Lalə Şövkətin 66 yaşı - keçmiş müttəfiqləri danışdı

  • 08 noy 2017, 08:16

ALP liderini təbrik edən keçmiş müttəfiqlərinə görə, o, siyasətdə hələ son sözünü deməyib

 

Azərbaycan Liberal Partiyasının lideri, keçmiş dövlət katibi Lalə Şövkət Hacıyevanın noyabrın 7-də 66 yaşı tamam oldu. Xanım siyasətçinin doğum günündə onun ünvanına sosial şəbəkələrdə çoxsaylı təbrik mesajları ünvanlanıb.

L.Şövkət uzun illərdir siyasətdən getsə də, gündəm yaratmağı bacaran, Azərbaycan siyasətinə öz damğasını vurmuş siyasətçilərdən sayılır. 1994-cü ildə dövlət katibi vəzifəsindən istefa verməklə ali dövlət qurumundan könüllü gedən ilk məmur olması, istefasının ardından Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin olunsa da, bundan imtina etməsi, 2003-cü ilin prezident seçkilərində əsas iddiaçılardan biri olması və nəticələrə əsasən, üçüncü yeri tutması, son olaraq 2005-ci ildə seçkilərdə qazandığı deputat mandatından imtina etməsi onun hansı siyasətçi xarakterinə malik olduğunu göstərir.

Vaxtilə "Azadlıq” blokunda L.Şövkətlə birlikdə təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu doğum günündə onun şəninə təriflər yağdırdı: "Lalə xanımı təbrik edir, uzun ömür arzulayıram. Sizin qəzetiniz vasitəsilə ona çatdırmaq istəyirəm ki, birbaşa əlaqə saxlaya bilməsək də, onun səhhəti, işləri ilə bağlı mütəmadi olaraq maraqlanırıq. Biz onu heç vaxt unutmamışıq. O, bu gün də bizimlə birlikdə Azərbaycan müxalifətinin mübarizəsində iştirak edir. Lalə Şövkəti Azərbaycan siyasətində bir fenomen siyasətçi kimi dəyərləndirirəm. Bu şəxsin hazırkı Azərbaycan hakimiyyətinin qurulmasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olub. Bir müddətdən sonra özünün də qurduğu hakimiyyətə qarşı radikal müxalifət mövqeyinə keçmişdi. Eyni ilə müxalifətdə də qısa müddətdə ən güclü siyasi partiyalardan birini yaratmağa nail olmuşdu. Bu da Lalə xanımın həm təşkilatçı, həm də siyasətçi kimi xüsusi qabiliyyətə malik olduğunu göstərir. Azərbaycan siyasi tarixində qadın siyasətçilərə nadir hallarda rast gəlinir. Qadınların birinci şəxs qismində təmsil olunması da nadir hallarda olub. Bu mənada Lalə xanımın siyasətdə olması olduqca önəmli idi. Onun ölkə müxalifətini bir araya gətirməkdə müstəsna xidməti var idi. Nə qədər olmasa da, kişilər bir-birinə qarşı müəyyən bir təkəbbürlük nümayiş etdirir, bir araya gəlmirdilər. Amma Lalə Şövkətin xanımlığı kişi psixologiyasını dəf edib, müxalifətin bir araya gəlməsinə şərait yaradırdı. O, istənilən vaxt müxalifəti bir araya yığır, ayrı-ayrı qüvvələr arasındakı küskünlüyü aradan qaldıra bilirdi. Lala xanımın aktiv siyasətdə olduğu vaxtlar müxalifətin ən güclü dövrləri olub. Azərbaycan iqtidarının müəyyən qismində Lalə xanıma simpatiya var idi. Çünki Lalə xanım hakimiyyətdə olduğu vaxtlar o şəxslərə müəyyən kömək, himayədarlıq etmişdi. Bu baxımdan Rəsul Quliyev və Lalə Şövkətin Azərbaycan müxalifətində olması iqtidarın tam şəkildə müxalifətə rəqib olmasına imkan vermirdi. Çünki iqtidarın daxilində hər iki siyasətçiyə simpatiya bəsləyən şəxslər var idi. Onlar da istər-istəməz müxalifətə bu və ya digər şəkildə dəstək verirdilər. Bu da demokratik düşərgənin tükənməsinə, sıradan çıxmasına qoymurdu. Lalə xanım və Rəsul bəyin siyasətdən getməsi həm də müxalifəti bu mənada pis vəziyyətə saldı ki, artıq iqtidarla müxalifət arasında açıq-aydın düşmənçilik meydana gəldi. Əvvəl cəbhə xətti yox idi, lakin onların gedişi ilə bu da yarandı. Bunun acı nəticələrini bizlər bu gün də çəkirik. Lalə xanım həddən artıq savadlı, dünyagörüşlü, qətiyyətli, sözünün yerini bilən bir qadın idi. O, həkim kimi həm də həmkarımdır. Onunla bu baxımdan da bir-birimizə hörmət edirdik. Lalə xanımla həm də şəxsi münasibət saxlayırdım. Ona həm hörmət edir, həm də müxalifət üçün lazımlı bir siyasətçi hesab edirdim. Çox təəssüflər olsun ki, o, müəyyən basqılardan, müxalifətin daxilindəki intriqalardan bezib siyasətdən getdi. Onun gedişi ölkə müxalifətinin ən böyük itkilərindən biri oldu. Arzu edirəm ki, tezliklə siyasətə qayıtsın. Çünki xalqın müəyyən dünyagörüşü, siyasi təcrübəsi olan birləşdirici fiqurlara çox böyük ehtiyacı var.


