“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər

  • 18 avq 2018, 09:25

Rusiyanın Xəzərdə hərbi bazasını möhkəmlətməsi  üçün hərəkətə keçməsi ciddi narahatlıq doğurur

Ötən bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalanmasının ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dağıstanda xüsusi müşavirə keçirib və hərbi bazanın yaradılması işlərini müzakirə edib.

Rusiyanın Xəzərdə hərbi bazasını möhkəmlətməsi  üçün hərəkətə keçməsi ciddi narahatlıq doğurur. Gedən müzakirələrdə Xəzərin hərbisizləşdirilməsinin vacibliyindən də söz açılır. Belə olarsa, Xəzər üzərində təhlükəsizliyin daha çox təmin olunacağı vurğulanır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Xəzərin hüquqi statusu ilə bağlı mövcud vəziyyət Rusiyanı qane etmir: "Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalandıqdan dərhal sonra Dağıstanda xüsusi müşavirə keçirməsi ciddi suallar doğurur. Şoyqu Dağıstanda Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib, Dağıstanın Kaspiysk şəhərində müasir hərbi dəniz bazasının tikilməli olduğunu tapşırıb. Hazırda bazanın tikintisinə hazırlıq gedir. İnfrastruktur qurulur. Sergey Şoyqunun sözlərinə görə, Kaspiysdəki hərbi bazada hərbi qulluqçuların sayı çox olacaq. Bundan başqa Mahaçqala şəhərinin limanında hər obyektlər tikilir. Xəzərin statusu müəyyənləşəndən dərhal sonra Rusiyanın müdafiə nazirinin Dağıstana gedib hərbi liman tikintisinin sürətləndirilməsi barədə açıqlama verməsi nəyə lazım idi? Bu kimə və ya kimlərə mesajdır? Axı Aktauda imzalanan Konvensiyada da bildirilib ki, sahil ölkələri Xəzər aid olmayan ölkələrin hərbi hövzədə hərbi iştirakına imkan verməyəcəklər.

Yəni Rusiyanın narahatlığına əsas qalmayıb. Belə isə Rusiyanın Xəzərdə gücləndirdiyi hərbi dəniz donanmaları hansı dövlətə qarşıdır? Görünür, mövcud vəziyyət yenə Rusiyanı qane etmir. Əks halda Rusiya Xəzər donanmasının gücləndirilməsi üçün əlavə 18 yeni hərbi gəmi göndərməzdi. Deməli, Rusiya tərəfdaşlarına da inanmır və Xəzər hövzəsində liderliyini göstərir. Mənə elə gəlir ki, Xəzərin statusu ilə bağlı danışıqlar prosesində Xəzəri sahili dövlətlərin diplomatları bu məsələylə bağlı Rusiya nümayəndələrinə suallar verməli idilər. Bu suallar indi də səslənməlidir. Əgər Rusiya başqalarının rəyini nəzərə almayaraq Xəzərdə donanması gücləndirirsə, Azərbaycan da müstəqil dövlət kimi Xəzərdəki öz donanmasını gücləndirməlidir. Azərbaycanın Xəzərdə zəngin yataqları var, bu yataqların təhlükəsizliyi artırılmalıdır. Üstəgəl əgər Xəzərin statusu müəyyənləşəndən sonra Xəzərin dibi ilə Türkmənistanla Azərbaycanı birləşdirən Transxəzər boru xətti tikiləcəksə demək elə bu səbəbdən də donanmamızı gücləndirməyə ehtiyac var”.

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Azərbaycanın Xəzər donanmasını gücləndirməsinin vacibliyini vurğuladı: "Rusiya hər yerdə özünü təsdiq etmək istəyir. Onsuzda Xəzərdə ən güclü donanma Rusiyanındır. Ən azından indiki vəziyyətdə Xəzərdə yerləşən digər ölkələr Rusiyaya təhlükə deyil. Rusiya bu cür addımları ilə həqiqətən bölgədə, digər ölkələr üçün ən böyük təhlükə olduğunu göstərir. Azərbaycan təcili sürətdə Xəzərdə donanmasını gücləndirməlidir. Nə vaxta qədər ki Rusiyada şahinlər hakimiyyətdə olacaq, hər zaman Azərbaycanın müstəqilliyinə böyük təhlükələr olacaq. Rusiya harada varsa, oranı hərbisizləşdirmək mümkün deyil. Çünki Rusiya daim silahlanır. Azərbaycan Xəzər donanmasında hərbi quru qüvvələri kimi, güclü hərbi dəniz qüvvələri də qurmalıdır. Rusiyadan hər şey gözləmək olar. Ona görə Azərbaycan daim Xəzərdə hazırlıqlı vəziyyətdə qalmalıdır”.

Demokratik.Az

Oxşar xəbərlər