Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”

  • 21 iyul 2018, 11:03

Danışıq xətrinə danışıq dövrü bitir

Uzun fasilədən sonra nəhayət, Brüsseldə Azərbaycan və Ermənistan arasında kifayət qədər yüksək səviyyədə sülh danışıqları baş tutdu. Ötən həftə iki ölkənin XİN başçıları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir araya gəldilər. Lakin budəfəki, 4 saatlıq görüşdə də heç bir ciddi nəticə qeydə alınmadı.

Əslində bu, gözlənilmirdi də. Çünki işğalçı ölkədə inqilab dalğasında hakimiyyətə gələn yeni qüvvələr hazırda Qarabağ hayında deyillər. Daha doğrusu, Paşinyan iqtidarı Dağlıq Qarabağ konflikti kimi "xətalı” problemlə nə edəcəyini bilmir, yalnız sərsəm bəyanatlar verməklə məşğuldur. Xarici siyasi şərhçilər də vəziyyətdəki bu məqamlara diqqət çəkirlər. 

*****

"Ermənistanın Dağlıq Qarabağla bağlı məhsuldar danışıqlar aparmaq istəyi yoxdur”. "Yeni Müsavat” xəbər verir ki, bu sözləri azernews-a açıqlamasında rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, sülh danışıqlarının intensivləşməsi üçün ilk vacib şərt münaqişə tərəflərinin özlərinin danışıqlara hazır olmasıdır. "İndiki halda Azərbaycandan fərqli olaraq, erməni tərəfində belə istəyi müşahidə eləmirəm”, - deyə ekspert qeyd edib.

Rusiyalı politoloqun fikrincə, konfliktin nizamlanması üzrə qarant-ölkələri də dəyişmək zamanı çatıb: "Üçüncü ölkələrin qoşulması sülh əldə olunması üçün həmişə müsbət məqam sayılıb, ancaq Qarabağ məsələsində mənim fikrimcə, nizamlanma üzrə qarant-ölkələri, formatı dəyişmək lazımdır. Yəni ABŞ və Fransanı tamamilə faydasız ölkələr kimi kənarlaşdırmaq gərəkdir”.

Analitikə görə, regionda sülhün real qarantı ilk növbədə Rusiya, həmçinin Türkiyə və İrandır: "Məhz bu dövlətlər Bakı və İrəvan arasında diplomatik konsensus tapılmasına kömək eləməlidir”.

Rusiyalı politoloq həmçinin Ermənistanın indiki iqtidarının apardığı xarici siyasətdən dolayı narahatlıq ifadə edib. Onun qənaətincə, İrəvanın siyasəti Moskva ilə əsrlik əlaqələri pozmağa yönəlib ki, bu da özünü Dağlıq Qarabağ ixtilafının dinc nizamlanmasında və bütövlükdə regional təhlükəsizlikdə göstərə bilər.

"İrəvanın bütünlüklə Qərbə oriyentasiya götürəcəyi təqdirdə Moskva artıq təhlükəsizlik anlamında Ermənistanın maraqlarına zəmanət verə bilməyəcək. Əgər İrəvan üstəlik, Rusiya hərbi bazasının çıxmasında da təki eləsə, o zaman Moskva yəqin ki, kardinal siyasi qərarlar qəbul edəcək. Mən Cənubi Qafqazda siyasətin koordinatlarının bütünlüklə dəyişməsini nəzərdə tuturam. Bu, hər şeydən öncə Ermənistanın düşmən adlandırdığı ölkələrlə yaxınlaşma və onlarla hərbi-siyasi ittifaqların yaradılmasıdır”, - deyə Mixaylov sonda Ermənistanın Qərblə ikili oyun oynayan hazırkı rəhbərliyini, faktiki, hədələyib.

