Sərdar Cəlaloğlu: “Azərbaycanda hakimiyyətə qarşı..."

  • 14 noy 2017, 09:15

Sərdar Cəlaloğlu: "Azərbaycanda hakimiyyətə qarşı favorit namizəd böyük maliyyə resurslarına sahib olan bir şəxs ola bilər”

Prezident seçkisi ilinə bir ay yarım, seçkiyə isə təxminən 11 ay qalıb. Hakimiyyətin seçki hazırlıqları üçün kifayət insan, maddi, inzibati resurslarının olduğu aydındır. Bu resurslar iqtidarların işini şübhəsiz ki, asanlaşdırır. Seçki kimi ağır prosesdə müxalifət düşərgəsinin işinin heç də asan olmadığı da bəllidir. Artıq müxaliflərin özləri də indiki vəziyyət davam edəcəyi halda, seçki ilindən ciddi nəticə gözləmirlər. 

Bu barədə söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bugünkü siyasi vəziyyət, müxalifətin passivliyi davam edəcəyi halda 2018-ci il prezident seçkilərindən də fundamental dəyişiklik gözlənilmir. Bununla belə, S.Cəlaloğlu indi verilən proqnozların əksinin də baş verməsini istisna etmir: "Dünyada siyasi proseslər o qədər sürətlə inkişaf edir ki, hər dəqiqə siyasi palitra dəyişə bilər. Ona görə də bu gün üçün verdiyimiz proqnozlar özünü doğrultmaya da bilər. Seçkilərə yaxınlaşdıqca daha çox seçkilərlə mülahizələr yürüdə bilərik. İndiki şərtlər daxilində növbəti seçkilərdə də ciddi nəticələr alınmayacaq, bizim gözlədiyimiz dəyişikliklərin olması, məncə, baş verməyəcək”.

O ki qaldı bu gün prezidentliyə namizədliyi irəli sürülən və namizədliyi irəli sürüləcəyi gözlənilən siyasi liderlərdən hansının nisbətən şanslı olub-olmadığına, Sərdar Cəlaloğlu dedi ki, Azərbaycanda tam demokratik və ədalətli seçkilər keçirilərsə, yalnız o zaman şans məsələsi ciddi əhəmiyyət daşıyar: "Seçki kampaniyası ənənəvi şəkildə olarsa, bu cür seçkilərdə şansın olub-olmamasının əhəmiyyəti olmur. Belə vəziyyətdə hakimiyyət və seçki komissiyaları hansı qüvvənin əlindədirsə, şans da yalnız ondadır. Hazırkı vəziyyətdə müxalifət düşərgəsindən heç kimin şansı yoxdur. Favorit namizəd isə seçki kampaniyasının gedişində əsasən bəlli olur və yəqin ki, bu dəfə də olacaq. Ancaq favorit namizədin olması o demək deyil ki, onun prezident olmaq şansı da var. Hansısa namizədin şəxsiyyəti diqqəti cəlb edə, cəmiyyətdə ümid yarada bilər. Amma təkcə bu amil seçkinin taleyini həll eləmir. Azərbaycanda hakimiyyətə qarşı favorit namizəd böyük maliyyə resurslarına sahib olan bir şəxs ola bilər. Əgər bu gün bəlli olan namizədlərin sırasında böyük maliyyə resurslarına malik olanı yoxdursa, deməli, favorit bunlardan olmayacaq. Ukrayna və Gürcüstandakı məlum siyasi proseslər göstərdi ki, postsovet məkanında hakimiyyət dəyişmələri yalnız böyük maliyyə resurslarının və xarici dövlətlərin ciddi dəstəyi ilə mümkün olur. Belə bir resursu və dəstəyi olmayan kimsə Azərbaycanda seçkilərdə böyük dəyişikliklərə, qələbəyə nail ola bilməz”.

"Müxalifət düşərgəsinin ən böyük problemi pulsuzluqdur, yoxsa seçkinin ədalətli keçirilməməsi və beynəlxalq dəstəyin olmaması” sualına ADP sədri belə cavab verdi: "Müxalifət düşərgəsinin və namizədlərinin üç ciddi problemi var. Birinci problem pulsuzluqdur, ikincisi, xalqdan və beynəlxalq birlikdən dəstəyin olmaması, üçüncü problemi isə seçkinin demokratik keçirilməməsi, seçki komissiyalarının hakimiyyətin əlində olmasıdır. Amma təcrübə göstərir ki, hətta ən antidemokratik qanunla belə, kifayət qədər maliyyə, xalqdan və beynəlxalq birlikdən dəstək olduğu halda müxalifət ciddi nəticə əldə eləyə bilər”.

"Maliyyə resurslarının yoxluğunda və qeyd olunan dəstəyin olmamasında müxalifət liderlərinin illərdir apardıqları siyasətin, davranışın da rolu varmı” sualına isə Sərdar Cəlaloğlu belə cavab verdi: "Azərbaycan qloballaşmanın, geosiyasi mübarizənin episentrlərindən biri olduğu üçün burada çox şey daxili güclərdən asılı deyil. Məsələn, nə Ukraynada, nə Gürcüstanda daxili güclər prioritet təşkil eləmədi. Orada həlledici amil kimi Qərbin dəstəyi və ortaya maliyyə resursları olan liderlərin çıxması rol oynadı. Xüsusən xarici faktor Rusiyanı neytrallaşdırdı və hakimiyyətin zor tətbiq etməsinin qarşısını aldı. Necə ki Azərbaycana da münasibətdə belə bir xətt seçilməyib, Rusiyanın təsiri öz rolunu oynayacaq, hakimiyyət sərt yolu tutacaq və müxalifət düşərgəsi nə edir-etsin müsbət nəticə olmayacaq. Çünki belə bir şəraitdə Azərbaycan müxalifətinin seçkilərdə nə isə nəticə əldə etməsini gözləmək düzgün olmaz”. / mənbə - Y.M/

Oxşar xəbərlər