Mirmahmud : “Seçkidə kim önə çıxacaqsa,..”

  • 30 yan 2018, 09:44

Müsavat seçki qərargahı yaratdı, Mirmahmud Mirəloğlunun da namizədliyi irəli sürüldü

Yanvarın 28-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. 2018-ci il prezident seçkisi və Müsavat Partiyasının fəaliyyət planı təsdiqlənib. Məclisdə Müsavat Partiyasının prezidentliyə namizədliyi irəli sürülən MSDM rəhbəri İsa Qəmbər çıxış edib. Sessiyada Müsavat Partiyasının 2018-ci il prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradılıb. Seçki qərargahının sədri vəzifəsinə MSK-nın keçmiş üzvü, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçilib.

Yanvarın 28-də KXCP-nin də Ali Məclisinin sessiyası keçirilib. Ali Məclis bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini müzakirə edib. Ali Məclis KXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Dünən Mirmahmud Mirəlioğlu "Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Namizədliyinizin irəli sürülməsi öz təşəbbüsünüzlə oldu, yoxsa Ali Məclis üzvlərindən təşəbbüs gəldi?

- Partiyanın rəhbər strukturlarında bu məsələ gündəmə gəlib, namizədliyim irəli sürülüb, müzakirələr aparılıb. Müttəfiqlərimiz tərəfindən də bu məsələ xeyli öncə gündəmə gətirilib. Yəni namizədliyimin irəli sürülməsi təşəbbüsü özümün deyil. Dediyim kimi, öncədən təşəbbüslər olub və yanvarın 28-də Ali Məclis qərar qəbul edib, mən də razılaşmışam.

- Namizədliyinizin digər partiyalar tərəfindən dəstəklənməsi, ətrafınızda blok yaradılması üçün addımlar atmağı düşünürsünüzmü?

- Namizədlərin çox olması təcrübəsinə hər seçkidə rast gəlinir. Demokratik düşərgədən namizədlər var və yəqin ki, qarşıdakı müddətdə yenə də namizədlər irəli sürüləcək. Onlarla iş birliyi də, müzakirələr də olacaq. Əməkdaşlıq, birlik istiqamətində müzakirələr olacaq. Bu istiqamətdə gərəkən nə olacaqsa onu etməyə çalışacağıq. Ölkədə seçki mühitinin demokratikləşməsi, Seçki Məcəlləsində dəyişikliklərə nail olmaq üçün birgə müzakirələr, əməkdaşlıqlar olacaq.

- Prezidentliyə namizədlərin sayı get-gedə artır. Namizədlərin sayının çoxluğunun prosesə mənfi, yoxsa müsbət təsiri ola bilər?

- Namizədlərin özündən çox şey asılıdır. Seçkinin demokratik keçirilməsi istiqamətində, səylərin birləşdirilməsi istiqamətində namizədlər ciddi mövqe ortaya qoysalar, əməkdaşlığa gedilsə, namizədlərin sayının çoxluğunun müsbət tərəfi özünü göstər. Bəzən partiyalar, seçki qərargahları "mütləq bizim namizəd olmalıdır” kimi yanaşmalar sərgiləyirlər. Bu isə zərərlidir. Amma namizədlərin özlərinin mövqeləri daha önəmlidir. Bunu biz zamanında 2003-cü ildə də, 2013-cü ildə görmüşük. Məsələlərə doğru yanaşması olan namizədlərin çox olması problem yaratmır. Namizədlər sonda bir fikir və işbirliyinə gələ bilərlər. Ona görə də narahat olmağa əsas yoxdur. Sadəcə olaraq, bilmək lazımdır ki, atılacaq addımları zamanında atmaq lazımdır. Bülletenlər çapa veriləndən sonra atılan addım əhəmiyyətsiz olur. Öncədən daha ağıllı davrananda udan seçici və ölkə olur.

- Dünya təcrübəsi də göstərir ki, namizədlər nə qədər çox olsa belə, seçki gününə az qalmış hakimiyyətə alternativ namizədlər sırasında favorit namizədin kimliyi bəlli olur. Sizcə, builki seçkidə də namizədlərin sırasından favorit namizəd meydana çıxacaqmı ki, hakimiyyətin əsas rəqibi olaraq seçki günü mübarizə əsasən onunla hakimiyyət namizədi arasında getsin?

- Siz də xatırlatdınız ki, bu, təkcə Azərbaycan təcrübəsi deyil, dünya təcrübəsidir. Bütün seçkilərdə bu yaşanır və yenə də yaşaması mümkündür. Əslində bu cür olması daha yaxşıdır və işin daha səmərəli olmasına, daha nəticəli alınmasına xidmət eləyir. Seçkidə kim önə çıxacaqsa o da dəstəklənəcək. Burada heç bir problem yoxdur. Seçki kampaniyasına start veriləndə ədalətlə, dürüstlüklə, vicdanla, Allahla yanaşılanda nəticə də normal və ədalətli olur.

- Seçki kampaniyanızı necə quracağınız barədə düşüncələrinizdə hələ proqram şəklinə salmadığınız planlar varmı? Seçki kampaniyanızı necə quracaqsınız? Mitinqlərə üstünlük verəcəksiniz, yoxsa fərqli seçki təbliğatı aparacaqsınız?

- Seçki kampaniyası, cəmiyyətlə iş aparmaq üçün Seçki Məcəlləsinin, Konstitusiyanın imkan verdiyi nə varsa hamısından istifadə olunacaq. Planlarımızda çox şey var.

- Adətən seçkim kampaniyasında hakimiyyət heç də bütün namizədlərə eyni münasibəti sərgiləmir. Namizədlərin sırasından biri və ya bir neçəsi hədəfə alınır. Bu dəfə seçkidə özünüzü həmin hədəf olaraq görürsünüz?

- Seçkidə hakimiyyətin istifadə elədiyi metodlar zaman-zaman fərqli olub. Bəzən antitəbliğatı bir namizədin üzərində qurub onu özlərinə rəqib hesab ediblər, bəzən bütün namizədləri hədəfə alıblar. İndi necə edəcəklərsə onu da görəcəyik. Onların əvəzindən biz düşünməli deyilik. Onların imkanları da, fəndləri də genişdir. Bundan da yəqin ki, yararlanacaqlar.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”  

Oxşar xəbərlər