*****

Rusiyalı politoloq "yaxınlaşma və yeni hərbi-siyasi ittifaqlar” deyərkən şübhəsiz ki, Azərbaycan və Türkiyəni nəzərdə tutur və bununla İrəvanı Qarabağ məsələsi ilə təhdid edir. Bunu əlbəttə ki, İrəvanda da yaxşı başa düşürlər. O üzdən hələ bir müddət də baş nazir Nikol Paşinyanın Moskvaya sədaqət bəyanatları verəcəyini söyləmək olar.

Lakin N.Paşinyan Rusiyanın adamı olmadığı, Moskvaya yad olduğu, Qərbin ssenarisi ilə hakimiyyət olimpinə yüksəldiyi üçün enində-sonunda Rusiya ilə Qərb arasında seçim eləmək zorunda qalacaq. Əks halda, öz xalqına verdiyi bütün vədlər boşuna gedəcək. Qarşıdakı aylar Ermənistan və İrəvan-Moskva münasibətləri üçün həm də bu kontekstdə kritik sayılır. Demək, Dağlıq Qarabağ məsələsi ətrafında da mühüm gəlişmələr gözləməyə dəyər.

Bəs siyasi analitiklər bu istiqamətdə nə düşünürlər? Dağlıq Qarabağ probleminin həll perspektivi bu kontekstdə necə görünür, Paşinyanın seçimi nə olacaq?

"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Brüsselə səfərindən sonra aydın oldu ki, Avropa Birliyi və ABŞ Ermənistana maliyyə yardımını artırmaq niyyətində deyillər. Əsas səbəb də ondan ibarətdir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi ölkənin xarici siyasətində ciddi dəyişikliyə gətirib çıxartmadı”.


Teleqraf.com xəbər verib ki, bunu politoloq Azər Qasımlı deyib. Politoloq qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi hazırda Rusiyanın təsirindən çıxmaq iqtidarında deyil: "Özlərinin də dediyi kimi, baş verən inqilab geosiyasi hadisə kimi deyil, daxili hadisə kimi dəyərləndirilməlidir. Belə olan təqdirdə Qərb ölkələri də haqlı olaraq ”Biz niyə Ermənistanın Avrasiya İttifaqında və KTMT-də qalmasını maliyyələşdirməliyik?" deyə soruşa bilərlər. Hakimiyyətə gəldiyi zaman Paşinyanın, "Dağlıq Qarabağ danışıqların iştirakçısı olmalıdır, olmasa biz danışıqlarda iştirak etməyəcəyik” səsləndirdiyi bəyanatını tənqid etmişdim. Olduqca populist bəyanat idi. Mövqeyim də ondan ibarət idi ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Əgər Paşinyan Ermənistanda avtoritarizmə və korrupsiyaya qalib gəlmək istəyirsə, Rusiyanın təsir orbitindən çıxmalıdır. Bunun üçün də Qarabağ problemini həll etməlidir. Problemin həlli yolu da Azərbaycanla razılaşmadan keçir. Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil".

Azər Qasımlının sözlərinə görə, belə olmur. "Bir neçə gün əvvəl Gümrüdəki Rusiya hərbi bazasında baş verən növbəti insident bir daha göstərdi ki, Ermənistanın müstəqilliyi hələ də təhtid altındadır. Ola bilsin ki, Paşinyan Ermənistanda baş verən inqilabi dəyişiklikdən sonra ABŞ və Avropa Birliyinin Gürcüstana və Ukraynaya verdiyi dəstəyi Ermənistana da əsirgəməyəcək. Lakin Qərb ölkələri korrupsiyaya qarşı mübarizənin nəticələrini, erməni hakimiyyətinin xarici siyasət məsələlərində müstəqil qərar vermə imkanlarını görməlidirlər. Bu da dediyim kimi, Azərbaycanla danışıqlardan asılı olacaq”, - deyə o əlavə edib.

Göründüyü kimi, Paşinyan istəsə də, istəməsə də, xarici siyasətin daxili siyasətin davamı olduğunu qəbul eləməli olacaq...  

Oxşar xəbərlər