İlqar Məmmədovla bağlı son üç ay - azad ediləcəkmi...

  • 08 mart 2018, 10:46

Fuad Ağayev: "Qərarın icrası üçün son müddətdir”; Çingiz Əsgərov: "İlqar Məmmədovun nümayəndəsi vaxtından əvvəl bəyanat verib”

REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi ikinci qərar qüvvəyə minib. Tələbə görə, qərar üç ay ərzində Azərbaycan hökuməti tərəfindən icra olunmalıdır və bu müddətdə vicdan məhbusu azadlığa buraxılmalıdır.

Qərarın qüvvəyə minməsi barədə İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil "Yeni Müsavat”a açıqlamasında bunları dedi: "Qərarda göstərilən üç ay o demək deyil ki, gözləmək lazımdır bu müddət keçsin, sonra icra etsinlər. Bu bir neçə gün ərzində də ola bilər. Üç ay, sadəcə, qərarın icrası üçün son müddətdir. Hesab edirəm ki, Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov qərarı Ali Məhkəməyə göndərməlidir. Məhkəmə sədri də dərhal bu məsələni plenumun baxışına çıxarmalıdır. Məsələnin optimal həlli yolu iş üzrə icraata xitam verilməsidir, cinayət hadisəsi olmadığına görə. Azərbaycan hökumətinin Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı martın 1-nə qədər rəsmi Bakıya cavab verməsi üçün göndərdiyi sorğuya cavab verilib-verilmədiyi də bizə məlum deyil. Cavab verilibsə belə, bu bizə hələ çatdırılmayıb”.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı qərarı bu cür şərh etdi: "İlk qərarda bildirilmişdi ki, İlqar Məmmədov qeyri-qanuni olaraq həbs edilib və bunun üçün azad olunmalıdır. Amma bu qərar icra olunmadı. Artıq ikinci qərar verildi. İlk qərarda olduğu kimi, burada da İlqar Məmmədovun azadlığı istənilir. Prosedura görə, üç ay ərzində istər birinci, istərsə də ikinci qərar icra olunmalıdır. Amma artıq ilk qərar icra edilməyib. Bir məsələni də deyim ki, sonuncu qərar Nazirlər Komitəsinin daha əvvəl qəbul etdiyi qərar əsasında Avropa Məhkəməsinə göndərdiyi sorğu nəticəsində qəbul edilməyib. Bu tamam başqa bir qərardır. Nazirlər Komitəsindən əvvəl İlqar bəyin verdiyi şikayət əsasında qəbul edilmiş bir qərardır. İndi üçüncü qərar olacaq. Azərbaycanın İlqar Məmmədovun məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirib-keçirməməsi ilə bağlı olacaq. Bununla bağlı Azərbaycan hökuməti ilə Avropa Məhkəməsi arasında martın 1-də kommunikasiya bitib. Yaxın üç ay ərzində Avropa Məhkəməsinin qərarını gözləyirik. Bu günə olan durum odur ki, Avropa Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikin qərar verib. Hər iki qərarda da təzminat ödənilməsi, eyni zamanda İlqarın qeyri-şərtsiz azad edilməsi məsələsi var. İlk qərarın yalnız təzminat hissəsi icra olunub. Son qərarın isə icra olunub-olunmayacağını qarşıdakı üç ayda görəcəyik”.

"Avropa Məhkəməsinin qərarı 16 fevral 2018-ci ildə qüvvəyə minə bilərdi. Həm İlqar Məmmədov, həm də hökumət işə Avropa Məhkəməsinin Böyük Palatasında baxılması üçün ərizə verib”. Bunu isə haqqın.az-a İnsan Hüquqları üzrə Avropa  Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, ərizəyə beş hakimdən ibarət komitə tərəfindən baxılır: "Ərizə rədd olunacağı təqdirdə 16 noyabr 2017-ci ildə verilən qərar qüvvəyə minəcək. İlqar Məmmədovun nümayəndəsi vaxtından əvvəl bəyanat verib. Çünki hələlik tərəflər komitə tərəfindən ərizəyə baxılmasının nəticələrinə dair rəsmi xəbərdarlıq almayıb”.

Səlahiyyətli nümayəndənin sözlərinə görə,  Avropa  Məhkəməsinin qərarında ərizəçinin azad edilməsi barədə heç nə deyilmir: "Yalnız qərar qüvvəyə mindikdən sonra ölkə qanunvericiliyində nəzərdə tutulan tədbirlər görüləcək”./mənbə - musavat.com/

"Demokratik.Az"

Oxşar xəbərlər