Politoloq: Paşinyan Rusiyaya “günahkar şagird” kimi gedir

  • 09 sen 2018, 10:04

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri öz loyallığını sübut etmək üçün bir şans olacaq. Demokratik.Az bildirir ki, bunu Trend-ə azərbaycanlı politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Yerevanla Moskvanın münasibətləri heç vaxt bərabərhüquqlu tərəfdaşlıq münasibətləri olmayıb:

"Ermənistan Rusiya üçün müəyyən siyasi məqsədlərə alət olub. Bu gün Ermənistan Avropa bazarlarına çıxış imkanlarına malik deyil, Cənubi Qafqazdan keçən bütün layihələrdən məhrumdur. Yerevan bu gün yalnız Moskvaya ümid edir. Rusiya hər zaman Ermənistanın sponsoru, donoru və himayəçisi olub. Paşinyanın səfəri müəyyən mənada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və imzalanmış sənədlər fonunda Yerevanda yaranan təşvişlə əlaqədardır. Paşinyan yaxşı başa düşür ki, ona ünvanlanan çoxlu suallar var. O, bu suallara cavab verməli, öz loyallığını təsdiq etməli və sübut etməlidir ki, öz siyasi istiqamətini dəyişməyib. Lakin onun bunu edə biləcəyi sual altındadır. Sirr deyil ki, Ermənistan-Rusiya münasibətlərinun səviyyəsi əhəmiyyətli şəkildə azalıb”.

F.Sadıxov vurğulayıb ki, bu fonda Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlərin səviyyəsi yüksələcək:

"Reallıq ondan ibarətdir ki, artıq Bakı ilə Moskva arasında çoxillik strateji tərəfdaşlıq forması mövcuddur. Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı bir çox sahələrdə ikitərəfli əməkdaşlığı təsdiq edən və genişləndirən bir sıra sənədlər imzalandı. Rusiyalı ekspertlər və deputatlar açıq şəkildə bəyan edirlər ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsl müttəfiqidir. Bu, ikitərəfli əməkdaşlığın əhəmiyyətinin ciddi şəkildə qəbul edilməsi deməkdir. Bu fonda Paşinyan Rusiyaya "günahkar şagird” kimi gedir”.

Qeyd edək ki, N.Paşinyan sentyabrın 8-də Rusiyaya səfər edəcək.

Demokratik.Az

Oxşar xəbərlər