Gürcüstan Ermənistanın blokadasını gücləndirdi

  • 18 sen 2018, 07:45

Gürcüstan hökumətinin oktyabrın 1-dən etibarən Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına qadağa tətbiq etməsi Yerevan üçün olduqca neqativ nəticələrə gətirib çıxara bilər.

Virtualaz.org bildirir ki, bu barədə EADaily nəşri yazıb.

Gürcüstan Ermənistan üçün taxılın idxalı cəhətdən yeganə tranzit ölkədir. Erməni idxalatçıları buğdanı əsasən Rusiyadan alır və onu ölkəyə Gürcüstan ərazisi vasitəsilə yerüstü nəqliyyatla gətirirlər.

Amma Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yolları vasitəsi ilə həyata keçirilə bilər. Avtomobillə yük daşınmalarına ancaq ciddi zərurət yarandığı halda, özü də məhdud miqdarda yol verilə bilər.

Gürcü hökuməti bu qərarını turizm mövsümünün qızğın çağında Gürcüstan-Rusiya sərhədində tıxaclardan qaçmaq və ölkədə avtomobil yollarını boşaltmaq arzusu ilə əsaslandırır.

Yerli ekspertlərin son təhlillərinə görə, hər ay Rusiyadan gələn, təxminən, 3000 yüklə dolu avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda bir o qədər də boş avtomobil geri qayıdır: "Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur. Buna görə də Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır".

Erməni erspertlıri isə deyirlər ki, bu yalnız erməni bazarında taxılın və taxıl məhsullarının bahalaşması ilə yox, həm də onların daşınması üzrə illərlə yaradılan avtomobil nəqliyyatı infrastrukturunun dağılması ilə nəticələnəcək.

Onların fikrincə, taxılın daşınmasının Gürcüstan hökuməti tərəfindən təklif edilmiş yeni sxemi — dəniz vasitəsi ilə Poti limanına, oradan da dəmiryolu ilə Ermənistana çatdırılması gələcəkdə Gürcüstanı taxılın təchizatı məsələsində inhisarçıya çevirə bilər. Digər tərəfdən, bu həm Tbilisi üçün ağlasığmayan iqtisadi effekti təmin edəcək, həm də qərbdən və şərqdən Türkiyə və Azərbaycanla blokadaya alınmış Ermənistanın ondan asılılığını gücləndirəcək.

Xatırladaq ki, bu məsələ gündəmə təzə gələndə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək bu qərarın ölkəsində narahatlıq doğurduğunu bildirmişdi. O, bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirəsini təklif etmişdi. Lakin Gürcüstan tərəfi Ermənistana cavab vermədi.

Oxşar xəbərlər