"Putin Sərkisyanın başını iblisin şəkli ilə aldatdı"

  • 17 noy 2017, 09:24

Politoloq: "Moskva Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması əvəzinə Bakıya elə tələblər irəli sürür ki...”

"Türkiyə prezidentinin Rusiyaya səfərindən sonra maraqlı hadisə baş verdi. Rəcəb Təyyub Ərdoğanın Rusiyaya səfərindən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı. İki gün sonra isə Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya getdi.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri "Yeni Müsavat”a son zamanlar Qarabağ ətrafında intensivləşən müzakirələri şərh edərkən söylədi. Ekspert eyni zamanda Ermənistan XİN rəhbəri Edvard Nalbəndyanın Rusiyaya gedərək xarici işlər naziri Sergey Lavrov, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməsini də xatırlatdı: "Bu ərəfədə Serj Sərkisyan da Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rəsmi məlumatlarda bu görüşlərdə iki dövlət arasındakı münasibətlərin hazırki vəziyyətindən danışıldığı bildirildi. Məsələn, Serj Sərkisyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü Ermənistanın Rusiyanın mədəniyyət günləri ilə əlaqələndirildi. Buna baxmayaraq, həm Edvard Nalbəndyanın, həm də Serj Sərkisyanın Moskvadakı görüşlərində Dağlıq Qarabağ problemindən də danışıldığını ehtimal etmək olar”.

E.Şahinoğlunn sözlərinə görə, rəsmi İrəvan Kremlin Qarabağ siyasətinin dəyişib-dəyişməcəyi ilə bağlı tərəddüd edir:"Ermənistan rəsmiləri Ərdoğanın Putinlə qapalı görüşdə nələrin danışıldığından da narahatdırlar. Ermənistanın siyasi elitasında belə bir qorxu var ki, Putin Ərdoğanla dostluğundan çıxış edərək, Qarabağ probleminin həllində Azərbaycanın xeyrinə hansısa addım atmaq istəyə bilər. Ankara qısa müddətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Ancaq bu, o demək deyil ki, Ankaranın istəkləri Moskvanın istəkləri ilə üst-üstə düşür”. Politoloqa görə, Moskva münaqişənin o şəkildə həllini istəyir ki, Azərbaycan və Ermənistan Rusiyanın maraqları çərçivəsində qalsın: "Kreml bu təminatı almayana qədər münaqişənin həllinə maraq göstərməyəcək. Kremlin Azərbaycan üçün şərtləri isə ağırdır. Moskva Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması əvəzinə Bakıya elə tələblər irəli sürür ki, onların yerinə yetirmək Azərbaycanın müstəqilliyini itirilməsi deməkdir. Ona görə də Rusiya ilə Türkiyənin Qarabağ məsələsində anlaşacağını söyləmək çətindir. Halbuki münaqişə sülh yolu ilə həll olunsa, bu hamının xeyrinə olacaq. Buna baxmayaraq, İrəvan nə vaxtsa Moskvanın siyasətində hansısa korrektə edə biləcəyindən ehtiyat edir. Moskva məhz İrəvanı sakitləşdirmək üçün Ərdoğandan sonra həm Ermənistanın xarici işlər nazirini, həm də prezidentini Moskvaya dəvət etdi. Bu, hər dəfə təkrarlanacaq. Ərdoğan-Putin görüşlərindən sonra Moskva hər dəfə İrəvanı sakitləşdirməyə çalışacaq. Bunun üçün də ya Ermənistan prezidenti, ya da xarici işlər naziri Moskvaya çağırılacaq”.

Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın hakimiyyət nümayəndələri Putinin Ərdoğanla nə danışmasından çox, ölkələrindəki siyasi vəziyyətdən narahat olmalıdırlar: "Erməni gənclər orduda xidmət etmək istəmirlər. Ermənistandakı universitetlərin tələbələri İrəvanda mitinq və yürüşlər keçirərək ali məktəbi bitirdikdən dərhal sonra orduya çağırılmaq istəmirlər. Bunun sadə səbəbi var. Erməni tələbələr Ermənistandan kənarda Dağlıq Qarabağda ölmək istəmirlər. 2016-cı ilin aprel savaşı zamanı canlı itkilər Ermənistan vətəndaşlarını qorxudub. Ermənistan ordusunda əsgər çatışmazlığı mövcuddur. Çünki erməni gənclər Qarabağda ölməkdənsə, ya hərbidən yayınmağa, ya da mühacirətə üstünlük verirlər. Ermənistanda ordudakı bu çətinliklər getdikcə artacaq. Ermənistan hakimiyyəti üçün bu problemi həll etmək çətindir”.

Ekspertimizin də fikirləri Rusiyanın Qarabağ münaqişənin həllində o qədər də həvəsli olmadığını, sadəcə baş verə biləcək gərginliyi önləmək üçün hərəkətə keçdiyini söyləməyə əsas verir. Rusiya üçün Qarabağ məsələsinin dondurulmuş vəziyyətdə qalması daha sərfəlidir, nəinki onu hansısa ölkənin maraqlarına uyğun həll etmək. Xatırladaq ki, baş nazir Dmitri Medvedyev də ötən il bölgəyə səfəri zamanı ən yaxşı çıxış yolu kimi "dondurulma” variantını xüsusi vurğulamışdı. V.Putinin Moskvada Sərkisyanla görüşündən ortaya çıxan qənaət də budur ki, Kreml Dağlıq Qarabağ problemini regionda təsir dairəsini qoruyub-saxlamaq naminə ən effektli rıçaq hesab edir.

Bu arada Rusiya prezidentinin erməni həmkarına verdiyi hədiyyə diqqət çəkib. Erməni mənbələri yazıb ki, Putin Sərkisyanla birlikdə Tretyakov qalereyasını ziyarət edib. Bu zaman isə o, Sərksiyana Mixail Vrubelin "Tamara ruhlu mələk və İblis” adlı rəsm əsərini bağışlayıb. Üzərində iblisin obrazı canlandırılan bu əsər 1995-ci ildə Ermənistandan oğurlanıb Rusiyaya aparılıbmış. Ermənistanın Mədəniyyət Nazirliyi bu əsərin qiymətinin bir neçə min dollar olduğunu açıqlayıb. Sərkisyan Moskvaya "Qarabağın dalınca” getmişdi, Putin onun başını iblisin şəkli ilə aldatdı...

Cavid TURAN

Demokratik.Az

Oxşar xəbərlər