Azərbaycan XİN Nikol Paşinyana cavab verib

  • 09 may 2018, 09:16

"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatları cavabdan daha çox sual doğurur və anlaşılmır”.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Bu nədir? Sadəlövhlükmü, yoxsa mövzu barədə məlumatlı olmamaqmı? Bəlkə də, hamısıdır. Yaşayarıq, görərik”, – XİN rəsmisi əlavə edib.

H.Hacıyev vurğulayıb ki, Ermənistanda Serj Sarqsyan hakimiyyətinə qarşı etirazlar başlayanda rəsmi Bakı Yerevanda proseslərə ayıq başla yanaşan siyasi qüvvənin hakimiyyətə gələcəyinə ümid edirdi: "Hər halda biz prosesin başlanğıcında bildirmişdik ki, regionda baş verən hadisələrə ayıq qiymət verən və sağlam düşünən bir hakimiyyətin gələcəyinə ümid edirik”.

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o, bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir.


Oxşar xəbərlər