Prezidentlərin "Qarabağ müzakirələri" niyə daha çox Rusiyada keçirilir?

  • 18 noy 2017, 10:04

Qabil Hüseynli: "Qarabağı Rusiya alaraq sanki Ermənistana icarəyə verib”

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlarda həmişə ən böyük diqqət mərkəzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri olur. Diqqəti cəlb edən məqamlardan biri son illərdə prezidentlərin görüşlərinin Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsidir. Əvvəlki illərdə ABŞ tərəfindən belə təşəbbüslər olurdu. Son illərdə keçirilən görüşlərin əsasən ya Rusiya ərazisində baş tutur və ya Rusiyanın təşəbbüsü ilə reallaşır. ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisini-ABŞ və Fransanı bu məsələdə Rusiya tamamilə sanki kənarda qoyub.

Politoloq Qabil Hüseynli bu barədə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin ABŞ tərəfindən təşkil olunmasına əsasən Rusiya faktoru imkan vermir. Rusiya hələ 1980-ci illərin sonundan bu proseslərin başında dayanıb. Bu və ya digər formada proseslərdə detanator rolunu oynayıb. İndi də bu rolu oynamaqda israrlıdır: "Adama bəzən elə gəlir ki, Qarabağı Rusiya alaraq sanki Ermənistana icarəyə verib. Bu bir qədər qəribə olsa da mən bunu belə deməyə ona görə məcbur oluram ki, danışıqlar prosesi ətrafında formalaşan siyasi atmosferi də, həll variantlarını da təyin eləyən Rusiyadır. Rusiyanın bir barmağının işarəsi ilə İrəvan istənilən tərəfə istiqamət alır. Rusiya Dağlıq Qarabağı Azərbaycanın əlindən qoparıb özünün tam nəzarəti altında olan bir bölgəyə çevirmək istəyir. O səbəbdən də Rusiya danışıqlarda bütün mövqeləri ələ alıb. Onun həll məsələlərində irəli sürdüyü variantlarda heç bir proqressiv təklif yoxdur. Bu səbəbdən də Rusiyada təşkil olunan, yaxud Moskvanın təşəbbüsü ilə başqa hansısa məkanda keçirilən bütün danışıqlar prosesi iflasa uğrayır. İndi yeni bir danışıqlar prosesi başlayacaq, Sergey Lavrov gələcək yenə də ya Kazan prinsiplərindən, ya Sankt-Peterburq prinsiplərindən əxz etdiyi şeyləri ”Lavrov planı" kimi bizə təqdim etməyə çalışacaq, qarşılıqlı güzəştlərdən danışacaq və Azərbaycanın mövqeyini öyrəndikdən sonra həmişəki kimi geriyə çəkiləcəklər. Ola bilsin ehtiyac görsələr Ərdoğana da belə bir mesaj göndərəcəklər ki, Rusiya təşəbbüs göstərdi, ancaq Azərbaycan danışıqlar prosesində təkliflərə konstruktiv yanaşmadı. Rusiyanın irəli sürdüyü həll variantlarında həmişə ərazi bütövlüyü məsələsini-beynəlxalq hüququn əsas prinsipini öz müqəddəratını təyin etmək prinsipi üstələyir. Rusiyanın təşəbbüsü ilə keçirilən bütün danışıqlar prosesində erməni tərəfinə bu məqam fürsət verir. Azərbaycan hər dəfə erməni xalqının artıq öz müqəddəratını təyin edib Ermənistan dövləti yaratdığını bəyan etsə də Rusiya öz mövqeyindən bir addım da geri atmır".

Politoloq qeyd etdi ki, Avropa dövlətləri bu məsələdə Rusiyadan azacıq fərqli mövqe nümayiş etdirir və Dağlıq Qarabağın ətrafındakı işğal altında olan 7 rayonun azad edilməsini tələb eləyirlər. Bunu ABŞ da tələb edir. Amma prosesə ciddi şəkildə əl qatmaq istəmirlər. Xüsusən də ABŞ prosesə ciddi müdaxilə etmir. Ona görə də son illərdə prezidentlərin görüşlərində də təşəbbüs Rusiyanın əlindədir: "ABŞ-ın Barak Obama dövründə Rusiyanı tamamilə demokratik siyasi sistemli dövlətlərlə mühasirəyə almaq haqda hazırlanmış planı Donald Tramp dövründə kənara qoyulub və beləliklə Amerika bu bölgədə proseslərdən kənarda tutur. ABŞ özünün xarici siyasətinin prioritet istiqamətini İran, Şimali Koreya və Rusiya olduğunu elan edib. Bu gün ABŞ-ın gündəmində duran əsas məsələ Şimali Koreya məsələsidir. Bütün bunlara görə Dağlıq Qarabağ məsələsində formal və növbətçi xarakter daşıyan bəyanatlarla kifayətlənir. Yaranmış fürsətdən istifadə eləyən Rusiya isə öz iradəsini bütün tərəflərə diktə etməyə çalışır. Buna qismən nail də olur. Amma doğrudur Azərbaycan öz mövqelərində birmənalı olaraq qalır, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyini bildirir.

Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən prezidentlərin görüşlərinin müsbət nəticələnməsinə elə Rusiyanın özü imkan vermir".

Oxşar xəbərlər