Əbülfəz Elçibəyin 80 illik yubileyi qeyd olundu - VİDEO

  • 23 iyun 2018, 10:21

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Demokratik.Az-ın məlumatına görə, "Elçibəy-80" İctimai Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə mərhum prezidentin ailə üzvləri, silahdaşları, siyasi partiya nümayəndələri və Milli Məclisin deputatları iştirak ediblər. 

Tədbir Azərbaycanın dövlət himninin oxunması və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra silahdaşları çıxış edərək, Əbülfəz Elçibəy haqqında xatirələrini bölüşüblər. Şair Ramiz Rövşən Əbülfəz Elçibəy şəxsiyyətini yüksək qiymətləndirərək, onun zamandan üstün bir insan olduğunu bildirib: "Əbülfəz bəyin həmişə bir sözü var idi. Həmişə deyirdi, hər şeyin zaman ehtiyacı var. Düzdür, zamanın heç nəyə ehtiyacı yoxdur, amma görünür, zamanın bəzən hansısa şəxsiyyətlərə ehtiyacı olur. Əsas ona görə ki, o şəxsiyyətlər zamanı onun özünə tanıdırlar".  /APA TV/

Türkiyənin Millətçi Hərəkat Partiyasının təmsilçisi Bülent Maşaoğlu Əbülfəz Elçibəyi belə xarakterizə edib: "Türkiyədə yeni nəsil bizə sual verir ki, Elçibəy kimdir? Biz də deyirik ki, Elçibəy türklükdür, Elçibəy Türk dünyasıdır, Elçibəy Turandır, Elçibəy Bozqurddur".

Deputat Fazil Mustafa bildirib ki, Əbülfəz Elçibəy Azərbaycanın strateqi olub: "O, Azərbaycanın ən ümidsiz vaxtlarında Azərbaycanın müstəqillik ideyasını proqram olaraq ortaya qoyan tarixi şəxsiyyət idi. Ardınca isə Azərbaycanın bütövlük ideyasının müəllifi idi".

Professor Nüşabə Sadıqlı Elçibəyin təmənnasız vətən və millət sevgisindən söz açıb: "Elçibəy bütün varlığı ilə Azərbaycana bağlı bir insan idi. Belə bir ifadə var ki, sevgi bumeranq kimi sonda qayıdır insanın özünə. Doğrudan da Əbülfəz bəyin Azərbaycana olan sevgisi sonradan getdikcə insanların ona olan sevgisində özünü büruzə verdi".

Xalq şairi Sabir Rüstəmxanlı Əbülfəz Elçibəyin Azərbaycan tarixində özünəməxsus yerə sahib olduğunu vurğulayıb: "Bu gün bərpa olunmuş Azərbaycan dövlətinin 27 yaşı var. Bu dövlətin qurulmasında milli azadlıq hərəkatının lideri olaraq Əbülfəz Elçibəyin çox böyük xidməti var. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Elçibəyin ad gününün keçirilməsi xüsusi bir hadisədir".

Tədbir çərçivəsində Elçibəyin yenicə çapdan çıxan "İstiqlal, hürriyyət və bütövlük strategiyası" kitabının təqdimatı baş tutub.

Daha sonra "Elçibəy-80" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub və onlar arasından ən yaxşıları 1-ci, 2-ci və 3-cü yerlərlə mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətinin qərarı ilə birinci yeri Ləman Ələşrəfqızı, ikinci yeri Jalə Mütəllimova, üçüncü yeri isə Səbuhi Məmmədli tutub.

Həmçinin münsiflər tərəfindən bəyənilən digər on yazının müəllifinə həvəsləndirici mükafatlar təqdim edilib. Nəticələr elan edilərkən müsabiqə iştirakçılarından yazıçı-jurnalist Kəramət Böyükçöl 4-cü yerlə razılaşmayaraq mükafatdan imtina edib.


 


Oxşar xəbərlər