Bakı meriyası növbəti "Qarabağ mitinqi"nə "DUR" dedi - ETİRAZ

  • 02 noy 2018, 09:17

"Demokratik.Az" bildirir ki, 24 noyabr 2018-ci il tarixində Qarabağ adına mitinq planlaşdıran təşkilatçılara Bakı meriyası tərəfindən cavab verilib. Cavab məktubunda qarşı tərəfin istəyi "rədd" edilib.

Mitinqin keçirilməsini məqsədəuyğun saymayan meriya cavab məktubunda bunları yazıb:

"Sizin 25 oktyabr 2018-ci il tarixdə birgə imzaladığınız müraciətinizə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır.

Eyni zamanda qeyd edirik ki, Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar şəffaf aparılır, kütləvi informasiya vasitələri ilə keçirilən bütün tədbirlərdə bu məsələlər təfsilatı ilə açıqlanır. Qeyd olunanlar nəzərə alınaraq, 24 noyabr 2018-ci il tarixdə planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir".

Bildirək ki, cavab məktubunu Bakı İHB aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov imzalayıb. Lakin məktubu şəxsən alan müraciət müəlliflərindən biri, tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl cavaba sərt reaksiya verərək özünün facebook səhifəsində belə yazıb:

"Yaxşı, tutaq ki, etiraz edirsiz. Bir hüquqa söykənən, arqumentli cavab vermək qabiliyyətinə nə söz. Bəlkə də yazsaydınız ki,- mitinqdə müəyyən təxribatların baş verəcəyi ehtimalı yüksək olduğundan indiki mərhələdə kütləvi aksiyanın keçirilməsi məqsədəuyğun hesab olunmur və gələcəkdə belə bir aksiyanın mümkünlüyü və tarixi barədə əlavə məlumat veriləcək- anlaşıqla qarşılanardı. Nə bu məktubu mənə verəndə deyilən sözlər( arqument yox idi), nə imtinanın mahiyyətinin doğru-dürüst izah olunmaması sübut edir ki, bütün strukturlarda qeyri-peşəkarlıq baş alıb gedir. Bu səviyyə ilə Qarabağ savaşının uğursuzluğa düçar olması faktdır və fakt olaraq millətin başı üzərində Domokl qılıncı kimi dayanıb. Bir daha məlum oldu ki, millətin çıxış yolu öz əlindədir".

Xatırladaq ki, "Qarabağ Azadlıq Təşkilatı" və bu təşkilata dəstək verən bir sıra ziyalılar erməni işğalında olan Azərbaycan torpaqlarının azadlığını müharibə variantında görür, mitinqlər keçirməklə hər kəsi də buna çağırır.

Azərbaycan hakimiyyəti isə, münaqişənin həlli üçün sülh və danışıqlar yolunda perspektivlərin tükənmədiyini bildirir.

 

Demokratik.Az


Oxşar xəbərlər