Razi Nurullayev: “Söyüş və təhqir insanları siyasətdən iyrəndirir”

  • 12 mart 2018, 08:28

Siyasi mübarizədə təhqir bumeranq effekti verir, çünki...

Yeganə Hacıyeva: "Söyüşlə Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq mümkün deyil”

Avropada yaşayan bəzi azərbaycanlıların hakimiyyətdə olan şəxslərə və onların yaxınlarına qarşı sosial şəbəkədə təhqir kampaniyası aparması, eyni zamanda, naməlum şəxslərin xaricdə yaşayan azərbaycanlılardan birinin atasının məzarını murdarlaması, hətta bu əməli sosial şəbəkəyə yerləşdirməsi cəmiyyətdə ciddi narahatlığa, müzakirələrə səbəb olub.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov yaranmış durumla bağlı cəmiyyətə, siyasi, ictimai xadimlərə, müxalif qüvvələrə məsələyə münasibət bildirmələri üçün müraciət belə edib. Tanınmış xalq hərəkatı iştirakçılarından müraciətə müsbət reaksiyalar olub.

Bəs, siyasətdə təhqir nə dərəcədə məqbul sayıla bilər? Belə bir təcrübə varmı ki, bu yolla aparılan mübarizə hansısa uğura gətirsin?

Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, haqsız yerə ən çox təhqir olunanlardan biri də onun özüdür: "Məni də haqsız yerə daha çox təhqir edirlər. Siyavuş Novruzovun müraciəti isə doğurdan da dənizdə tufan effekti yaratdı, yerində edilmiş müraciət idi. Birinci növbədə, adı çəkilən-çəkilməyən, Azərbaycan siyasətində olan siyasətçilərin hamısının söyüş söyənlərə, təhqir edənlərə adını çəkərək münasibət bildirməsi zəruridir. Biri təhqir olunur, o birisi seyrçi qalır, amma bilsin ki, bir gün onların da bağçasına ”daş" atılacaq. Həm də belə çıxır ki, bəzi siyasətçilərə şəxsi anlamda başqalarının söyülməsi və təhqir edilməsi sərf edirsə və susursa, bu onları müdafiə anlamına gəlir".

R.Nurullayev nə siyasətdə, nə də digər sahələrdə söyüş və təhqirin uğur gətirməyəcəyini vurğuladı: "Azərbaycanlı mentaliteti üçün bu qəbuledilməzdir. Ola bilsin ki, insanlar əl çalacaq, tərif deyəcək, ”Afərin, kişisən, oğulsan, canavarsan!" və digər bu kimi epitetlərə də onu qonaq edəcək, lakin qərarvermə anında o insanı seçməyəcək, onunla dostluq etməyəcək və ictimaiyyət içində onunla bir görünmək, şəkil çəkdirmək və hər hansı tərzdə onunla bir olmaq istəməyəcək. Söyüş və təhqiri lənətləyirəm, onun yaratdığı effekti və oyanıqlığı isə cəmiyyət üçün çox zərərli hesab edirəm. Söyüş, təhqir təhqir doğurur. Söyüş və təhqir bumeranq effekti yaradır və təbii ki, ilkin nöqtəsinə qayıdacaq. Ola bilsin ki, Qərb üçün bu keçilmiş, öyrəşilmiş və cəmiyyət üçün qəbul edilən tərzdir. Orada bir kişinin digər kişinin yatağına girməsi də ayıb deyil, insan azadlığının təzahürüdür. Bizim insanlarımız isə buna ikrah hissi ilə yanaşır, bəziləri isə maraqlı hadisə kimi yanaşa bilər, amma qəbul etməz. Digər tərəfdən söyüş və təhqir insanları siyasətdən iyrəndirir. Biz isə çalışırıq ki, insanlar siyasətə gəlsin, fəal olsun, siyasətçilərə, jurnalistlərə, ziyalılara inana bilsin".

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə bildirdi ki, Siyavuş Noruzovun müraciətini iqtidarlı-müxalifətli cəmiyyətdə qruplararası barışa, əminamanlığa, münasibətlərin gərginləşməsinin qarşısının alınmasına yönəlmiş addım və ümumi barışa çağırış kimi qəbul etmək olar: "Dünyanın müxtəlif cəmiyyətlərində mübarizə üsulları, xalq kütlələrinə təsir vasitələri müxtəlif olur. İstər iqtidarlar, istərsə də müxalifətlər müxtəlif siyasi hadisələr öncəsi cəmiyyətləri onlara təsir edən həssas mövzularla aktivləşdirmək, onları idarə etmək, müəyyən məqsədlər üçün istifadə etmək təcrübələri mövcuddur. Heç kimə sirr deyil ki, dünyada bu mövzuları öyrənən və tətbiq edən çoxlu sayda ”beyin mərkəzləri" var. Son illər dünya müxtəlif coğrafiyalarda kənar qüvvələrin bu kimi üsulları tətbiqi ilə başlanılan, yerli xalqlar və cəmiyyətlər üçün ağır nəticələnən çoxlu sayda qanlı olayların şahidi olub. Azərbaycan toplumu tarixən təhqir və söyüşlərə neqativ yanaşan bir cəmiyyətdir. Bu coğrafiyada ailəyə, qadına, uşağa, dünyasını dəyişənlərə hörmət cəmiyyətin idarə olunmasında yazılmamış qanunlarla tənzimlənən mentalitet adlandırdığımız bir institutun, milli dəyərlərin tərkib hissəsidir. Bizim cəmiyyətdə istər siyasi, istərsə də digər sahələrin nümayəndələrində bu mövzulara yanaşma diqqətli və həssas olmuşdur. Bildiyiniz kimi, Azərbaycan cəmiyyəti söyüş və təhqirlərdən hiddətlənən cəmiyyətdir. Heç kimə sirr deyil ki, bizdə məişətdə və cəmiyyətdə baş verən istənilən xoşagəlməzliklərin əsasını söyüşə hiddət və ona neqativ reaksiya təşkil edir. Bizdə bağçada belə kiçik uşaqların, məktəbdə yeniyetmələrin davasının, küçədə baş vermiş qanlı insidentlərlə nəticələnən bütün davalar adətən söyüş və təhqir üzərindən baş verir. Şəxsən mən sırf son bir neçə ayda özünü yeni siyasi qüvvənin nümayəndələri adlandıran fərdlərin öz opponentlərini, onların ailə üzvləri və yaxınlarının ünvanına təhqir və söyüşlər yağdırması kampaniyasını təsadüfü hesab etmirəm. Yəqin ki Azərbaycanda son zamanların ən narahat edici gərginlik olmuş İsmayıllı hadisələrini hamı xatırlayır. O gərginliyin əsasını da yerli camaatı təhqir etmiş bir məmur qohumunun söyüşü olmuşdu".

Y.Hacıyevaya görə, son ayların "kampaniyaları”nın başlama tarixinə diqqət yetirmək kifayətdir ki, bunun seçki öncəsi cəmiyyətimizdə siyasi qruplar arası münasibətlərin gərginləşməsinə hesablanmış təxribat kampaniyası olması aydın olsun: "Söyüş və təhqirin siyasi mübarizəyə heç bir aidiyyəti yoxdur. Bunu edən heç bir siyasi qrup Azərbaycanda heç vaxt cəmiyyətin rəğbətini qazana bilməz”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər