Canlı ünsiyyətlə əlini xalqın nəbzində saxlayan MİLLİ LİDER...

  • 09 apr 2018, 15:03
Ölkəmizdə keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Azərbaycan xalqı aprelin 11-də seçki məntəqələrinə gedib növbəti 7 ildə ölkəmizə rəhbərlik edəcək namizədə səs verəcək. Aydın məsələdir ki, Azərbaycan vətəndaşlarının seçim ünvanında dəyişiklik yoxdur. Çünki daha güclü Azərbaycana doğru gedə bilmək, müstəqilliyimizin əbədiliyini təmin etmək üçün Ondan etibarlı ünvan yoxdur. Bizim nail olduqlarımızı qorumaq, arzusunda olduqlarımıza çatmaq üçün bu böyük Şəxsiyyətə ehtiyacımız var.
Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürk deyirdi ki, ən böyük şəxsiyyətlər mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.
O, atası kimi öz həyatını xalqımızın xoşbəxtliyi, müstəqil Azərbaycanın dünya dövlətləri içərisində layiqli yerini tutması üçün qurban verib. O, dövlətimiz yaşasın, xalqımız var olsun deyə rahat həyatından imtina edib. Bütün bunların nəticəsi olaraq, Azərbaycanı dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən birinə çevirib.
Əlbəttə, Azərbaycanda əldə olunan nailiyyətlərin əsası 1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər Əliyev modelinin bəhrələridir. Ümummilli liderimiz müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, nəyin bahasına olursa-olsun, dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varisi də yetişdirib. Ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
İlham Əliyevin fəaliyyəti dövründə əldə olunan nailiyyətlər, qısa müddətdə Azərbaycanın keçid dövrünü yaşayan ölkədən inkişaf edən ölkələr sırasına çıxarılması Heydər Əliyev yoluna sədaqətin nəticəsidir. Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, O, dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə "Heydər Əliyev bu məsələni necə həll edərdi?” sualına cavab tapmağa çalışır.
Praqmatik düşüncə, işgüzarlıq, xalqına, Vətəninə, millətinə bağlılıq, qətiyyət, məqsədə doğru inamla irəliləmək – bütün bunlar cənab İlham Əliyevə xalqın rəğbətini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. İlham Əliyev şəxsiyyətində intellektlə istedadın, milli-mənəvi dəyərlərə bağlılıqla modernizmin, milli düşüncə ilə müasir düşüncənin, dövlət başçısı kimi ciddiliklə humanistliyin, rəhbərliklə sadəliyin vəhdəti kimi güclü xarakter cizgiləri formalaşıb.
Dövlət başçısının həyata keçirdiyi  siyasətin kökündə "real iş görmək” prinsipi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, qitələri birləşdirən dəmir yollarının, transmilli neft və qaz kəmərlərinin çəkilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin yalnız görünən tərəfidir. Ölkə rəhbərinin yeritdiyi siyasi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd deyil, həm də vasitədir: dövlət müstəqilliyinin qorunması, Azərbaycanın dünyada lider ölkəyə çevrilməsi yolunda vasitə!
Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirdi. Bu gün davam etdirilən yol həmin yoldur, böyük inkişafı hədəfləyən strateji məqsəd həmin məqsəddir. Ulu öndərimizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı əldə edilmiş müstəqilliyi qorumaqdır.
Xalqımızın böyük oğlu 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu fikri yeni müstəvidə davam etdirərək deyir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir… O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən. Azərbaycan bu ölkələrdəndir”.
Burada biz müstəqillik anlayışının yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirildiyini görürük. Dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansısa bir ərazidə müəyyən bir siyasi kursu tətbiq etmək tam müstəqillik deyil. Sözün gerçək mənasında, tam müstəqil olmaq üçün sərhəd toxunulmazlığı və müstəqil siyasət aparmaq əsas şərtdir. Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, orada hər şey xarici investisiyadan asılıdır, müxtəlif    ölkələrin şirkətlərinin sifarişi ilə həll olunur. Müstəqil siyasət yürütmək üçün gərək iqtisadi cəhətdən müstəqil olasan. Azərbaycanın bu sahədə gördüyü işlər indi bütün dünyanın diqqətini cəlb edir. Dostlarımız sevinir, düşmənlərimiz narahat olur. Təsadüfi deyil ki, bu günlərdə Prezident İlham Əliyevdən müsahibə alan Rusiyanın "Tass” İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın dövlət başçımıza ünvanladığı suallardan biri də məhz bu məsələ idi. Prezident isə qürurla Azərbaycanın heç kimdən asılı olmadığını dedi: "Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir”. 