 

Lalə xanım SSRİ kimi bir imperiyanın Səhiyyə Nazirliyində böyük bir idarənin rəhbəri olmuşdu. Dövlət idarəçiliyində böyük təcrübəsi var idi. Müxalifətə çox şeylərdə örnək ola bilərdi, örnək də olurdu. Xüsusilə bəzi siyasi liderlərin ambisiyalarına, təkəbbürlüyünə qarşı çox asanlıqla müqavimət göstərə bilirdi, həm şəxsi reytinqi, həm də avtoritetliyi ilə. İndi çox böyük boşluq yaranıb. Bu boşluğu yaxın vaxtlarda hansısa bir qadın liderin dolduracağına inanmıram. Çünki ölkəmizdə qadınlar siyasi həyatda zəif iştirak edirlər. İndiki siyasi reallıqda da qadınların siyasətlə məşğul olmaları arzuolunan deyil. Bir dövlətdə yalnız kişilərlə demokratiya qurmaq mümkün deyil. Lalə Şövkətin siyasətdən gedişi tək müxalifətin yox, Azərbaycan siyasi həyatının, demokratiyasının böyük itkisi kimi qəbul olunmalıdır".

L.Şövkətlə "Azadlıq” blokunda təmsil olunan VİP sədri Əli Əliyev keçmiş müttəfiqinə daim güvəndiyini dilə gətirdi:"Mən artıq 12 ildir ki, sərbəst siyasət yürüdürəm. Amma ümumilikdə 30 ilə yaxındır ki, bilavasitə siyasətdəyəm. Bu son 12 ildə aldığım məlumat bazası, şəxsi təmaslardan gəldiyim qənaət çox mühüm mahiyyət kəsb edir. Lalə xanım son 12 ildə və ümumiyyətcə, siyasi fəaliyyətimdə güvəndiyim və dəyər verdiyim siyasətçilərin birinci beşliyində olan şəxs və şəxsiyyətdir. Fikrimcə, o, fərqli keyfiyyətlərə malik insandır. Kamil insana xas olan kübarlıq və gözütoxluq görmüşəm onda. Başqaları ilə bilmirəm, lakin ”Azadlıq" blokunda müttəfiqliyimiz zamanı və sonrakı əməkdaşlığımız dövründə pula əyildiyinin, xırda hislərlə yaşadığının şahidi olmamışam. Əgər bu keyfiyyət diqqətimi daha çox cəlb edibsə, deməli, digərlərinin bir çoxunda bu qüsuru görmüşəm. Lalə xanım mərd, sözünə bütöv, tam bir insandır. Təəssüf ki, kişi siyasətçilərimizin bir qismi üçün bu, əlçatmaz dəyərlərdir. Əlbəttə ki, bəlkə qüsurları da var. Allah qulu qüsursuz olmaz. Amma təmaslarımız müddətində mən bunu sezməmişəm. Lalə xanıma ilk növbədə möhkəm cansağlığı arzu edərdim. Millətin belə siyasətçiyə və ziyalıya ehtiyacı var. Hər nəsildə 100-150 bu çaplı ziyalı yetişir. Hər 2 statusu özündə daşıyanlar isə əsrdə tək-tük olur. Xüsusən də xanım siyasətçi... Ona dövlətimiz, millətimizlə bağlı daşıdığı və qəlbində və təfəkküründə daşıdığı fikirlərin həyata keçirməsi üçün imkan diləyirəm. Sonra onun tək övladı Sidqi bəylə bağlı arzuları əlbəttə ki, olmamış deyil. Ona da xoşbəxtlik arzulayıram ki, Lalə xanıma xoş anlar yaşada bilsin.

Bu gün Lalə xanımı siyasətdən getmiş saymaq yanlışdır. O, Liberal Partiyanın fəaliyyətdə olan lideridir. Məsələnin başqa tərəfidir ki, Lalə xanım fəaliyyətini səngidib, zəiflədib. Bu gün onun kənara çəkilməsi ölkədəki obyektiv gerçəkliklə bağlıdır. Ölkədə siyasi mübarizə haqqı tanınmır. Görünür, Lalə xanım da dövr şərtlərinə belə reaksiya verərək kənara çəkilib, sambalını qoruyur və baş verənlərin müvəqqəti olduğu qənaətindədir. Əlbəttə ki, mən o çapda olan şəxslərin tam susmasını doğru görmürəm, o cümlədən də Lalə xanımın mövqeyinə ehtiyac var. Bu gün həm xalqın, həm də dövlətin mürəkkəb dövrüdür. Belə məqamda xalqın önünə çıxmaq iddiası olmuş və olanların susması yolverilməzdir. İnanıram ki, biz qarşıda gələn bir il ərzində xanım Lalə Şövkəti yenidən tribunalarda və mətbuat səhifələrində, bir sözlə, siyasətin ön sıralarında görəcəyik. Eyni zamanda inanıram ki, o, hələ siyasətdə son sözünü deməyib. Ən azı, buna cəhd edəcəyinə əminliyim var".

Cavanşir ABBASLI

Oxşar xəbərlər