DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb

  • 19 sen 2018, 20:33

Sentyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan  Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Latviya arasında mövcud əməkdaşlıqdan bəhs edib, tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzunmüddətli inkişaf strategiyasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlara toxunan Səfər Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.  Bir amalımız var, tam şəffaflığın təmin olunması-deyə sözünə davam edən  Komitə sədri gömrük sahəsində aparılan struktur və kadr islahatlarına da toxunub və qeyd edib ki, məqsəd peşəkar və bilikli kadrları işə cəlb edərək, çevik, dinamik gömrük xidməti formalaşdırmaqdır.

Azərbaycan və Latviya gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan  DGK sədri S. Mehdiyev əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfər Mehdiyev bir sıra ölkələrin gömrük qurumları ilə ilkin məlumat mübadiləsinin həyata keçirilməsinə dair sazişin imzalandığını, anoloji sənədin Latviya və Azərbaycan gömrük xidmətləri arasında imzalanmasının zəruriliyini qeyd edib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Yuris Maklakovs Riqada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini, orada "Made in Azerbaijan” brendi altında müxtəlif malların, o cümlədən kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyini məmnunluqla dilə gətirib.

Ölkələrimiz arasında gömrük müstəvisində münasibətlərin inkişaf tempindən danışan latviyalı diplomat əlaqələrin daha da intensivləşdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb, iki ölkənin gömrük sisteminin qarşılıqlı təcrübə mübadiləsindən yararlanmağının uyğun qurumların birgə fəaliyyət mexanizminə müsbət təsirindən bəhs edib.

Latviyalı diplomat iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı əlaqələrin gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Demokratik.Az

Oxşar xəbərlər