"Mühacirlər müxalifətə şükür oxutdurur" - Qabil Hüseynli

  • 23 fev 2018, 08:59

Qabil Hüseynli: "Rəqibin sözü qurtaranda söyüşə əl atır”

Xarici ölkələrə mühacir həyatı yaşamağa gedənlərin Azərbaycan iqtidarı barədə ağır təhqirlər, söyüşlər yağdırmaları halları durmadan artır. Onlar əvvəlki vaxtlara qədər hakimiyyətin siyasətini, idarəetməsini bəyənməyib onu tənqid edir, bəzi hallarda dozanı artıraraq təhqirlərə yol verirdilərsə, indi tam əndazədən çıxaraq, konkret şəxslərin ailə üzvlərini hədəfə götürür, ən ağır formada söyüşlər yağdırırlar.

Bir sözlə desək, müxalif siyasi mühacirlər ölkə daxilindəki müxalifətə şükür oxutdururlar. Onların bu davranışları tək özlərini deyil, vaxtilə təmsil olunduqları siyasi qurumları da gözdən salmaqdadır. Ölkə müxalifətinin bu şəxsləri tutduqları yoldan geri döndərmək imkanları olduğu halda bu təhqirləri, söyüşləri rahatlıqla seyr etmələri həm qınanır, həm də ciddi suallar yaradır. Eyni zamanda Azərbaycan hökumətinin hələ də bu məsələdə susqun mövqe sərgiləməsi yaranan suallar sırasındadır.

Maraqlıdır ki, burada bəzi Avropa ölkələri ikili standartlardan çıxış edir. Məsələn, Azərbaycanla əlaqələrə önəm verdiyini deyən elə dövlətlər var ki, daxillərində azərbaycanlı mühacirlər bu tipli söyüşlər, təhqirlər yağdırırlar. Almaniya, Fransa, Hollandiya kimi dövlətləri burada xüsusi qeyd etmək olar.

Sabiq dövlət müşaviri Qabil Hüseynli "Yeni Müsavat”a açıqlamasında bildirib ki, əgər biri siyasi mübarizəni intellektual səviyyədə aparmağı bacarmırsa, bu işlə məşğul olmasın: "Belə bir söz var ki, rəqibin sözü qurtaranda söyüşə əl atır. Bu işə girişən adamın yüksək intellekti olmalıdır, o şəxs etik çərçivələri pozmamalıdır. Bu fəaliyyətlə məşğul olan zəngin dünyagörüşə və intellektual hazırlığa malik olduğundan etik qaydalar çərçivəsində təbliğatını aparmağı bacarmalıdır. Onlar ora siyasi mühacir kimi gediblər və bu həyatı yaşamalıdırlar. Amma bəzi hallarda siyasi mühacir həyatını buraxaraq, ölkənin imicinə zərər gətirən, ölkədəki siyasi proseslərə kölgə salmağa çalışan hərəkətlərdə görünmək məqbul sayıla bilməz. Bunlar həm də təmsil olunduqları müxalifət düşərgəsinə də başucalığı gətirmirlər. Düzdür, onların içərisində hamısı müxalifətin nümayəndələri deyillər.

Onların içərisində vaxtilə vəzifələrdə təmsil olunan və çıxarıldıqdan sonra ölkəni tərk edənlər də var. Əgər azərbaycanlıdırsa, Azərbaycan adına danışırsa, bu adamlar etik qaydalara əməl etməyə borcludurlar. Ən yaxşısı o olar ki, onlar bu mübarizəni aparırlarsa, bu mübarizəni şəxsi inciklik səviyyəsində aparmamalıdırlar. Bu və ya digər şəxsləri tənqid edərkən gerçək, real faktlara əsaslanmalıdırlar. Ayrı-ayrı şəxsləri tənqid edərkən onların ailələrini bu işə qarışdırmaq çox yaramaz bir şeydir. Bununla barışmaq mümkün deyil. Onların etdikləri heç bir halda ölkəyə xeyir gətirmir. Təmsil etdikləri qurumların onlara hər hansı bir təsir etmək imkanlarının olduğunu söyləmək imkanına malik deyiləm. Çünki onlar həmin təşkilatlarla əlaqələri üzüblər. Ola bilsin ki, yaşadıqları ölkələrdə müəyyən qüvvələrin və mərkəzlərin təsirləri altına düşüblər. Ona görə də ölkədaxili müxalifətin onlara təsiretmə imkanlarının nə dərəcədə olduğu barədə dəqiq fikir söyləmək çox çətindir. Amma Azərbaycan hökuməti bu istiqamətdə müəyyən addımlar ata bilər. Həmin dövlətlərə müraciətlər oluna bilər. Onların söylədiklərini toplayaraq, məhkəmə mübarizəsinin predmetinə çevirmək mümkündür”. 

Cavanşir ABBASLI

/Y.M/

Oxşar xəbərlər