Müxalifət partiyalarının yay planı

  • 13 iyun 2018, 11:39

Siyasi təşkilatlardan təşkilatlanmağa çalışanlar da var, istirahətə hazırlaşanlar da...

Son prezident seçkilərində iştirakdan imtina edən, bu və ya digər səbəbdən iştirak etməyən, habelə seçkilərə qatılmış müxalifət partiyalarının seçkidən sonra fəaliyyəti, ümumiyyətlə, nəzərə çarpmır. Müxalif partiya funksionerləri əsasən sosial şəbəkələrdə müxtəlif hadisələrə rəy yazmaq və ya digər bu kimi açıqlamalar yaymaqla məşğuldurlar.

Bəs müxalifətin yay planı nədən ibarətdir?

Ağ Partiyanın lideri Tural Abbaslı bildirib ki, partiya olaraq əsas işləri təşkilatlanmadır: "Hazırda Azərbaycanda seçki olmadığı və yay fəsli gəldiyi üçün siyasi proseslərdə passivlik var. Ümumiyyətlə, yay fəslində siyasi proseslər daha da passivləşir. Odur ki, əsas diqqətimizi təşkilatlanmaya vermişik. Partiyanı cəmiyyətə təqdim etmək üçün yeni piar metodları üzərində işləyib, müzakirələr aparırıq. Partiya funksionerlərinin cəmiyyətə tanıdılması istiqamətində bəzi işlər görməyə çalışırıq. Hər həftə partiyanın idarə heyətinin də iclasları keçirilir. Çalışacağıq ki, yay fəslində təşkilati məsələləri daha da gücləndirək. Təbii ki, burada yeni üzvlərin cəlbi, ideologiyanın təbliğatı məsələsi də var. Digər partiyalarla müttəfiqlik qururuq. Demək olar ki, bütün partiyalarla normal qaydada münasibətlərimiz var”.

"Yeni Müsavat”a danışan Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, bu yay demək olar ki, planlarında istirahət yoxdur: "Bildiyiniz kimi, bu yaxınlarda partiyamız qurultayını keçirəcək. Bütün rayon təşkilatlarımız hazırda partiya nizamnaməsinə uyğun olaraq, konfranslar keçirir, təşkilatların rəhbər strukturlarına və qurultaya nümayəndələrin seçimi gedir. Qurultaydan öncə isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirimiz baş tutacaq. Təşkilatlanmamız da hər zamankı kimi öz axarında davam edir”.

Yeni yaranan Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli söyləyib ki, onlar da ümumi işlərini davam edirlər:

"Yay fəslində kifayət qədər durğunluq olur. Həm hava şəraiti, həm də insanların tətillərini keçirmələri ilə əlaqədar siyasətdə süstlük yaranır. Çox güman ki, bu, bizim fəaliyyətimizdə də hiss olunacaq. Ancaq ən azından avqust ayına qədər bir çox tədbirlərimizi davam etdirəcəyik. Buraya regionlara səfərlər, müxtəlif müzakirələrin keçirilməsi daxildir. Avqustun əvvəlində 25-nə qədər ola bilər ki, yuxarıda qeyd etdiyim səbəblərdən dolayı fəaliyyətimizdə durğunluq yaşansın. İyul ayının sonuna qədər Bakıda müxtəlif şənbə müzakirələrimiz və tədbirlərimiz olacaq”.

ADP sədrinin müavini Həsrət Rüstəmov söyləyib ki, partiyalarının fəaliyyətində xüsusi yenilik yoxdur:  "Hazırda cari işlərlə məşğuluq. Yay planında bizdə hər zaman seçki ili olmayan ərəfələrdə avqust ayında tətil olur. Ona görə də bu ilin avqust ayında mərkəzi qərargah tətilə gedəcək”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli "Yeni Müsavat”a bildirib ki, hazırda noyabr ayında keçiriləcək olan tədbirə hazırlaşırlar: "Noyabr ayının 27-də Beynəlxalq Qarabağ Forumu keçirəcəyik. Partiya olaraq ona hazırlaşırıq. İşlərimizi bu istiqamətdə qurmuşuq.  Foruma dəvət olunacaq şəxslərin siyahısını hazırlayırıq. Həm xaricdən, həm də daxildən foruma dəvət ediləcək siyasi partiyalar, QHT sədrləri və digər şəxslərin iştirakı ilə Beynəlxalq Qarabağ Forumu baş tutacaq. Bundan əlavə, partiyanın Mərkəzi İcra Aparatı da iş planına əsasən fəaliyyətdədir. Həmçinin rayon təşkilatlarının hesabat seçki yığıncaqları keçirilir”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da söyləyib ki, Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçirəcəklər: "Partiyamız nizamnaməyə uyğun olaraq fəaliyyətini davam etdirir. Həm yerlərdə, həm də mərkəzlərdə şöbə üzvləri ilə əlaqələr saxlanılır. Bu il Cümhuriyyətin 100 illiyi, Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Yəni bir çox tədbirlərimiz var ki, bu tədbirlərlə bağlı rayon şöbələrinə partiya olaraq müvafiq tapşırıqlar vermişik.  Bu ayın 17-də partiyanın növbəti Ali Məclisinin sessiyası çağırılıb. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyətdən tutmuş, digər partiya həyatına aid olan məsələləri müzakirə edəcəyik. Eyni zamanda iyunun 24-də  Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbirlər var ki, bunun üçün rayon şöbə üzvlərinin aktivliyi tələb olunur. Eyni zamanda partiya özünün 4-cü qurultayına hazırlaşır. Rayon şöbələri özlərinin hesabat seçki konfranslarını edib, qurultaya hazırlıq işlərini davam edirlər”.

Oxşar xəbərlər