Ermənistanın Astana məğlubiyyəti - Azərbaycan üçün şans pəncərəsi

  • 13 noy 2018, 09:15

İşğalçı ölkənin "Rus NATO-su” rəhbərliyindən "nakam” uzaqlaşması İrəvanda əsas müzakirə mövzusudur; erməni baş nazir əvəzi seçkiqabağı xalqın diqqətini yayındırmaq üçün yenidən sərt ritorikaya üstünlük verir...

 

 

 



 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərinin Qazaxıstanda keçirilən sammitində Ermənistanın öz istəyini reallaşdıra bilməməsi seçkiqabağı "iynə üstündə oturan” Nikol Paşinyan hakimiyyətini çətin duruma salıb.

Astana toplantısı ərəfəsində İrəvanda ümid var idi ki, Rusiyanın dəstəyi nəticəsində keçmiş baş katib Yuri Xaçaturovun əvəzində başqa bir erməni hərbçini KTMT rəhbərliyində oturtmaq mümkün olacaq. Paşinyan xal toplamaq üçün Astanada "zəfər” qazanmağı çox istəyirdi.

KTMT-nin baş katibi postuna namizədlik haqqında qərar dekabrın 6-da Sankt-Peterburqda qəbul ediləcək. Sammitin nəticəsinə görə, növbəti baş katib Belarusun nümayəndəsi təyin ediləcək. Qərb və Rusiya arasında oyunlar oynayan, faktiki olaraq "haça-paça” vəziyyətində qalan mövcud hökumət Rusiyadan gələn xəbərdarlıqlara məhəl qoymamasının cavabını aldı. Bu isə dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində çox ciddi zərbədir. Üstəlik, keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının rəhbərliyinə sabiq müdafiə naziri Viqen Sərkisyanın gətirilməsi və onun rəhbərliyi ilə namizədlərin siyahısının hazırlanması Paşinyana sərt mesajdır. Orduda dayaqları olan bu şəxslərin revanş əldə etməsi mövcud hökumətin parlament çoxluğunu qazanmasına əngəl ola bilər. O da istisna deyil ki, Ermənistan daxilindəki qüvvələri hərəkətə gətirən qüvvə ölkə xaricindədir. Bu məqamda KTMT-dən aldığı zərbə Paşinyanın reputasiyasına da ciddi zərbədir. Hələlik baş katibin kimliyi konkretləşdirilməyib. Lakin onun Belarus təmsilçisi olacağı şübhə doğurmur. 

KTMT-dəki uğursuzluqlardan sonra Ermənistanda Belarusla bağlı müzakirələr xeyli çoxalıb. Mövcud hökumət uğursuzluğunu ört-basdır etməkdən ötrü mətbuata dezolar ötürür. Belə ki, bəzi erməni saytları yazıb ki, KTMT-də Azərbaycanın müşahidəçi kimi iştirakına "Paşinyanın vetosu” mane olub. Ancaq bəllidir ki, bu, kökündən yanlış iddiadır. Azərbaycan hələ ki bununla bağlı istəyini bəyan etməyib. Ermənistan mediasının müzakirəyə çıxartdığı digər məsələlər isə Azərbaycanın Belarusdan aldığı və "İsgəndər” raketlərini "susdurmaq” gücündə olan "Polonez”lərdir. Düşmən Belarus-Azərbaycan əlaqələrindən açıq şəkildə rəncidə olub. Üstəlik, belə bir durumda Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfərə hazırlaşması işğalçı ölkənin yuxusunu qaçıran məlumatdır. Belarus mətbuatının yazdığına görə, Azərbaycan prezidenti bir həftə sonra Belarusa səfər edəcək. Bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.

Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: "Bizim danışılası çoxlu mövzumuz var”. Erməni mediası Lukaşenkonun "Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və razılığa gəlmişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur” sözlərini tirajlamaqla narahatlıqlarını büruzə veriblər.

 Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşündə ötən həftə keçirilən KTMT sammitindən danışıb. Bildirib ki, mətbuatda yazılanların əksinə olaraq Astana sammitində KTMT baş katibinin təyinatı məsələsi heç də əsas müzakirə mövzusu olmayıb. Lukaşenko deyib ki, onu həmin görüşdə müzakirə edilən əsas məsələlər barədə bəzi uydurmalar təəcübləndirir. "Hər şeyi buna yönəldirlər ki, guya biz KTMT-nin gələcək rəhbərinin namizədliyini müzakirə etmişik. Bəli, biz bu məsələni müzakirə etmişik, amma məsələ bizim təxminən 15 dəqiqəmizi alıb” - Belarus prezidenti deyib. Lukaşenko Azərbaycan səfirinə onu da deyib ki, Minsk KTMT baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır. O, Belarusun Ermənistandan sonra əlifba sırası ilə KTMT-də ikinci ölkə olduğunu xatırladıb və deyib ki, Minsk kimisə bu posta irəli sürməyə hazır olmalıdır. "KTMT aparatının rəhbərinin təyinatına gəldikdə...Təbii ki, variantlar çox idi, amma bu, o demək deyil ki, biz Ermənistanın maraqlarını tapdamışıq, orada kimsə udub, kimsə uduzub” - Lukaşenko belə deyib.

