ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları

  • 17 okt 2018, 08:40

Ərazilər qaytarılmadan problemin həllinin mümkün olmadığı açıq bəyan edildi

Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil. Virtualaz.org-un xəbərinə görə, bunu EVN Report-a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir: "Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan ”ərazilər statusa əvəz olaraq" düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəccüblənmişəm ki, bu variant artıq dəstək qazanmır".

O deyib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır: "Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.

Qeyd edək ki, Riçard Millzin səlahiyyət müddəti başa çatır.

Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı eyni gündə daha bir ABŞ diplomatının bəyanatı olub.

Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib ki, ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ATƏT-in prinsiplərini dəstəkləyirlər və münaqişənin "Madrid prinsipləri” üzərində həllinə çalışırlar: "Bura ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyin etmək hüququndan istifadə daxildir. Hər bir ölkənin öz şərhləri ola bilər, amma bunlar əsas prinsiplərdir. Bizim vəzifəmiz münaqişənin həlli üçün iştirak edən tərəflər arasındakı təmasları asanlaşdırmaqdır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Birləşmiş Ştatlar tərəflər arasında keçirilən görüşləri və liderlər arasında birbaşa danışıqları dəstəkləyir”.

Politoloq Qabil Hüseynli bildirib ki, verilən açıqlamalar, o cümlədən son günlər Amerikanın yüksək ranqlı nümayəndələrinin Azərbaycana, bölgəyə səfərləri Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşmaq niyyətindən xəbər verir: "Belə görünür ki, ABŞ Qarabağ məsələsinin qarşılıqlı güzəştlərlə həll edilməsinə nail olmaq istəyir. Amerikanın İrəvandakı səfiri ”tutulmuş ərazilər" ifadəsini işlədib. Yaxşı olardı ki, o, hər şeyi öz adı ilə adlandırsın və "işğal olunmuş ərazilər” ifadəsini işlətsin. Səfir bu açıqlaması ilə həm də Ermənistanın sülhə, güzəştə hazır olmadığını bəyan etmiş olub. Odur ki, Vaşinqton ilk növbədə İrəvanı yola gətirmək istiqamətində düşünməli və buna çalışmalıdır. Azərbaycanın hələ də sülh danışıqlarından çıxmamasının özü güzəştdir".

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən Avropa Birliyi "Şərq tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir: "Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq. Bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isə sözügedən toplantıda bildirib ki, "Mən həmkarım Elmarla Dağlıq Qarabağa dair görüşlərin yaxşı dinamikası məsələsində razıyam”.

Ötən 5 ay ərzində Məmmadyarovla artıq iki görüş keçirdiyini deyən erməni nazir bildirib ki,  Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da yaxşı görüş keçib, bu da yaxşı dinamikaya imkan yaradı: "Biz bunu möhkəmləndirmək niyyətindəyik”.

Nazir deyib ki, yaxın zamanlarda, çox güman dekabrda Ermənistanda seçkilər keçiriləcək. Bununla belə, sülh üçün münbit atmosferin yaradılması məsələsini də diqqət mərkəzində saxlamaq lazımdır. Bura çoxsaylı elementlər daxildir, o cümlədən əvvəlki razılaşmalara əməl edilməsi, eskalasiya risklərinin azaldılması: "Biz bu addımlar üzərində köklənməliyik və münaqişənin bütün tərəflərinin əhalisini sülhə hazırlamaq üçün real səylər göstərməliyik. Daha bir mühüm vəzifə militarist ritorikadan və nifrət təbliğatından əl çəkməkdir”.

"Yeni Müsavat”

Oxşar xəbərlər