Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”

  • 16 okt 2018, 08:56

Azərbaycanda rus dili müzakirəsi səngimir

Keçmiş sovet imperiyasının tərkibində olan bəzi ölkələrdə rus dili artıq xarici dil kimi rəsmiləşdirilib. 2014-cü ildə Ukraynada rus dili qadağan olunmuşdu. Belə ki, ölkə ərazisində rus dilinə rəsmi status verməyə icazə verən "Dövlət dili haqqında” qanun ləğv edilmişdi. Ötən ildən başlayaraq Ukrayna məktəblərində 5-ci sinifdən sonra rus dilinin tədrisi ləğv olundu. Məlumata görə, 2020-ci ildən artıq ibtidai siniflərdə də rus dili qadağan olunacaq.

Hətta Rusiyanın forpostu kimi tanınan Ermənistanda da indiki hakimiyyət Rusiyaya qarşı daha bir demarş həyata keçirməyə hazırlaşır. Belə ki, bu ölkədə Rus Dram Teatrının bağlanması üçün hazırlıqlara başladılıb. Bildirilib ki, Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq, teatr yerləşməlidir. Teatr ta bağlanılmalı, ya da ki erməniləşdirilməlidir.

Xatırladaq ki, ötən il Ermənistanda rus dili xarici dil statusunu almışdı.  Qeyd olunmuşdu ki, Ermənistanda yeganə rəsmi dövlət dili erməni dilidir, digər dillər isə xarici dil hesab olunur...

Danılmaz faktdır ki, Azərbaycanda xeyli sayda azərbaycanlı bu gün də rus dilində danışır. Son illər dünyada rus dilində danışanların sayı azaldıqca, ölkəmizdə, əksinə, artmağa doğru gedir. Hətta yenidən valideynlər övladlarının daha çox rusdilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. Məsələ ilə bağlı artıq bir neçə gündür ki, millət vəkilləri arasında da müzakirələr davam etməkdədir. Bir qisim millət vəkilləri düşünür ki, valideynlərin heç bir ehtiyac olmadan uşaqlarını rusdilli bölmələrə qoyması doğru deyil, həmçinin gələcəkdə milli düşüncə üçün təhlükədir, bir qismi isə bu fikrə tolerant yanaşmaq lazım olduğunu vurğulayır.

Millət vəkili Tahir Kərimli isə məsələ ilə bağlı mövqeyini "Yeni Müsavat”a açıqlayıb. Millət vəkili vurğulayıb ki, ölkəmizdə məsələnin həm çoxlu tərəfdarları, həm də əleyhdarları var:

"Mövqe bildirəndə  digər tərəf narazı qalır. Rus dilinin Azərbaycanda məhdudlaşdırılmasının tərəfdarı olanlar müstəmləkənin bərpası istiqamətində və yaxud keçmişdə Azərbaycanın müstəmləkə sisteminin bir razılığı kimi dərk edirlər, ona görə rus dilinə qarşı çıxırlar. Düşünürəm ki, bunu tələbatla uyğunlaşdırmaq lazımdır.

Ola bilər ki, Ermənistanda ruslar və yaxud rusdillilər yaşamır, Rus Dram Teatrına ehtiyac yoxdur, tamaşalarını izləmirlər, amma Azərbaycanda bu var. Azərbaycanda nəinki ruslar, slavyanlar, hətta rus dilində təhsil almış azərbaycanlılar var. Məsələn, Qandi dünyanın ən böyük məxməri inqilabının əsasını qoyan ustadlardan biridir. O, ingilisdilli idi və ingilis dillilər istiqlaliyyətin yaradılmasında mühüm rol oynadılar. Ona görə də düşünmürəm ki, rus dilində danışan azərbaycanlılar ölkəmizin istiqlaliyyətini istəmir, ruspərəstdir. Ola bilsin ki, dilləri o cürdür, amma milli ruhları yüksək səviyyədədir. Bu məsələni, sadəcə, süniləşdirmək lazım deyil. Yəni süni olaraq yeni rusdilli məktəblərin yaradılması, rus dili faktorunun gücləndirilməsi, süni ruslaşdırma yaratmaq olmaz. Doğrudur, son zamanlar Rusiyanın Azərbaycana meyli güclənib, ölkəmizdə rusdilli məktəblərin, rus ab-havasının olmasını dəyərləndirirlər. Lakin hazırda Ermənistanda hakimiyyətə gələn qüvvələr Rusiyaya birmənalı münasibət bəsləmir, bunun üçün də oradakı rusdilli teatrların olmasını istəmirlər. Lakin biz bilirik ki, bizim düşmənlərimiz olan erməniləri ölkəmizə gətirən elə ruslar olub, torpaqlarımızda onlar üçün dövlət düzəldiblər və sairə. Beləliklə, düşünürəm ki, rus dili ilə bağlı məsələ təbii proses kimi həll olunmalıdır.

Bu günlərdə Gədəbəydə İvanovka kəndində oldum. Orada rusların rəhbərliyi və digərləri ilə görüşdüm. Düşünürəm ki, onların orada yaşaması çox mühüm məsələdir. Çünki bildiyiniz kimi, həmin yer Ermənistanla çox yaxın sərhəddə yerləşir. Ermənilər istədikləri an oranı top atəşinə tuta bilər. Amma bunu etmirlər, çünki kənddə ruslar olduğu üçün buna cürət edə bilmirlər.

Biz bilirik ki, əslində tarixən həmişə bizə düşmənçilik edən Rusiya indi regionda ciddi faktordur, xüsusən Qafqazda özünü qoruyub saxlaya bilib, onun Qafqazdan çıxması özünün məhvi deməkdir. Bəli, özünün mənafeyi üçün ölkəmizdə rus məktəblərini qiymətləndirə bilər.

Onun tərəfdarıyam ki, qorxmaq lazım deyil, rus dilini də bilmək bizim üçün çox vacibdir. Məsələn, yaşlı nəsil rus ədəbiyyatını, rus dilində fəlsəfi-elmi  kitablarını oxuyub. Yəni bildikləri dil bu dildir. İndi bunu inkar, rədd etməklə nə qazanırıq? Bizim daxilimizdə milli ruh var. Biz öz dilimizi, vətənimizin bir qaşığını Rusiyaya dəyişmərik. Ona görə də insanlar nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Adi rus dilini bilməklə çexlərin və yaxud bu tip başqa xalqların da dilini anlayırıq. Bunun üçün də bir daha qeyd edirəm ki, sadəcə, rus dilinin süni təbliğatı yığışdırılmalıdır".

Oxşar xəbərlər