Bu, İrəvana tutarlı cavabdır. Yeri gəlmişkən, Qazaxıstan və Belarus liderləri aprel döyüşlərindən sonra İrəvanın ev sahibliyi ilə keçirilən KTMT toplantısına qatılmamaqla da işğalçı ölkəyə dərs vermişdilər, həmçinin Azərbaycanın yanında olduqlarını isbatlamışdılar. 

Qeyd edək ki, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bundan əvvəl "Yeni Müsavat”a açıqlamasında Ermənistanın Astanada uğursuzluğa düçar olacağı barədə proqnoz vermişdi. Qəzetimizə bu barədə danışarkən ekspert özü də bildirdi ki, Ermənistanın korrupsiyaya uğramış nümayəndəsini yenisi əvəz edə bilməzdi: "Gözləntilərimiz özünü doğrultdu. KTMT nizamnaməsinə görə, qurumun baş katibi əlifba sırası ilə təyin olunur, ilk imkan Ermənistana verilmişdi. General Xaçaturov faktiki olaraq quldur olduğundan bu qurumdan biabırçı şəkildə çıxarıldı və bu, Azərbaycanın daha öncələr KTMT-yə müşahidəçi sifəti ilə qatılmasına imkan yaratdı. Ermənistan buna etiraz edirdi, bu quldurdan sonra onların sözü keçmədi”.

 

 

 

 

 

 

 

 

 

Q.Çaxmaqlı Azərbaycanın KTMT-də hansısa şəkildə iştirak etməsi perspektivinə də toxundu: "Zənnimcə, Azərbaycan bölgədə gedən bütün proseslərdən ən azından xəbərdar olmaq üçün bütün beynəlxalq və regional qurumlarda iştirak etməlidir. Çünki bizim həll etmək istədiyimiz məsələ bu qurumlarda bu və başqa şəkildə müzakirə predmeti olur. Biz özümüzü bu proseslərdən təcrid etsək, müdaxilə imkanlarımızı məhdudlaşdıra bilərik. Rusiya əslində cızığından çıxmaq istəyən Ermənistanı ram etmək üçün manevr edir. Qoy olsun. Amma bu, bizim xeyrimizə işləyəcəksə, nədən bundan imtina edək? Mən, əlbəttə, KTMT-yə üzv olmağın tərəfdarı deyiləm. Bu qurumun başını imperiya təfəkkürlü bir ölkə çəkir, buraya üzv olan ölkələri də özündən asılı vəziyyətə gətirib, orada işğalçı Ermənistan var, onunla bir sırada olmaq milli maraqlarımızı çeynəmək demək olardı. Amma bununla belə, müşahidəçi statusunda iştirak edə bilərik və bu da reallaşıb. Sabah Ermənistanla hər hansı hərbi münaqişə zamanı səs hüququmuz olmasa da, bu qurumun içində bir çox məsələlərə müdaxilə imkanlarımız ola bilər. Azərbaycan eyni zamanda başqa hərbi alyanslarda da müəyyən statuslarla iştirak etməlidir, var olduğunu bildirməlidir”.

Bəs Azərbaycanın KTMT-də olması Qarabağ məsələsi üçün nə vəd edir? Q.Çaxmaqlı: "Proseslərin içində olmaq o demək deyil ki, dərhal həmin problemləri həll edə bilərik. Amma məsələnin həm sülh yolu ilə, həm də hərbi yolla həlli variantlarında bu, bizə bəzi şanslar verir. Mən yenə o fikirdə deyiləm ki, biz KTMT üzvü olaq. Üzv olsaq, əl-qolumuz bağlanar. Belə yaxşıdır. Həm də Rusiyanın istəyinə uyğundur və bizi bəzi təhlükələrdən də qoruya bilər. Onu da nəzərə almalıyıq ki, bu qurumda Qazaxıstan, Qırğızıstan, Belarus var, onlar isə Azərbaycanın torpaqlarının işğal edildiyini dilə gətirirlər”.

Bu arada hətta öz müttəfiqlərindən zərbə alan Ermənistan rəhbərliyi uğursuzluğunu arxa plana keçirməkdən ötrü Düşənbə anlaşmasını unudaraq yenidən sərt ritorikaya üstünlük verib. Belə ki, Nikol Paşinyan Paris forumundakı çıxışı zamanı Qarabağla bağlı absurd iddialar səsləndirib, "öz müqəddəratını təyinetmə” haqqından dəm vurub.  Artıq Bakıdan ona reaksiya verilib...

Azərbaycan həm prezident, həm də XİN rəhbəri səviyyəsində hələ ki Ermənistan rəhbərliyinə tövsiyələr verir, ona özünü və ölkəsini fəlakətlərə sürükləməməyi məsləhət görür. Paşinyanın bu tövsiyələrə nə dərəcədə əməl edəcəyini tezliklə görəcəyik...

Siyasət şöbəsi

Oxşar xəbərlər