“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar

  • 19 iyun 2018, 16:30

Azərbaycan BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri ilə açıq və fəal əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu BMT-nin İnsan Hüquqları Şurasının 38-ci sessiyasında təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn deyib.

O, hazırkı vəzifəsində sonuncu dəfə çıxış edərək dünya miqyasında insan hüquqlarının vəziyyəti ilə bağlı qiymətləndirməsini təqdim edib. Çıxışı zamanı Ali Komissar dünyanın bir sıra ölkələrində insan hüquqlarının hazırkı vəziyyətini tənqid edib və 4 illik fəaliyyəti müddətində onun rəhbərlik etdiyi Ofislə və BMT-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa tərəddüdlü yanaşan dövlətləri sadalayıb.

Ali Komissar, həmçinin BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri ilə açıq və fəal əməkdaşlıq edən və onların səfərlə bağlı müraciətlərinə müsbət cavab verən 19 ölkənin adını sadalayıb. Qeyd olunan ölkələr son 5 il ərzində BMT-nin 5-dən artıq insan hüquqları üzrə xüsusi məruzəçisini öz ölkəsində qəbul etmiş ölkələrdir.

Təqdirəlayiq haldır ki, sözügedən ölkələrin sırasında Azərbaycanın da adı qeyd olunub. Siyahıdakı digər ölkələr isə ABŞ, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Çili, Gürcüstan, Qana, Yunanıstan, Honduras, İtaliya, Qazaxıstan, Meksika, Koreya Respublikası, Serbiya, Şri Lanka, Tunis və Ukrayna olub.

Xatırladaq ki, BMT-nin insan hüquqları üzrə ali komissarı ötən ilin iyun ayında İnsan Hüquqları Şurasının 35-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanı BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarına hesabatlarını vaxtında təqdim edən azsaylı ölkələrdən biri kimi qeyd etmişdi.

Oxşar xəbərlər