Azərbaycan Prezidenti bu sözlərlə bütün dünyaya bir daha öz mesajını çatdırdı. O, bir daha göstərdi ki, Azərbaycan heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparmaqda qərarlıdır.
Ölkənin lider dövlətə çevrilməsi yolunda müstəqil siyasət apara bilməsi üçün iqtisadi inkişafla yanaşı, insan kapitalının formalaşdırılması da mühüm rol oynayır. Dövlət başçısı bu reallığı düzgün qiymətləndirir və deyir ki: "Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik”.
Son illər Azərbaycanda istifadəyə verilən təhsil ocaqları, ən müasir informasiya texnologiyalarının tətbiqi məhz insan kapitalının formalaşdırılmasına xidmət edir. Elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşdirilməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşdirilməsi sahəsində böyük uğurlar əldə edilib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı heç də kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənaye hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Bütün bunlar Azərbaycanın yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elmtutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir. Göründüyü kimi, cənab İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkəni daha da inkişaf etdirmək yolunda milli-mənəvi dəyərlərin qorunması, gənclərin milli ruhda tərbiyə edilməsi ilə bərabər, onların müasir informasiya texnologiyalarını dərindən mənimsəməsini də vacib sayır. Beləliklə, Azərbaycanda milli ruhda böyüyən, adət-ənənələrimizə sadiq, soykökə bağlı müasir gənclik yetişir.
Azərbaycan Prezidenti dünya miqyasında qəbul olunan siyasətçidir. Bu səbəbdəndir ki, Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. Əksər ölkələr tərəfindən Azərbaycanın uğurları dəstəklənir. Azərbaycan getdikcə dünyada daha möhkəm mövqeyə sahib olur, onun beynəlxalq nüfuzu möhkəmlənir. Xalqımız fəxr edir ki, dünyada onun rəhbərinin sözü ciddi qəbul olunur, onun prezidenti dünya siyasətinə müdaxilə etmək gücündədir. Bu bir həqiqətdir ki, Azərbaycana dost, qardaş olan ölkələrin başçıları dünya üçün əhəmiyyətli hər hansısa bir məsələdə İlham Əliyevdən dəstək almağa çalışırlar. Çünki bilirlər ki, İlham Əliyevin sözü bütün dünyada qəbul olunur, mövqeyi nəzərə alınır.
Cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrin yüksək templə inkişafı təmin olunub və dinamik xarakter alıb. 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər səviyyəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Müəllifi ulu öndərimiz Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin başa çatdırılması ölkəmizin sürətli inkişafına təkan verib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin reallaşdırılması Azərbaycanın gələcək inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Regionda reallaşdırılan enerji layihələrinin Ermənistanın iştirakı olmadan həyata keçirilməsi Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyinin, qətiyyətinin nəticəsidir.
Azərbaycan iqtisadiyyatı artıq, tam mənası ilə, şaxələndirilmiş iqtisadiyyatdır. Son illər dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin olunub. Son 15 ildə ölkəmizdə bütün sosial məsələlər öz həllini tapıb, valyuta ehtiyatlarımız daha da çoxalıb. Dünya İqtisadi Forumunun "2017-2018-ci illəri əhatə edəcək Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə görə, Azərbaycan dünyada 35-cı, MDB məkanında birinci yerdədir.
Bu, bir daha göstərir ki, uğurlu xarici siyasətin təməlində uğurlu daxili siyasət dayanır. Bu gün qlobal iqtisadi böhran şəraitində inkişaf tempini saxlayan və davam etdirən çox az sayda ölkələrdən biri də məhz Azərbaycandır.
Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirir. O, Heydər Əliyev kimi xalqın problemlərini xalqın özündən öyrənməyə daha çox üstünlük verir. Ona görə də xalqla birbaşa təmasda olur, yerlərdə sıravi vətəndaşlarla daim görüşlər keçirir, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Ölkə başçısı müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı səddi aradan götürməyi bacarır. Onun vətəndaşların problemlərinə həssas yanaşdığını son dövrlər imzaladığı sərəncamlar da açıq-aydın göstərir. Yerlərdə keçirdiyi görüşlərdə hər bir vətəndaşı diqqətlə dinləyən, onların problemlərinin həlli üçün lazımi göstərişlər verən cənab İlham Əliyevin vətəndaşlarla görüşlərində qaldırılan elə bir problem yoxdur ki, öz həllini tapmasın.
