2017-də fiaskoya uğrayan mitinqlər

  • 28 dek 2017, 08:45

Seçki ilində də müxalifət bu taktikadan istifadə edəcəkmi?

2017-ci ildə Azərbaycanın siyasi səhnəsində aktivlik müşahidə olunmadı. Seçkilərin olmaması da bir tərəfdən siyasi temperaturun aşağı düşməsində təsirini göstərdi. Müxalifət düşərgəsinin təmsilçiləri olan siyasi təşkilatların bəziləri, xüsusən də Milli Şura 2017-ci ildə 3-4 icazəli mitinq keçirdi. Lakin bu mitinqlər kütləviliyin alınmaması üzündən demək olar ki, fiaskoya uğradı. Qarşıdan gələn 2018-ci il isə prezident seçkisi ilidir. Seçki ilində siyasi həyatın qaynadığı, mitinqlərin sayının çoxaldığı hər zaman müşahidə olunub. Hər halda, 2018-ci ildə mitinqlər keçiriləcək. Bəs 2018-ci ildə keçiriləcək mitinqlərin də aqibəti 2017-ci ildə keçirilənlər kimi olacaq, yoxsa fərqli?

Politoloq Natiq Miri "Yeni Müsavat”a bildirdi ki, müxalifət siyasi aktivlik göstərməməklə yanaşı, cəmiyyətlə işləməyi də kənara qoyduğu üçün 2017-ci ildə siyasi aktivlik olmadı, müxalifət təşkilatlarının keçirdiyi aksiyalara qatılım az oldu və bu aksiyalar fiaskoya uğradı. 2018-ci ilin prezident seçkisi ili olduğuna və bu səbəbdən öz-özünə aktivlik yaranacağına, mitinqlərdə kütləviliyin olacağına ümid edəcəklərsə yenə də fiasko qaçılmaz olacaq: "Cəmiyyətlə çox ciddi işləməsələr, regionlarda sadə insanlarla, əhali ilə görüşlər keçirib ölkədə gedən siyasi, iqtisadi prosesləri anlatmasalar özlərinin nə edəcəklərini insanlara çatdırmasalar, bundan sonra keçiriləcək mitinqlərə də partiya fəallarından başqa heç kim qatılmayacaq. Hakimiyyət şübhəsiz ki, ölkədə hər hansı bir siyasi aktivliyin yaranmasını istəmir. Çünki siyasi passivlik hakimiyyəti təmin edir, hakimiyyətə alternativsizlik şəraiti yaranır. Müxalifət partiyalarının ölkədə siyasi passivliyi aradan qaldırmağa çalışmaması dolayısı ilə hakimiyyətin xeyrinə işləyir. Deməli, müxalifət partiyaları bilərəkdən və ya bilməyərəkdən hakimiyyətə xidmət etmiş olurlar”.

Politoloq qeyd etdi ki, bugünkü vəziyyətə baxıb proqnoz versək, 2018-ci ildə müxalifətin böyük kütlələrin qatıldığı mitinqlər keçirəcəyini söyləmək üçün hansısa əlamətlər görünmür. Çünki 2017 və bundan qabaqkı illərdə də müxalifətin fəaliyyəti, yanaşma tərzi necəydisə, bu gün də elədir: "Bunu fəaliyyətsizlik adlandırsaq daha doğru olardı. Bu fəaliyyətsizlik, yanaşma tərzi davam etdikcə, cəmiyyətin reaksiyası da adekvat olacaq. Yəni müxalifətin hansısa təşkilatı yenə aksiya keçirəcək və yenə də xalq aksiyaya qatılmayacaq. İnamsızlıq mühiti davam edəcək. İnamsızlıq mühiti davam etdikcə hətta seçki ili olsa da ölkədə siyasi aktivliyi, xalqın mitinqlərə qatılmasını gözləmək özünü aldatmaqdan başqa bir şey olmaz. Siyasi aktivlik, xalqın mitinqlərə qatılması öz-özünə baş verəsi deyil. Müxalifət cəmiyyəti 2018-ci ildə ciddi siyasi nəticələr əldə etməyin mümkün olduğuna inandıra bilməsə, cəmiyyət müxalifəti hakimiyyətə real alternativ qüvvə kimi görməyincə hər gün mitinq keçirilsə belə nəticə olmayacaq və fiasko qaçılmaz olacaq”.

N.Mirinin sözlərinə görə, müxalifət bilməlidir ki, onun yenidən təşkilatlanmasına ciddi ehtiyac var: "Doğrudur, bunun üçün həm də ciddi maliyyə mənbələrinə ehtiyac var. Bu gün müxalifətin əlində bu cür mənbələr yoxdur. Müxalifətin siyasi fəaliyyətsizliyi, bir-biri ilə yersiz rəqabət, bəzən düşmənçilik münasibətləri ona xarici diqqəti də azaldıb. Müxalifət təşkilatları arasında hələ də didişmə, bir-birini qəbul etməmə sindromu hökmrandır. Bu da həm onların birlik olaraq fəaliyyətinə ciddi əngəldir, həm də cəmiyyəti onlardan uzaq salır. 2017-ci ildə təşkil olunan etiraz aksiyalarında kütləviliyin olmamasının, fiaskonun səbəblərindən biri də bu amillər idi. Bu gün təəssüf ki, hələ də müxalifət təşkilatları bir neçə yüzminlik aksiyalarla hakimiyyəti dəyişməyi yeganə vasitə olaraq görür. Ancaq unudurlar ki, xalqın dəstəyini qazanmaq, dəyişikliklərə nail olmaq üçün başqa innovativ vasitələr mövcuddur. Bunun ən vacibi isə cəmiyyətin hər bir kəsimi ilə ayrı-ayrılıqda işləmək, hakimiyyətə qarşı daha müasir proqramları təqdim edib onları inandırmaqdır”.  

Etibar SEYİDAĞA,

Y.M

Oxşar xəbərlər