Qubad İbadoğlu ADR-in dağılmasıin dağılması xəbərindən danışdı

  • 18 okt 2017, 08:49

"Mən bu dəfə ABŞ-a gələndən 1 gün də olsun ki, hoteldə yaşamamışam”

Azərbaycan Demokratiya və Rifah Təşkilatında yeni istefaların baş verməsi ilə bağlı xəbər yayılıb.  Bu barədə bastainfo saytı yazaraq bildirib ki, təşkilatın üzvü Elşən Allahverdiyev  özünün feysbuk səhifəsində Səbayel gənclər  təşkilatının tam tərkibdə istefa verdiyini açıqlayıb.

Sayt yazır ki, təşkilatın rəhbərlərindən biri  Vurğun Əyyub  sosial şəbəkədə Elşən Allahverdiyevin yazdığı statusda olan qrammatik səhvə işarə edərək, "sən demə, demokratik rifah partiyası da varmış” şərhini yazmaqla olaya reaksiya verib.

Məlumat üçün qeyd edək ki,  Qubad İbadoğlu proqram çərçivəsində 6 ay  müddətinə ABŞ-a gedib. İqtisadçı alim ABŞ-ın nüfuzlu universitetlərindən birində dərs deyir.

İlk olaraq Qubad İbadoğlu ilə əlaqə saxladıq. O, "Yeni Müsavat”a bunları dedi: "Mən bu dəfə ABŞ-a gələndən 1 gün də olsun ki, hoteldə yaşamamışam. Gələn gündən Prinsetonda Universitetinin balansında olan evdə yaşayıram. Hesab edirəm ki, bu xəbərin birinci hissəsi necə yalandan qaynaqlanırsa, ikinci hissəsi də bir o qədər həqiqət yükünə malikdir. Mən son dəfə Nyu-Yorkda olanda ”Tramp hotel"də 1 gecə yaşamağın qiymətinin 775 dollar olduğunu yazmışdım. Nyu-Yorkda daha bahalı hotellər vardır, onların arasında qiyməti 5-10 min dollara olanlar da var, amma bu o demək deyil ki, onlar barədə informasiya almaq üçün mütləq orda yaşamaq və həmin pulu ödəmək lazımdır. Sadəcə, hoteldən məlumat alıb qiyməti öyrənmək də mümkündür. Mən də "Tramp hotel”də qiymətin maraqla qarşılanacağını nəzərə alıb bu barədə məlumat paylaşmışam. Görünür ki, onlar da "uzaq gedən nəticələr” çıxarıblar".

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan ADR-in sədr müavini Ellada Məmmədli isə bildirib ki, yazılanların hamısı yanlışdır: "Daha doğrusu, qərəzlidir. Əvvəla, Səbayel rayonu üzvləri olduğu kimi yerindədir.  Sadəcə olaraq, avqust ayında Füzuli Vəziroğlu ADR-dən istefa verib və onun da istefası qəbul edilib. Bu, o demək deyil ki, ADR-də istefalar başlayıb. Əgər belədirsə, hansı rayon təşkilatından istefalar var? Məhz Səbayel təşkilatına  istinad edirlərsə, bu, belə deyil. Qeyd etdiyim kimi, üzvlərin hamısı öz yerindədir. Təşkilat qrupu yaradılıb və konfransa hazırlıq gedir. Ona görə də narahat olmasınlar. İdarə Heyəti həmin təşkilatı kifayət qədər gözəl idarə edir. Əgər əsaslı faktlarla müraciət edərlərsə, o zaman sözümüz olmaz. Yoxsa şayiə formasında nə isə bildirmək qərəzdən başqa heç nə deyil. Qubad İbadoğlu heç bir mehmanxanada qalmır. Sadəcə olaraq, o, universitetin özünün yaratdığı şəraitdən bəhrələnir. ABŞ universitetinin onun məruzələrinə ehtiyacı olduğu üçün Qubad bəyi ora dəvət ediblər. Həmin layihə çərçivəsində məruzələrini edib, yenidən Bakıya dönəcək. Həm də sədrin harasa getməsi təşkilatın dağılması anlamını vermir. Bu nə cür yanaşmadır? Qubad İbadoğlunun hara getməsindən asılı olmayaraq o, ADR hərəkatının seçilmiş sədridir. Onun geridə güclü komandası, müavinləri var. Hansılar ki, onun dediklərini icra edirlər. Odur ki, yazılanlar heç bir fakta söykənmir. Fərd olaraq kiminsə adını çəksələr onun haqqında kifayət qədər məlumat verərik”.

E.Məmmədli bildirib ki, ümumiyyətlə, ADR-də Elşən Allahverdiyev adında üzv yoxdur: "Bizdə Elşən Allahverdiyev adında adam olmayıb. Əgər Füzuli Vəziroğlunun əlindəki siyahısında köhnədən qalma kimsə varsa, onun adını ortaya atırsa, bu, başqa şeydir. Ancaq bizim ADR hərəkatının sənədlərində Elşən Allahverdiyev adı yoxdur. Hazırda təşkilatımızın fəaliyyəti irəliləyən xətt üzrə inkişafdadır. Əsasən təşkilatlanma və şəbəkələnmə prosesi gedir. Kütləvi şəkildə olmasa da üzvlərimizin sayı da günbəgün artır. Təbii ki, say tərkibi heç kimi maraqlandırmır. Hərəkatımız, bildiyiniz kimi, rəsmi şəkildə qeydiyyata alınmayıb. Bunun üzərində mübarizə aparırıq ki, ölkədə bütün qanunvericiliyə əsasən bir ictimai təşkilat olaraq qeydiyyata  alınacaq. Çox təəssüf ki, artıq iki instansiyadan keçmişik. Bir nömrəli inzibati məhkəmədən və Apelyasiya Məhkəməsindən rədd cavabı almışıq. Hazırda sənədlərimizi Ali Məhkəməyə hazırlayırıq. Təbii ki, oradan da ”yox" cavabı alacağıqsa, növbəti hüquqi prosesdən keçərək, Avropa Məhkəməsinə müraciət edəcəyik. Hərəkatımız yeni yaranmasına baxmayaraq, tərkibində illərini siyasi proseslərə vermiş fədakar insanlar toplanıb. Bu fədakar insanların hesabına da bizim hərəkat hər kəsin maraq dairəsindədir. İstər iqtidar, istərsə də müxalifət hərəkatı izləyir. Az müddət ərzində biz 20-25 il fəaliyyət göstərən partiyaların görə bilməyəcəyi işləri görmüşük. Bundan sonra da davam edəcəyik. Kimlərsə bizi beyin mərkəzi kimi görür və dağılmağımızı istəyir. Ancaq bu, onların ürəklərində qalacaq. Təşkilat var və fəaliyyətdədir. Gedənə də, gələnə də uğur diləyirik. Biz ictimai təşkilatıq. Belə olduğu halda nə üçün Müsavat Partiyası narahat olur? Müsavat Partiyası bir daha təsdiq edir ki, özünün 60 faizi ADR-də yerləşir. Bundan sonra da çox səy göstərsələr  ADR-dən Müsavat Partiyasına ancaq çör-çöp gedə bilər".

Əli RAİS

Oxşar xəbərlər