Azərbaycan Prezidentinin insanlarla ünsiyyəti, tez-tez bölgələrə səfər etməsi də dünyanın diqqət mərkəzindədir. "Tass” İnformasiya Agentliyi geniş oxucu kütləsinə malikdir. Odur ki, Mixail Qusman cənab İlham Əliyevlə müsahibəsində bütün dünyanı maraqlandıran suallara cavab almağa çalışıb. Ölkə rəhbərimizə verilən suallar içərisində Onun vətəndaşlarla görüşləri ilə bağlı sualın olması da hər kəsin buna maraq göstərməsi zərurətindən irəli gəlib.
Mixail Qusmanın "Elə həftə olmur ki, Siz respublikanın rayonlarına, müxtəlif regionlara səfər etməyəsiniz. Siz insanlarla fəal görüşlər keçirirsiniz. Özünüzün haqlı olaraq dediyiniz kimi, populizm Sizə xas olan cəhət deyil. Lakin, eyni zamanda, insanlar Sizə müəyyən xahişlərlə, müəyyən suallarla müraciət edirlər. Müxtəlif regionlar üzrə ümumiləşdirmə aparsaq, insanları ən çox narahat edən nədir? Onlar Sizə nə barədə müraciət edirlər?” sualına Prezident İlham Əliyev belə cavab verib:
"Mənim Prezident seçildiyim ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.
Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. O, yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndərimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Elə bunun nəticəsidir ki, 2003-cü ildən sonra keçirilən prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev yolunu seçib, cənab İlham Əliyevə səs verib.
Dövlət başçısı 2013-cü ilin prezident seçkilərindən sonra xalqa müraciətində növbəti 5 ildə də ölkəmizin daha sürətli inkişafına nail olacağını, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəyini bəyan etmişdi: "Növbəti illərdə biz bütün istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən Prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm”.
İlham Əliyev əvvəlki dövrlərdə olduğu kimi, bu beş ildə də verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha qüdrətli dövlətə çevirib. Ona görə də keçiriləcək seçkilərdə İlham Əliyevin prezident seçilməyə tam mənəvi haqqı var. Azərbaycan xalqının istəyi də budur.
Gecəli-gündüzlü zəhməti, mükəmməl idarəçilik bacarığı, dünyada olan şəxsi nüfuzu sayəsində Azərbaycanı uğurla irəli aparan cənab İlham Əliyev böyük təvazökarlıqla bu uğurları öz adına çıxmır. "Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki,  uğurlarımızın əsas şərtidir, əsas səbəbidir”, – deyir Azərbaycan Prezidenti.
İndi ağlı başında olan Azərbaycan vətəndaşı bulanıq suda balıq tutmağa çalışan bəzi "müxalif qüvvələrə” haqlı olaraq sual verir: Deyin görək, biz belə bir müdrik Şəxsiyyəti niyə yenidən prezident seçməyək? Bütün şüurlu həyatını Azərbaycanın inkişafına həsr edən, dövlət müstəqilliyimizi qoruyan, bundan sonra da qorunması üçün canını qurban verməyə hazır olan İlham Əliyevə etibar etməyək də kimə etibar edək?
Prezident hər bir dövlətin simvoludur. Şəxslər prezident olduğu müddətdə simvoldur. Prezidentlik fəaliyyəti başa çatdıqdan sonra onlar adi adamlardan birinə çevrilirlər. Ancaq dünyada İlham Əliyev kimi çox az sayda lider var ki, onun şəxsiyyəti, adı dövlətin və xalqın simvoluna çevrilib. İlham Əliyev Azərbaycan xalqının milli dəyəridir, millətimizin işıqlı sabahının, dövlət müstəqilliyimizin qorunmasının tək qarantıdır. İlham Əliyev hər bir Azərbaycan vətəndaşının, dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının inandığı, ümid yeri olan tək ünvandır. O, müstəqil Azərbaycan adlı vücudun döyünən ürəyi, işləyən beynidir. O, Azərbaycan tarixində Heydər Əliyevdən sonra hər bir azərbaycanlının lideri olmaq xoşbəxtliyini yaşayan ikinci böyük şəxsiyyətdir. İlham Əliyevsiz müstəqil Azərbaycan yoxdur. Aprelin 11-də seçki məntəqələrinə gedəcək seçicilər bilir ki, onlar İlham Əliyevə səs verməklə müstəqil və qüdrətli Azərbaycanın varlığına səs verəcəklər.

İlhamla irəli!

Tural Səfərov 
Oxşar xəbərlər