“İlqar Məmmədovun azadlığa çıxması uzana bilər”

  • 14 dek 2017, 08:25

Azər Qasımlı: "İstədiyimiz odur ki, Avropa Məhkəməsinin bu qərarı icra olunsun”

Həbsdə olan REAL sədri İlqar Məmmədovla bağlı müəmmalı durum davam edir. Dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsinin vicdan məhbusunun azadlığa buraxılması üçün Azərbaycana qarşı başlatdığı proseduradan da bir xəbər yoxdur.

Azərbaycan hakimiyyəti REAL sədrini təzyiqlər əsasında azad etmək istəmir, onun cəzasının 2/3-ni çəkdiyini deyir və bunun əsasında məhkəməyə müraciət yolu ilə azadlığa çıxmaq şanslarının olduğunu önə çəkir. Lakin İ.Məmmədov birmənalı şəkildə bəraət istəyir, məhkəməyə müraciət etməyəcəyini bildirir.

İ.Məmmədovun hərəkat yoldaşlarının yaranan müəmmalarla bağlı mövqelərini aldıq.


 

REAL-ın icraçı katibi Natiq Cəfərli İ.Məmmədovun şərti azadlığa çıxmasını gözləməyi doğru saymır: "İlqarın mövqeyini yaxşı anlayıram. Açığı, bu, onun azadlığa çıxması ilə bağlı sürəcin uzanmasına da səbəb ola bilər. Nazirlər Komitəsinin müraciətinə Avropa İnsan Haqları Məhkəməsinin nə zaman baxacağı ilə bağlı ağlabatan zaman çərçivəsi yoxdur. Çünki ilk dəfədir belə müraciət olunub. Bu baxımdan zaman gözləntilərini formalaşdırmaq çətindir. Bu, üç ay, hətta 6 ay da çəkə bilər. Bu baxımdan İlqar Məmmədovun zaman etibarı ilə azadlığa çıxması məsələsi uzana bilər. Bu nöqteyi-nəzərdən mən onun dostu, əqidə yoldaşı olaraq, azadlığa çıxmasını, ailəsinə, dostlarına qovuşmasını daha çox arzulayıram. Hökumətin əlində kifayət qədər imkanlar var ki, İlqar Məmmədovu azadlığa buraxsın. O zaman Nazirlər Komitəsinin müraciəti qüvvədən düşmüş hesab olunacaq. Çünki müraciətin əsas məqsədi odur ki, İlqar Məmmədovun azadlığa buraxılmasına nail olsunlar. Bu, əfv və digər formalarla mümkündür. Nəticədə yaranan gərginlik aradan qalxa bilər. Bu, Azərbaycan dövlətinə, cəmiyyətinə çox yaxşı mesaj olar. Çünki Avropa Şurası çox mühüm bir qurumdur. Azərbaycanın belə bir qurumla əlaqələrinin zəifləməsi yaxşı bir məsələ olmazdı. Ölkəmiz Avropa Şurasında səsvermə hüququndan məhrum olunsa, Dağlıq Qarabağ və digər bizim üçün mühüm məsələlərin müzakirəsində imkanlarımız məhdudlaşa bilər”.


 

Hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Azərbaycan Avropa Şurasının üzvüdürsə, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir: "Bu addım həm dövlətimiz adına düzgün olardı, həm də ədalət bərpa olunardı. Avropa İnsan Haqları Məhkəməsi bir şəxslə bağlı qərar qəbul edib ki, o, azadlığa buraxılmalı, bəraət almalıdır, demək, bunu icra etmək lazımdır. Bizim istədiyimiz odur ki, Avropa Məhkəməsinin bu qərarı icra olunsun. Məhkəmənin də qərarı odur ki, İlqar Məmmədov tam bəraət alsın. Bu baxımdan İlqar bəyin mövqeyi tam doğrudur. İlqar Məmmədov beş il həbsdə ona görə oturmayıb ki, Avropa Məhkəməsi onun tam bəraətlə azadlığa buraxılması ilə bağlı qərar versin, bu qərar da icra olunmadan İlqar bəy bəraətsiz həbsdən azad olunması ilə bağlı hər hansı bir müraciət etsin. Bu, yanlış olardı. Bu, insan hüquq və azadlıqlarını pozan yanaşmadır, insanın mənliyini müəyyən mənada zədələyir. Əgər insan qanunu pozmayıbsa, qeyri-qanuni şəkildə uzun müddət həbsdədirsə, ondan nəyisə tələb etmək, hesab edirəm ki, humanizmlik ola bilməz. Özümüzü aldatmayaq”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər