Azərbaycan və Rusiya müxalifəti:fərqli və ortaq cəhətlər

  • 22 noy 2017, 08:52

Ekspertlər hesab edir ki, hər iki dövlətin müxalifətində yeni simalara və yeni ideyalara ehtiyac var

Gələn ilin martında Rusiyada, oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri qonşu ölkələrin müxalif düşərgələrinin hazırkı durumda bir-biri ilə müəyyən bağlılıqlarını ortaya çıxarıb. Şimal qonşumuzda da müxalifət rəqibinin müəyyən basqıları qarşısında ciddi zəifləyib, hakimiyyətə qarşı güclü alternativ deyil, Azərbaycanda da...

Gələnilki seçkilərlə bağlı Azərbaycan müxalifəti kimi Rusiya müxalifəti artıq iddialarını irəli sürməyə başlayıb. İki ay öncə "Yabloko” fraksiyasının rəhbəri Qriqori Yavlinskinin ilk namizəd kimi prezidentliyə iddiasını açıqlaması, həmin ərəfədə Azərbaycan prezidentliyi uğrunda bəzi şəxslərin namizədliklərini açıqlamaları sanki hər iki ölkənin müxalif düşərgəsinin bir hərəkət etdiyini göstərir. Doğrudur, indiyə qədər Azərbaycan və Rusiya müxalifəti arasında heç zaman yaxın əlaqələr olmayıb. Amma mövcud situasiya onların özlərindən asılı olmayaraq aralarındakı oxşar durumu üzə çıxarır.

Siyasi ekspertlərin hər iki ölkənin demokratik camiəsinin mövcud durumu ilə bağlı fikirləri müxtəlifdir. Toparlanarlarsa, bir birlik ətrafında birləşərlərsə, seçkilərdə uğur qazanmaq imkanlarının olması barədə də fikirlər var, bunun əksini deyənlər də az deyil. Digər tərəfdən, Rusiyada martın 18-də keçiriləcək seçkilərdə müxalifətin qazana biləcəyi hər hansı bir uğurun Azərbaycana da təsirsiz ötüşməyəcəyi bildirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanda olduğu kimi Rusiyada da müxalifət rəngarəngdir: "Əsasən 3 müxalif qrupundan danışmaq olar. Birinci qrupa liberal qüvvələri aid etmək olar. İkinci qrupu ”cib müxalifəti" adlandırmaq olar, bura Gennadi Züqanovun rəhbəri olduğu Kommunist Partiyasını və Vladimir Jirinovskinin lideri olduğu Liberal-Demokratlar Partiyasını aid etmək olar. Üçüncü qrupda isə rus millətçiləri və şovinistləri yer alıblar. Rusiyada liberal müxalifət son illər xeyli zəifləyib. Bunun obyektiv və subyektiv səbəbləri var. Liberal qüvvələrin ən böyük problemi Azərbaycanda olduğu kimi birləşə bilməmələridir. Elə ona görə də hakimiyyət üçün kiçik liberal partiyalar, qruplar və liderlər təhlükə yaratmır. Züqanov və Jirinovski isə Rusiya prezidenti Vladimir Putin üçün heç bir təhlükə vəd etmir. Onların davamlı məğlubiyyətləri rəsmiləşib. Putinə təhlükə yarada biləcək qüvvələr sistemdən kənardır. Sistemdən kənar müxalifət seçkidə iddialı olmasa da, mitinq və küçə yürüşləri ilə Putinə əlavə problemlər yaradır. Rusiyanın liberal müxalifəti vahid namizəd ətrafında birləşsə, Putinə qarşı güclü müqavimət təşkil edə bilər. Rusiyada baş verənlər hər yerdə olduğu kimi Azərbaycanda da diqqətlə izlənilir və müvafiq nəticələr çıxarılır. Ancaq bu o demək deyil ki, Rusiyada müxalifət liderinin qələbə şansı artsa, bu eyni ildə Azərbaycanda keçiriləcək prezident seçkisinə də sirayət edəcək. Ona qalsa bizə daha yaxın olan Gürcüstan və Ukraynada müxalifət son illərdə bir neçə dəfə hakimiyyətə yiyələndi. Ancaq bunun Azərbaycandakı siyasi proseslərə təsiri olmadı. Səhv etmirəmsə keçmiş baş nazir və müxalifət təmsilçilərindən Pənah Hüseynov deyirdi ki, Azərbaycan müxalifəti keçmiş SSRİ məkanında ən güclü müxalifətdir. Bu sözlərin üstündən illər keçib. Mənə maraqlıdır ki, Pənah Hüseyn indi bu haqda nə düşünür? Rusiya və ya Azərbaycan olsun, hər iki dövlətin müxalifətində yeni simalara və yeni ideyalara ehtiyac var. 1990-cı illərin şüarları ilə uzağa getmək olmaz".

Politoloq Natiq Miri son vaxtlar meydana çıxan Aleksandr Navalni faktorunun getdikcə əhatə dairəsini Rusiyada genişləndirdiyini söylədi: "İctimai rəydə Navalninin üstünlüyü açıqca hiss olunur. Xüsusilə, o, Uzaq Şərq regionlarında çox ciddi surətdə dirəniş göstərməklə, həm də təşkilatlanmağa başlayıb. Artıq Rusiya daxilində olan türk respublikalarında, xüsusilə Tatarıstanda ciddi təşkilatlanma prosesi baş verir. Bu hadisələr təsadüfən ortaya çıxmayıb. Doğrudur, Navalnının korrupsiya əleyhinə apardığı mübarizə ictimai rəydə getdikcə ciddi dəstək alır. Bu dəstəklər çoxaldıqca Putin rejiminə qarşı etirazlar da artmağa başlayacaq. Biz artıq bunun təzahürlərini hiss edirik. Yüzlərlə Navalnı tərəfdarının regionlarda həbs edilməsi göstərir ki, Kreml çox narahatdır. Bu narahatlığın əsas səbəblərindən biri də Navalnıya qarşı ciddi arqumentlərin ortaya qoyula bilməməsi, getdikcə onun  ictimai rəydə ciddi nüfuz qazanması, ən nəhayət, bu siyasi güclərin arxasında böyük Qərb dəstəyinin olmasıdır. Putin hakimiyyəti anlayır ki, bu seçkilərdə ABŞ-ın dəstəyi ilə Kremlin başı ağrıdılacaq. Bu proseslərdə Navalnı və Yavlinski tərəfdarlarını gözardı etmək mümkün olmayacaq. Çünki getdikcə güclənən gənc Rusiya müxalifəti dövriyyədədir. Bu da gənclərin getdikcə bir gənc siyasi lider və ideologiya ətrafında birləşəcəkləri ehtimallarını artırır. Bu da gələcəkdə avtoritar Rusiyaya çox ciddi başağrısı vəd edir”.

Politoloq Rusiyadakı proseslərin Azərbaycanda müşahidə olunmadığına da diqqət çəkdi: "Azərbaycanda hər hansı bir toparlanma, yaxud önə keçə biləcək bir siyasi güc mərkəzi hələ ki ortalıqda yoxdur. Bu prosesin təzahürlərini də müşahidə edə bilmirik. Azərbaycanda olsa da, çox imkanlı şəxslərin ortalığa çıxması güclü bir alternativin mövcud ola bilmə ehtimalı var. Əgər belə bir namizəd olarsa, maliyyə mənbələrinin də kifayət qədər geniş olacağını düşünsək, hakimiyyətə ciddi başağrısı yarada bilər”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər