“İqtidar adından milli çağırış edildi...” – Rauf Arifoğlu

  • 30 mart 2018, 15:19

 Bu, təxminən Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdin de-şifrə olunmasına bənzəyir

Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezidentin köməkçisi, Administrasiyanın ictimai-siyasi şəbəsini müdir Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, MM üzvü Aqil Abbas və bir çox qəzet baş redaktorları çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər. 

Tədbirdə çıxış edən "Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, media təmsilçilərinin diqqətini bir az əvvəl Azərbaycan dövlətinin əsas sözçülərindən birinin açıqladığı mühüm məlumata çəkmək istəyir:
"Prezidentin köməkçisi Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verdi. Onun açıqladığı məqamlara diqqət etmək lazımdır. Əli Həsənov açıq şəkildə və rəsmən dedi ki, Azərbaycana, onun iqtidarına və dövlət quruluşuna qarşı beynəlxalq və məkrli plan var. Dövlət bizim və bizim vasitəmizlə, cəmiyyətin diqqətini bu mühüm fakta cəlb etmək istəyir. Biz buna görə buraya toplanmışıq. Yoxsa, 3-4 özünü bəyənmişə, Avropadan efirə tüpürənlərə görə buraya bu qədər insan yığışmazdı. Əli Həsənov çıxışında dedi ki, Azərbaycanı Suriyaya çevirmək istəyirlər. Və bu prosesdə, 2013-cü ildə olduğu kimi, bu dəfə də adı, soyadı bizdən olanlardan istifadə edirlər. Biz, dövlət və cəmiyyətlə birgə ölkəmizə qarşı təhlükəni dəf etmək üçün milli, ictimai müqaviməti təşkil etmək istəyirik. Bir məsələni deyim: bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər... Məsələnin mahiyyətindən xəbərləri yoxdur. Bizim təxmin etdiyimiz prosesi rəsmən və detallarla açan Əli Həsənov da burada bildirdi ki, məsələ və səviyyə Orduxan, ya da başqaları ilə bitmir. "Səviyyə”, böyük güclərin Azərbaycana, regiona qarşı başlatdığı məkrli bir plandır. Bir mühüm məqamı deyim: hazırda dünyada sabitlik və təhlükəsizlik qədər böyük amil, mühüm nemət yoxdur. Hər şeyin başında o gəlir. Azərbaycan uzun illərdir ki, dünyanın və bölgənin ən rahat, Azərbaycanı dünyanın ən rahat, ən təhlükəsiz ölkələrindən biridir. Bu, bizim çox böyük fərqimiz və üstünlüyümüzdür. Qardaşımız Türkiyədə, Rusiyada, İranda, Avropa ölkəsində bu cür rahat və təhlükəsiz mühit yoxdur. Beynəlxalq terrorun məlum dağıdıcı fəaliyyətindən sonra biz, bu sabitliyin, təhlükəsizliyin qiymətini anlamışıq. Bunun qədrini bilək və bizi bundan məhrum edənlərə qarşı kompromissiz davranaq. Söhbət ölkədən, dövlətdən, millətdən, onun maraqlarından gedir. Hörmətli həmkarlar, burada sosial şəbəkələrin əleyhinə bəzi çağırışlar səsləndi. Əzizlərim, sizin gözünüzün qabağında Azərbaycan rəsmiləri, prezidentin özü, onun köməkçisi, başqa mühüm insanlarımız sosial şəbəkələrdən daim istifadə edir, fəaliyyətlərində bu şəbəkələrin imkanlarından istifadə edirlər. Belə olan halda, sosial şəbəkələri məhdudlaşdırmaqla bağlı çağırışlar etmək, bildirmək ki, sosial şəbəkələr imperializmin silahıdır, düşünürəm ki, düzgün deyil və ən zəif tənqidə də dözmür. Əli Həsənovun açıqlamasında açıqlanan bir mühüm məqam da var: rəsmən elan olundu ki, bütün bu proses, Prezidentə və ölkəyə qarşı aparılan gözdənsalma kampaniyası qarşıdakı prezident seçkilərinə görədir. Biz bunu təxmin edirdik, yazırdıq; lakin indi rəsmi şəxs tərəfindən xüsusi bir məlumat açıqlandı! Bu məqama da diqqət etmək lazım. İndi anlaşıldı ki, dövlətimizdə, onun rəhbərində xüsusi bir məlumat olub və məhz bu səbəbdən də seçkini önə çəkiblər. Azərbaycana qarşı olan şəbəkələnməyə, onun genişlənməsinə imkan verməmək üçün belə bir addım atılıb. Bu, təxminən Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdin de-şifrə olunmasına bənzəyir. Onda da dövlət önləyici tədbirlər gördü. Üsyançılar çarəsiz və məcbur başladılar, hazırlıq tam olmadı, ona görə də uduzdular...

Düşünün ki, prezident seçkisinə start verilən kimi başlayan hazırkı proses hələ 6-7 ay davam edəcəkdi. Bunlar çalışacaqdılar ki, Azərbaycan dövlətini, cəmiyyəti qoruyan zirehləri darmadağın etsinlər. O zirehlərin ən önəmlisi ölkədə sabitliyi təmin edən dövlət aparatının rəhbərliyi, konkret olaraq, prezidentdir. Məhz buna görə də hücum əsas qoruyucu zirehə qarşıdır. Ona görə də, hazırda biz sizinlə birlikdə o söyüş dəstəsinə cavab vermirik: Zirehin zərbə alan yerlərini bərpa edirik və cəmiyyəti ona çağırırıq ki, siz də bu prosesə qoşulun. Bu, bir kampaniya çağırışı deyil: Əli Həsənov iqtidar adından milli bir çağırış etdi. Yəni hər kəs ən azından, bu barədə düşünsün və nə baş verdiyinin fərqində olsun.

Sonda bir məsələni də deyim ki, bizim bəzi hörmətli deputatlarımız var, onlar ara-sıra açıqlama verirlər və bu, hadisəyə çevrilir. Belə başa düşürəm ki, bu məsələdə də nisbətən peşəkarlar danışsalar daha məqsədə uyğundur, onlar danışmasınlar. Bu, vətən, dövlət məsələsidir. Bu məsələdə biz hesab edin ki, virtual İŞİD-çılara qarşı mübarizədəyik.Onların qarşısına bu mübarizəni və mahiyyəti bilənlər çıxsa, yaxşıdır...".

Oxşar xəbərlər