Prezidentliyə namizəd bolluğu yaxşıdır, yoxsa...

  • 02 fev 2018, 09:31

Elçin Mirzəbəyli: "Namizədlərin sayının 5 nəfərdən az olmayacağını düşünürəm”

Rusiyada gələn ay keçiriləcək prezident seçkisində iddiaçıların sayının çox olacağı gözlənilir. Namizədlərin bolluğu Azərbaycanda da bu məsələni gündəmə gətirib.

Məlumdur ki, oktyabrın 17-də ölkəmizdə də prezident seçkisi keçiriləcək. Həmin seçkidə iddiaçıların sayının çox olub-olmayacağı suallar doğurur. Artıq bu günə qədər 7 nəfər namizədliyini irəli sürəcəyini bəyan edib. Bu siyahının genişlənəcəyi şübhəsizdir. Bu baxımdan oktyabrdakı seçkilərdə 10-dan çox namizədin ola biləcəyini təxmin etmək olar. Lakin əsas məsələnin iddiasını irəli sürənlərdən kimlərin tələb olunan 40 min imzanı yığacağı, yaxud onlardan kimlərin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınacağı ilə bağlıdır.

İstənilən ölkədəki prezident seçkilərində namizəd bolluğunun həmin ölkə üçün müsbət və ya mənfi tərəflərinin olması ilə bağlı müxtəlif fikirlər var. Demokratiya baxımından çoxları bunun vacibliyini vurğulasa da, əks fikirlər söyləyənlər də az deyil.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli namizəd bolluğunu problem saymır: "Öncə qeyd edim ki, Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkiləri arasında paralellər aparmaq istəmirəm. İstənilən müqayisə qüsurludur. Amma bu məsələdə həm də dövlətçilik qüruru anlayışı var və bu anlayış mənim üçün hər şeydən öndə gəlir. Prezident seçkilərində namizədlərin sayının çox olmasının müsbət və mənfi tərəflərinə gəldikdə isə, onu deyə bilərəm ki, kəmiyyət bütün digər məsələlərdə olduğu kimi, burada da əsas göstərici deyil. Bununla yanaşı, namizədlərin sayının çox olmasında mənfiliklər axtarılmasını doğru saymıram. Əgər kəmiyyət və keyfiyyət üst-üstə düşərsə, o zaman bu, hər şeydən öncə seçicilərin aktivliyinə səbəb ola bilər. Digər tərəfdən, rəqabət prosesində cəmiyyəti inkişafa aparacaq yeni ideyalar, mütərəqqi fikirlər ortaya çıxa bilər ki, bu da əhəmiyyətlidir . Seçki prosesinə sadəcə namizədlərin yarışı kimi yanaşmaq, zənnimcə, bir az bəsit münasibətdir. Seçki kampaniyası mənə görə həm də cəmiyyətin siyasi, hüquqi cəhətdən maarifləndirilməsi kampaniyasıdır. Seçki beyinlərin, siyasi texnologiyaların rəqabəti üçün geniş imkanlar açır, siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Bizim üçün bu çox vacib məsələdir. Dövlət müstəqilliyimizin yenidən bərpasının 27-ci ilinə qədəm qoymuşuq. Ultratotalitar rus-bolşevik ideologiyası yaddaşımızdan, mentalitetimizdən hələ tamamilə silinməyib. Bu baxımdan, seçki prosesi milli və bəşəri, insani dəyərlərin, sivil siyasi münasibətlərin təbliği baxımından bizim üçün çox önəmlidir”.

E.Mirzəbəyli Azərbaycanın seçki sisteminin iddiaçıların çox olmasına şərait yaratdığını düşünür: "Namizədlərin sayının ölkənin ərazi, yaxud əhali baxımından böyüklüyünə, yaxud kiçikliyinə heç bir aidiyyəti yoxdur. Bu daha çox siyasi sistemlə və mədəniyyətlə, eləcə də, bu və ya digər ölkənin seçki qanunvericiliyi ilə bağlı olan məsələdir. Məsələn, ABŞ-da əhalinin sayı 324 milyona yaxındır. Amma rəqabət əsasən iki partiya və təbii ki, iki namizəd arasında gedir. Rusiyanın əhalisi isə ABŞ əhalisinin heç yarısı qədər deyil, amma prezident seçkilərində 14 nəfər mübarizə aparır. Bununla bağlı nümunələrin sayını artırmaq olar. Azərbaycanın seçki sistemi imkan verir ki, seçkilərdə namizədlərin sayı çox olsun. Bizim seçki qanunvericiliyinə görə, namizədlərin özləri, təşəbbüs qrupları, siyasi partiya və siyasi partiyalar blokları prezidentliyə namizədlər irəli sürə bilərlər. Göründüyü kimi, qanunvericilikdə namizədlərin sayına məhdudiyyət qoya biləcək heç bir hüquqi maneə yoxdur. Bu baxımdan, namizədlərin sayının çox və ya az olması iddialı şəxslərdən və siyasi partiyalardan asılıdır. Bunu öncədən proqnozlaşdırmaq mümkün deyil. Hər halda, Azərbaycanda keçiriləcək prezident seçkisində namizədlərin sayının 5 nəfərdən az olmayacağını düşünürəm. Siyasi partiyanın, partiyalar blokunun öz namizədini açıqlaması siyasi mesaj xarakteri daşıyır. Bu, hüquqi qərar deyil. Seçki qanunvericiliyinə görə, prezidentliyə namizədlərin irəli sürülməsi prosesi seçkilərə 60 gün qalmış başlayır. Yalnız seçkilərə rəsmən start verildikdən sonra namizədlərin irəli sürülməsi hüquqi xarakter daşıyır. Təmsil olunduğum partiyaya gəldikdə isə bu barədə qərarımızı qurultayda verəcəyik”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər