Eldar Namazov Xəzər anlaşmasını şərh etdi

  • 16 avq 2018, 10:52

BSAM rəhbəri: "Konvensiyada Azərbaycan üçün üstün cəhətlər potensial və nəzəri risklərdən qat-qat çoxdur”

"Yalnız nəzəri cəhətdən bu təhlükəni qeyd etmək olar. Praktiki cəhətdən bu, mümkün deyil. Onsuz da Xəzər dənizi dünya okeanı ilə yalnız Volqa-Don kanalı ilə bağlıdır. Rusiyanın razılığı olmadan heç bir başqa ölkələrin gəmiləri Xəzər dənizində peyda ola bilməz”.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov  bu fikirləri "Yeni Müsavat”a, Xəzəryanı ölkələrin konvensiyanın imzalanması nəticəsində Rusiyanın Xəzərdə hegemonluğu ələ alması və bunun nəticələrində region ölkələrinə, o cümlədən Azərbaycana yönələ biləcək hər hansı təhlükəli situasiyaya Qərb ölkələrinin müdaxilə imkanlarının qarşısının alındığı barədə iddialara münasibət bildirərkən söylədi.

Digər tərəfdən, E.Namazov qeyd etdi ki, Rusiyanın hərbi gücü ilə nə Azərbaycanın, nə də Xəzəryanı digər ölkələrin hərbi gücünü müqayisə etməyə dəyməz: "Xəzər dənizində vəziyyət bu güclərin balansını nə o tərəfdən, nə də bu tərəfdən o qədər də dəyişmir. Əvəzində isə faktiki olaraq biz Xəzər dənizi hövzəsində çox böyük yeni beynəlxalq enerji layihələrini həyata keçirmək imkanlarını qazanırıq. Faktiki olaraq, 4 ölkə arasında şərtlər əvvəldən də razılaşdırılmışdı. Burada ən vacib məqam o oldu ki, İran da bu dörd ölkənin gəldiyi razılığa qoşuldu. Təbii ki, burada Rusiyanın rolu böyük oldu. Ona görə ki, Rusiyanın İrana böyük təsiri var. Azərbaycan, Qazaxıstan, Türkmənistandan fərqli olaraq, Rusiya İranı bu konvensiyaya qoşulmağa sövq edə bilərdi və bunu etdi. Ona görə ki, başqa ölkələrin hərbi donanmasının Xəzərdə mövcudluğunu istisna edən bir bənd Rusiya üçün önəmli idi. Ancaq bu, daha çox logistika məsələləri ilə bağlı idi. Rusiya narahat idi ki, məsələn, ABŞ Avropadan Əfqanıstana, öz qoşunlarına dəstək, logistika əməliyyatlarında Xəzəryanı ölkələrdən istifadə edə bilərdi. Bunun üçün də Aktauda, başqa yerlərdə ABŞ hərbçiləri üçün müəyyən bir dayaq nöqtələri yarana bilərdi ki, Əfqanıstandakı ABŞ qoşunlarına logistik dəstək verilməsi rusları çox qıcıqlandıra bilərdi. Qazaxıstan və Azərbaycanın limanlarında ABŞ ordusunun müəyyən logistik dayaq mərkəzlərindən söhbət gedirdi. Rusiya buna görə çox narahat idi və bu konvensiyada həmin məsələ nəzərə alındı. Ancaq əvəzində Rusiya İranla da ciddi danışıqlar aparıb belə bir konvensiyanın qəbul olunmasına imkan yaratdı”. Bütün bunların yekununda ANİF prezidenti qeyd etdi ki, konvensiyada Azərbaycan üçün üstün cəhətlər potensial və nəzəri risklərdən qat-qat çoxdur.

Xəzərlə bağlı mübahisələrin çözülməsi şəraitində ABŞ-la regionun digər böyük dövləti Türkiyə arasında gərginliyin yaşanmasına münasibət bildirən E.Namazov bildirdi ki, Türkiyə ABŞ üçün çox önəmli və vacib ölkədir: "Regionda gedən proseslərdə - biz bunu xüsusən Suriyada, İraqda da gördük - Türkiyənin dəstəyi olmadan nə ABŞ, nə NATO ciddi bir projelər həyata keçirə bilməz. Mənə elə gəlir ki, Trampın son dövrlərdə ortalığa qoyduğu dəst-xətti var: əvvəlcə ciddi təzyiq edib, sonra masa arxasında oturub problemləri həll etmək. Belə bir situasiyanı, yəni ciddi təzyiq arxasınca dostluğu Şimali Koreya ilə bağlı da gördük. Əvvəlcə Tramp deyirdi ki, biz onları darmadağın edəcəyik. Bildirirdi ki, Şimali Koreyanın başına elə oyunlar açacağıq ki, bütün dünya şok yaşayacaq. Sonra da əlini sıxdı, oturdu, danışdı, dedi, yaxşı insandır, biz onunla hər şeyi razılaşdırmışıq. Bu oyunu Rusiya ilə də oynamaq istəyirdi: təzyiq, sanksiyalardan sonra Putinlə Finlandiyada görüşüb hansısa bir razılığa gəlmək istəyirdi. Ancaq ABŞ Konqresi mane oldu. Konqres Trampa Rusiya ilə bu tipli oyun oynamağa razılıq vermədi. Ancaq bu, Trampın ənənəvi yanaşmasıdır”.

E.Namazov Türkiyə ilə siyasətində bənzər addımları atması üçün ABŞ Konqresinin prezident Trampa icazə verəcəyi qənaətindədir: "Ona görə ki, mövqeyini nəzərə almaq lazımdır. Ona görə ki, burada Pentaqonun da mövqeyini nəzərə almaq lazımdır. Tramp administrasiyasında və Konqresin özündə ABŞ ordusunun, hərbi-sənaye kompleksinin təsiri çox böyükdür. ABŞ-ın hərbi-sənaye kompleksi də Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Ona görə də bir müddətdən sonra ABŞ-la Türkiyə arasındakı bu qarşıdurma aradan qaldırılacaq. Həmçinin Trampla Ərdoğanın görüşü və razılaşmaları da olacaq”.

BSAM rəhbəri Azərbaycanın bu mərhələdə ənənəvi barış siyasətini davam etdirməsini zəruri sayır. Tramp-Ərdoğan görüşü üçün Bakının ev sahibliyi etməsi ideyasına gəldikdə, E.Namazov bildirdi ki, bu, çox yaxşı olardı: "Ancaq adətən belə təşəbbüslər pərdə arxasında edilir. Ümid edirəm ki, Azərbaycan diplomatiyası, hər halda, pərdə arxasında bu mesajları Türkiyəyə də, ABŞ-a da ünvanlayıb. Yalnız onlar razı olsa, bunu artıq ictimailəşdirmək olar. Ancaq dünyada yəqin Türkiyə ilə ABŞ-ın bu qarşısındakı bu qarşıdurmanın aradan qaldırılmasında ən maraqlı ölkə varsa, o da Azərbaycandır”. Eyni zamanda ekspert bu iki nəhəng ölkə arasında gərginliyin davam etməsində ən maraqlı ölkənin də işğalçı Ermənistan olduğunu təsdiqlədi...

Oxşar xəbərlər