiyyətinin müqavimətini ifadə, təşkil və səfərbər edən bir hərəkatdır. Burada istər siyasi müxalifət, istər iqtidaryönlü nümayəndələr, istərsə də siyasətdə neytral yöndə dayanan şəxslər iştirak edirlər. Bu baxımdan Qarabağ Komitəsinin siyasi müxalifət kimi təqdim olunması kökündən yanlışdır. Çox təəccüblənirəm ki, bununla əlaqədar belə təqdimat xarakterli yazılar gedir. Komitənin bu məsələyə münasibəti əsasnaməsində, bəyanatlarında, 29 sentyabr mitinqinin qətnaməsində, qurumun ayrı-ayrı üzvlərinin çıxışlarında birmənalı şəkildə bildirilib. Biz Qarabağ məsələsinin daxili siyasi münasibətlər müstəvisində istifadə olunmasının qəti əleyhinəyik. Qarabağ Komitəsi bir təşkilat olmaqla yanaşı həm də bir ideyadır. İşğala qarşı milli müqavimətin ideyasıdır. Bu, istər toplum olaraq, istərsə də fərdi şəkildə Azərbaycan xalqının rəyinin ifadəsidir. Qarabağ Komitəsi olaraq bunu elan etmişik, bu, fəaliyyətimizin mahiyyətini göstərir”.

Oxşar xəbərlər