“2018-Cİ İLDƏ QARABAĞDA HƏRBİ ƏMƏLİYYATLAR BAŞ VERMƏYƏCƏK”

  • 31 dek 2017, 12:22

Səbuhi Rəhimli: "İt ilində heç vaxt ölkələrarası müharibələr olmayıb”

"2017-ci il üçün verdiyim 25 proqnozumdan 24-ü düz çıxdı”


2018-ci ilə sayılı günlər qalıb. Düz 2 gündən sonra yeni bir ilə - it ilinə qədəm basırıq. 2017-ci il bəziləri üçün yaddaqalan, bəziləri üçün isə uğursuz keçsə də, yeni ilin gəlməsi özü ilə yeni ümidlər də gətirir.

Ümumiyyətlə, xarakter etibarilə it dalaşqandır, amma həm də sadiqliyilə diqqət çəkir. 2018-ci ildə bu xarakterlərə xas hadisələrin şahidi olacağıqmı? İt ili dünyaya və ölkəmizə nələr vəd edir?
Astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin "Şərq” qəzetinə müsahibəsini təqdim edirik.

- Artıq 2017-ci il başa çatır. Xoruz ili öz missiyasını yerinə yetirə bilmiş sayılırmı?
Bəllidir ki, xoruz ili siyasi gərginlik, böhran, dünya güclərinin qütbləşmə ili kimi tarixə düşür. Bu il hərbi qarşıdurmaların diplomatik müstəviyə keçən bir dövrüdür. Xoruz ilində əksər münaqişələr sona çatır və bu ildə başlayan münaqişələr də elə xoruz ilindən o tərəfə keçmir. Məsələn, Kataloniya, Kürd Muxtariyyatı ayrıca respublika olmaq istəyirdi, lakin bu baş tutmadı. Suriya və İraq kimi ölkələri darmadağın edən, öz terroru ilə insanları təlaşda saxlayan İŞİD terror təşkilatı da məhv edildi. Ötənilki proqnozlarımda da İŞİD-in darmadağın olmasına dair məlumat var idi. Koreyanın dünyaya meydan oxumaq kimi bəyanatları səngidi. Çin və Hindistan arasında sərhədlər üstündə münaqişələr yox oldu. Bəli, demək olar ki, xoruz ili öz xarakterinə uyğun davrandı.

- Bəs, ulduzlar 2018-ci il üçün nə vəd edir?

- İt ili sülh, barışıq ilidir. Bu ildə heç vaxt ölkələrarası böyük müharibələr olmayıb, daha çox sülh müqavilələri bağlanıb. Məsələn, meymun və xoruz ili bir az dağıdıcı oldu. Dünya iqtisadi böhranı baş verdi. Amma it ilində bu, sürətlə səngiyəcək. Siyasi və hərbi qarşıdurmalar masa arxasında davamlı olacaq. Bura Qarabağ məsələsi də aiddir. Qarabağda hər hansı hərbi əməliyyat keçirilməyəcək. Hər şey qismən sabit keçəcək. Dünya iqtisadi böhranı da qaydasına düşəcək.

- İt ilinin əsas rəmzləri hansılardır?

- Bu ilin rəngi sarı, planeti isə Veneradır. Aparıcı bürclər buğa və tərəzi, ən aktiv illər isə itin özü, pələng və at illəridir.

- 2018-ci ildə daha çox hansı bürclər üçün düşərli ola bilər?

- İlin düşərli olması əslində bürclərə və illərə görə deyil. Hər ilin qaydaları var. Doğru, dürüst olmaq, yalan vədlər verməmək, üzərimizə götürdüyümüz işin öhdəsindən layiqincə və məsuliyyətlə gəlmək. Bütün bunları bacaran bürclər uğur qazanacaq.

- Bəs, hansı bürclər üçün uğursuz olacaq?

- Bu, insanın özünün aktivlik dərəcəsindən asılıdır.

-2017-ci illə bağlı verdiyiniz proqnozlardan neçəsi özünü doğrultdu?

- 25 proqnozumdan 24-ü tam düz çıxıb.

- Tanınmış şəxslərdən kimsə 2018-ci ildə həyatında baş verəcək dəyişiklikləri öyrənmək üçün sizə müraciət edibmi?

- Belə müraciətlər hər zaman olur. Amma mən müştəri ilə işləyən adam deyiləm. Hər kəs bilir ki, müştəri qəbul etmirəm, şoularda yalançı proqnozlarla çıxış etmirəm, pul xatirinə haqsız tərəf tutmuram. Mənim əsas işim mətbuatdır, yaradıcılıqdır. Həm də insanlarımız anlamır ki, bir nəfərə qoroskop xəritəsi hazırlamaq onun haqqında kiçik elmi iş kimidir, günlərlə, bəzən həftələrlə vaxt aparan işdir. Bizdə isə anlayışı olmayanlar elə bilir gələn kimi bədahətən nələrsə deyib yola salacaq. Bəzi kəsim də elə bilir ki, astrologiya təsir mexanizminə malikdir. Bu, doğru deyil. Astrologiya insanın potensialını, psixoloji durumunu ortaya çıxarır, uğurlu zaman kəsiklərində maksimum mənfəətlə, uğursuz zamanlarda isə minimum itki ilə ötüşməyin qaydalarını izah edir. Məsuliyyət və aktivlik dərəcəsi isə hər bir fərdin özündən asılıdır. Bəli, deputatlardan tutmuş nazirlərə qədər müraciət edənlər olub. Amma imtina edirəm.
Demokratik.Az

Oxşar xəbərlər