Türkiyə Ermənistanla sərhədə niyə divar tikmir?

  • 26 yan 2018, 08:58

Ankara həmin divara görə Qərbdən lazımsız ittihamlarla üzləşmək istəmir və...

Bir müddət öncə məlum oldu ki, Suriya və İranla sərhədində terrorçulardan müdafiə olunmaq üçün hündür sədlər tikən Türkiyə digər qonşu ölkələr - Ermənistan və Gürcüstanla sərhəddə divar inşa etməyəcək. Ancaq yayılan xəbərlərdə bildirildi ki, bununla belə, həmin ölkələrlə olan sərhədləri elektron nəzarət sistemləri ilə təchiz edəcək.

Qeyd edək ki, keçən ilin yanvarında Türkiyənin Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırdığı xəbəri yayılmışdı. Bildirilirdi ki, bu təklif Türkiyənin Müdafiə və Maliyyə nazirlikləri arasında müzakirə olunur. Məlumatda deyilirdi ki, 3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ərdəhan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq. Sonradan Ermənistanla sərhədboyunca divarın tikilməsindən nə səbəbə vaz keçilməsi təbii olaraq suallar doğurur.

Politoloq Elçin Mirzəbəyli də "Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, ötən ilin iyun ayında Suriyadan sonra İran və Ermənistanla sərhəddə də 3 metr hündürlükdə beton divar hörüləcəyi barədə məlumat yaymışdılar: "Amma rəsmi mənbələr xəbəri nə təkzib, nə də təsdiq etdilər. Ola bilsin ki, belə bir plan var. Amma hazırda bu planın gerçəkləşdirilməsi Türkiyə üçün prioritet məsələ deyil. Çünki hazırda Türkiyəyə ən böyük təhlükə Suriyadan gəlir. Suriya ilə sərhəddə divar hörülməsi həm qanunsuz miqrasiyanın, həm terror qruplarının Türkiyə ərazisinə keçməsinin qarşısının alınmasına, həm də sərhəd bölgəsində yaşayan insanların kiçik çaplı silahların hədəfi olmaqdan qorunmasına xidmət edir. Bu baxımdan da Suriya ilə sərhəddə divar hörülməsi Türkiyə üçün alternativi olmayan bir məsələdir”.

 

E.Mirzəbəyli bildirdi ki, Türkiyəyə İran ərazisindən əsasən qaçaqmalçıların keçməsi və narkotiklərin daşınması təhlükəsi var: "İranın Türkiyə ilə həmsərhəd bölgələri tarixi Azərbaycan əraziləridir və bu ərazilərdə də əsasən Azərbaycan türkləri yaşayır. İran rejimi bu ərazilərə, xüsusilə də Urmiyə bölgəsinə kürdləri köçürməklə buradakı demoqrafik vəziyyəti dəyişməyə çalışsa da, ərazinin əsasən maldarlıqla məşğul olan kürdlər üçün əlverişsiz olması və Azərbaycan türklərinin ciddi etirazı bu planın həyata keçirilməsinə imkan verməyib. Azərbaycan türklərinin yaşadığı ərazilərdən Türkiyəyə hər hansı bir təhlükə ola bilməz. Təhlükəli hesab olunan ərazilərdə isə 144 kilometrlik divar çəkilir və bu il başa çatması nəzərdə tutulub. Xatırladım ki, Türkiyənin İranla sərhədi 560 km-dir”. Ermənistana gəldikdə isə, politoloq qeyd etdi ki, bu forpost respublikanın sərhədlərini rus hərbçiləri qoruyur: "Bu ərazidə baş verə biləcək hər hansı bir təxribata görə də şübhəsiz ki, Rusiya məsuliyyət daşıyacaq. Qeyd edim ki, Türkiyənin Ermənistanla sərhədinin uzunluğu 328 km-dir və çox güman ki, İranla sərhəddə hörülən divar başa çatdıqdan sonra Ermənistanla sərhəddə də divar hörüləcək. Türkiyənin bu məsələdə istisnalar edə biləcəyi inandırıcı deyil. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, Türkiyənin Suriya ilə sərhədə çəkdiyi 911 km-lik təhlükəsizlik divarı 1 milyard türk lirəsinə - təxminən 270 milyon dollara başa gəlib. Hər km 300 min dollar təşkil edir. Ermənistanla sərhədin 328 km. olduğunu nəzərə alsaq, bu ölkə ilə sərhədə təhlükəsizlik divarının çəkilməsinə təxminən 98 milyon ABŞ dollarının sərf olunacağı gözlənilir. Bunlar çox böyük vəsaitlərdir. Ola bilsin ki, təbii relyef  Ermənistanla sərhəddə xərcləri azaltsın. Bütün hallarda Türkiyənin bu prosesi ardıcıllıqla həyata keçirmək niyyətində olduğunu düşünürəm”.


 

"Atlas” Araşdırmaqlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Ermənistanla sərhəd divarını inşa etməməsinin səbəbi heç də bu ölkə ilə münasibətlərin normallaşması istəyi ilə bağlı deyil: "Bəli, əgər gələcəkdə Ermənistan Azərbaycan torpaqlarını boşaldarsa, İrəvan Türkiyə ilə sərhədin açılmasına da ümid edə bilər. İndiki halda isə bu, mümkün deyil. Türkiyə indiki şərtlər daxilində Ermənistanla sərhədi açmayacaq. Sadəcə, Ankara iki səbəbə görə Ermənistanla sərhəddə divar tikməyi lazım bilməyib. Birinci səbəb maliyyədir. Türkiyə divar tikintisinə əlavə maliyyə xərcləmək istəmir”.  E.Şahinoğunun fikrincə, ikinci səbəb odur ki, Ankara həmin divara görə Qərbdən lazımsız ittihamlarla üzləşmək istəmir: "Türkiyə rəsmilərinin özləri ABŞ prezidenti Donald Trampı ona görə tənqid edirdilər ki, o, mənasız yerə Meksika ilə sərhəddə divar tikmək istəyir. Ona görə də Ankara Trampın səhvini təkrarlamaq istəmir. Əslində divarı Ermənistan tikməlidir. Çünki Türkiyənin Suriyadakı hərbi əməliyyatı Ermənistanı vahiməyə salıb. Özlərinə sual verirlər ki, görəsən, Türkiyə nə vaxtsa Ermənistana da hərbi müdaxilə edə bilərmi?”

Elşad PAŞASOY,

Oxşar xəbərlər